Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:51

Serb muzdlu döyüşçü: Rusiyanın Ukraynadakı savaşı yalan, bir də ölüm üzərində qurulub


Görüntüləri vaxtaşırı Telegram-da paylaşılsa da, Rusiya tərəfində vuruşan serblərin sayı barədə dəqiq bilgi yoxdur.
Görüntüləri vaxtaşırı Telegram-da paylaşılsa da, Rusiya tərəfində vuruşan serblərin sayı barədə dəqiq bilgi yoxdur.

Ötən ilin iyununda Draqan bir neçə digər serblə birlikdə Belqradın Nikola Tesla hava limanına gələrkən, onların sənədlərində bir neçə ay bir Rusiya tikinti şirkətində çalışdıqları göstərilirdi.

Gerçəksə bundan çox fərqli idi. Onların hamısı Ukraynada döyüşdükdən sonra vətənə qayıdırdı. Onlar Moskva ətrafında keçilən qısa döyüş təliminin ardınca Rusiyanın "Volki" hücum birliyinin tərkibində döyüşmüşdülər.

Balkanlardan Rusiyanın Ukraynada apardığı savaşın cəbhə xəttinə muzdlu döyüşçü axınını təmin edən bu qrup gizli sistemin mövcudluğunu təsdiqləyən ən son dəlillərdəndir.

Görüntüləri vaxtaşırı Telegram-da paylaşılsa da, Rusiya tərəfində vuruşan serblərin sayı barədə dəqiq bilgi yoxdur. AzadlıqRadiosu rus xidmətinin əməkdaşı Mark Krutovla Balkan xidmətinin əməkdaşları Miloş Katiç və Maya Jivanoviçin hazırladığı materialda deyilir ki, belə könüllülər Qərb jurnalistləri ilə danışmağa meylli deyillər.

Serbiyanın Daxili İşlər və Xarici İşlər nazirlikləri və Güvənlik Kəşfiyyatı Agentliyi (BIA) AzadlıqRadiosunun hazırda münaqişəyə qatılan serb vətəndaşlarının sayına dair sualına cavab verməkdən boyun qaçırıb.

Ancaq AzadlıqRadiosu belə döyüşçülərdən birindən müsahibə ala bilib. Radioya anonimlik şərti ilə danışan, şərti adı "Draqan" olan bu şəxs 2022-2023-cü illərdə səkkiz ay müqaviləli muzdlu döyüşçü olub. Bu müddətin iki ayını təlimdə, altı ayını isə Ukraynada döyüşlərdə keçirib. O, AzadlıqRadiosuna fotoşəkil və sənədlər təqdim edib. Bu sənədlər jurnalistlərə onun söylədiklərini müstəqil və açıq qaynaqlardan yoxlamaq imkanı verib.

Draqanın danışdıqları

Draqanın hekayəsi cinayətkar vasitəçilər, kobud komandirlər və serblərin "qardaşlıq" eşqi ilə Rusiyaya gedib döyüşlərə qatılması haqda müəyyən təsəvvür formalaşdırır. Onun danışdıqlarından Ukraynada vuruşan serblər və digər balkanlılar arasında davamlı ölüm və yaralanma hallarının olduğunu, eləcə də onlara verilən vədlərin yerinə yetirilmədiyini anlamaq mümkündür.

"Onların gözündə insan həyatı Stalin dönəmindəki qədər dəyərlidir. Bu, səfərbər edilən, pulla tutulan, …adi insanların öldürüldüyü nəhəng bir biznesdir", - Draqan AzadlıqRadiosuna belə deyib.

Serbiyanın 2015-ci ildə sərtləşdirdiyi qanuna görə, ölkə vətəndaşlarının xarici müharibələrdə iştirakı cinayətdir və bu əmələ görə 8 ilədək həbs cəzası nəzərdə tutulub. 2022-ci ildən bəri Serbiya prezidenti Aleksandar Vuçiç bununla bağlı dəfələrlə ictimaiyyəti xəbərdar edib.

Üstəlik, Aİ-yə namizəd ölkə olan Serbiya birliyin Rusiyaya qarşı sanksiyalarına qoşulmaqdan yayınıb və Moskva ilə ticarət və diplomatik bağlarını qoruyub saxlayıb. Rəy sorğuları göstərir ki, Serbiyanın 7 milyonluq əhalisinin yarıya qədəri hələ də Rusiyanı ölkələrinin əsas müttəfiqi sayır. Hətta Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin rəmzi olan "Z" işarəsi Serbiyada çox yayğın görüntüdür.

"Volki" nişanı və Ukraynaya göndərilməmişdən əvvəl Alabinoda olan serb könüllülər.
"Volki" nişanı və Ukraynaya göndərilməmişdən əvvəl Alabinoda olan serb könüllülər.

Hər hansı təqib yoxdur

2014-cü ildən bəri Serbiyadakı məhkəmə sənədlərinin təhlili göstərir ki, rəsmi təsdiqi olmasa da, münaqişənin ilk bir neçə ili ərzində yüzlərlə serb Ukraynada döyüşüb. Bununla yanaşı, Ukraynadakı müharibədə iştiraka görə cəmi 37 nəfər, belə iştirakı təşkil etməyə görə isə bircə nəfər məhkum edilib. Cəmi altı nəfərə həbs cəzası kəsilib. Belə məhkəmə işlərinin yalnız biri 2022-ci ildən sonrakı dövrə aiddir. İndi döyüşlərə qatıldığı iddia olunanlarla bağlı hər hansı təqib yoxdur.

Məhkəmə sənədlərinə əsasən, hüquq mühafizə qurumları heç vaxt Draqanı təqib etməyib. O, 2022-ci il noyabrın ortalarında Deyan Beriç adlı başqa bir Serbiya vətəndaşı ilə birlikdə Moskvaya gəlib.

2014-cü ildə Ukraynadakı Rusiya qüvvələrinə qoşulduqdan sonra xaricdə qalan Beriç Ukraynanın işğal altında olan ərazilərindəki separatçılardan "pasport" da alıb. O özünü müharibə jurnalisti kimi qələmə versə də, Serbiya qurumları onun müharibədə iştirakını araşdırıb. Beriç 2014-cü ildən bəri serb döyüşçülərin münaqişədə iştirakını dəstəklədiyini heç vaxt gizlətməyib. Sentyabrın 13-də paylaşdığı son YouTube videosunda o, "Putinin əmri" ilə Rusiya boyu səyahətə çıxacağını iddia edib.

Beriç və Davor Saviçiç adlı bosniyalı serb 2022-ci ildə hücum başlanandan bəri Rusiyanın "Volki" birliyinə bağlı olublar. Onların hər ikisi ötən il Serbiya və Bosniya hökumət qurumları tərəfindən təqib ediləcəkləri riski olsa da, serbləri müharibəyə cəlb etmələri haqda açıq danışıblar. Bu məsələdə "Vaqner" qrupu ilə də əməkdaşlıqlarını gizlətməyiblər.

Draqan ona və digər serb əsgərlərinə qoşulacağına inandırılsa da, Beriçi Ukraynada yalnız iki dəfə reklam videoları çəkərkən görüb.

"Qardaş rus xalqına kömək"

Daha öncə heç bir döyüş təcrübəsi olmayan Draqan "qardaş rus xalqına kömək" perspektivinə və Rusiya pasportu alacağına dair Beriçin vədinə aldandığını deyir. O, Moskvanın "Vnukovo" hava limanına biletini də özü aldığını, oraya Türkiyə yolu ilə uçduğunu söyləyir. Draqan vəd edilən Rusiya pasportunun da üzünü görməyib.

"Məni maaş və pul həvəsləndirməyib", - Draqanın sözləridir

Draqan təlimdə olduğu iki ayın hərəsi üçün 110 min rubl (1215 dollar), döyüşlərdə olduğu altı ayın hərəsi üçünsə bundan iki dəfə çox maaş aldığını deyir. Həmin dövrdə Serbiyanın özündə orta aylıq əməkhaqqı 808 dollar olub.

Alabino poliqonunda serb muzdlularının istifadə etdiyi çadır.
Alabino poliqonunda serb muzdlularının istifadə etdiyi çadır.

Draqan Moskva ətrafındakı Alabino hərbi bazasında 25-dək serbin onunla birlikdə hərbi təlim keçdiyini deyir. Onların arasında Serbiyadan, Bosniya-Herseqovinadakı Serb Respublikasından, Monteneqrodan, Şimali Makedoniyadan olan serblər və hətta Fransadan olan bir etnik serb də varmış. AzadlıqRadiosu bu bilgini müstəqil qaydada dəqiqləşdirə bilməyib.

Draqan QRU (Rusiyanın Baş Hərbi Kəşfiyyat İdarəsi) əməkdaşları kimi tanıdığı Dima və Oleq adlı şəxslərin çadırında özəl hərbi şirkətlə yarımillik müqavilə imzaladığını deyir. Ancaq o bu müqavilənin surətini, yaxud şəklini jurnalistlərə təqdim etməyib: "Müqavilədən onun Rusiya Müdafiə Nazirliyi ilə hər hansı əlaqəsinin olmadığı, "OOO Redut" özəl hərbi şirkət ilə bağlılığı görünürdü".

AzadlıqRadiosunun "Sistema" və "Sxemı" birlikləri daha öncə Rusiyanın Ukraynaya döyüşçü cəlb etmək üçün "Redut" özəl hərbi şirkətindən yararlandığı barədə materiallar hazırlayıb.

20 birlikdən biri

AzadlıqRadiosu ötən ilin oktyabrında "Volki" birliyinin "Redut" nişanı ilə Ukraynada döyüşən, azı, 20 birlikdən biri olduğunu üzə çıxarıb.

Draqan səkkiz aylıq muzdlu döyüşçü təcrübəsi ərzində təxminən 70 serb saydığını deyir. Onun sözlərinə görə, bu serblərin çoxu daha az təlim keçir və döyüşə hazırlıqsız göndərilirdi.

"Biz [tam iki ay] təlim keçilən tək qrup idik. Digərlərinə beş gündən 14 günədək təlim keçirdilər", - Draqanın sözləridir.

Serbiyaya geri dönməzdən öncə Draqana serb sərhəd xidmətinə təqdim etmək üçün Moskvada yerləşən "Monte Qradnja" adlı şirkətdə işləməsinə dair sənəd verilib. AzadlıqRadiosu əməkdaşlarının gördüyü bu sənədin üzərində şirkətin yeganə təsisçisi və baş direktoru Rayko Baçkoviçin imzası və möhürü var.

Bosniyada dövlət qurumlarının Ukraynadakı müharibəyə qatılmasından şübhələndiyi Saviçiç də 2016-cı ildə xaricə səfərindən sonra jurnalistlərə tikintidə çalışdığını demişdi. Ötən il Ukraynada vuruşan bir könüllünün anası da BBC-yə oğlunun tikintidə işlədiyini demişdi.

XS
SM
MD
LG