Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:43

Hizbullah özünə yeni başçı seçir. İsrail Yəməndə husiləri vurur


Livanda Həsən Nəsrullahın xatirəsi yad edilir, 28 sentyabr, 2024-cü il
Livanda Həsən Nəsrullahın xatirəsi yad edilir, 28 sentyabr, 2024-cü il

Livanın Hizbullah terrorçu qruplaşması Haşim Səfiəddini özünün yeni baş katibi seçib. Bu barədə ərəb mediası yazır.

ABŞ Hizbullahı terrorçu qruplaşma sayır. Avropa İttifaqı onun siyasi deyil, yalnız silahlı qanadını bu kateqoriyaya salıb.

Haşim Səfiəddinin 60 yaşı yaşı var, Hizbullahın təsisçilərindən biridir, qruplaşmanın icra komitəsinin rəhbəri idi. Ona Hizbullahın işlərinin idarəçisi deyirlər. Qruplaşmanın başçısı seçilməzdən öncə o, maliyyə məsələləri ilə məşğul olub. Səfiəddin 2017-ci ildən ABŞ-ın axtarış elan etdiyi terrorçular siyahısındadır.

Səfiəddin Hizbullahın qətlə yetirilmiş lideri Həsən Nəsrullahın xalası oğludur. O həmçinin İranın İslam İnqilab Keşikçiləri Korpusunun bölmələrindən birinin keçmiş komandiri Qasım Süleymaninin qudasıdır. Süleymani 2020-ci ilin əvvəlində İraqda ABŞ-ın hava zərbəsi nəticəsində öldürülüb.

“Al Ghad” qruplaşmanın keçmiş və indiki liderlərinin heyrətamiz bənzərliyindən yazır: onların bədən quruluşu, xarici görünüşü, fısıltı ilə danışmalarında oxşarlıq var.

Nəsrullahın yeri necə aşkarlanıb

Həsən Nəsrullah sentyabrın 27-də Beyrut kənarında İsrail aviasiyasının hücumu ilə qətlə yetirilib. “Le Parisien” yazır ki, Nəsrullahın yeri barədə İsrailə qruplaşmanın daxilindəki iranlı agent məlumat verib.

Cihadçı qruplaşmalar, bir sıra ərəb ölkələri, Rusiya Nəsrullahın qətlini pisləyib. Birləşmiş Ştatlar İsraili dəstəkləyib.

Hizbullah həm siyasi partiya, həm də silahlı qruplaşmadır. Hizbullah partiyası Livan parlamentində təmsil olunur.

ABŞ və Aİ-nin terrorçu elan etdiyi HƏMAS radikal qruplaşması ötən il oktyabrın 7-də İsrailə hücum edərək 1200 nəfəri qətlə yetirib. Bundan sonra Hizbullah İsrailin şimal hissəsini daha fəal şəkildə atəşə tutmağa başlayıb. Bəzi yaşayış məntəqələri evakuasiya edilib. İsrailsə buna cavab olaraq Hizbullahın mövqelərinə zərbə endirib.

Münaqişə sentyabrda kəskinləşib, Hizbullah döyüşçülərinin peycer və ratsiyaları partladılıb. Onlarla adam həlak olub, üç minə yaxın şəxs yaralanıb. Qruplaşma cihazlara hücumlara görə İsraili ittiham edib.

Husilərə zərbələr

Son günlər İsrail ordusu İranın dəstəklədiyi silahlı qruplara hücumları genişləndirib. Yəmənin Hudeyda limanına zərbə endirilib. Bu liman Tehranın müttəfiqi husi yaraqlılarının əlindədir. Eləcə də Beyrutun cənubunda və Livanda başqa yerlərdə Hizbullahın istehkamlarına hava zərbələri intensivləşib.

Son zərbələr Yaxın Şərqdə irimiqyaslı müharibə ilə bağlı qlobal liderlər arasında narahatlığı artırıb.

İsrail ordusunun məlumatına görə, Yəməndə husilərin əlində olan elektrik zavodu və neft idxalı və İrandan silah almaq üçün istifadə olunduğu deyilən liman hava zərbələrinin hədəfinə tuş gəlib. İsrail sonuncu dəfə iyulda bu limanı vurub.

Yəməndə 2014-cü ildən vətəndaş müharibəsi gedir. Husi üsyançılar paytaxt Sənanı ələ keçiriblər. Səudiyyənin rəhbərlik etdiyi qüvvələr isə beynəlxalq səviyyədə tanınan hökumətə dəstək veriblər. Nəticədə Ərəbistan yarımadasının cənubunda yerləşən, 40 milyon əhalisi olan ölkədə kütləvi humanitar fəlakət yaşanır.

İsrailin müdafiə naziri Yoav Qallant sentyabrın 29-da deyib ki, İsrail düşmənlərinə məsafədən asılı olmayaraq zərbə endirəcək.

Yəməndəki husi üsyançılar, Livandakı Hizbullah və Qəzzadakı HƏMAS qruplaşmaları İranın regiondakı əlaltıları sayılır. Husilər son bir ildə Fars Körfəzində gəmiləri hədəfə alır, İsrailə raketlər atırlar. Onlar bununla Qəzzada HƏMAS döyüşçülərinə dəstək verdiklərini deyirlər.

“Gerçəkdən bunun qarşısını almalıyıq”

BMT və dünya liderləri əməliyyatların azaldılmasına çağırırlar.

ABŞ prezidenti Co Bayden (Joe Biden) sentyabrın 29-d jurnalistlərə deyib ki, tezliklə İsrailin baş naziri Binyamin Netanyahu ilə danışacaq. Ancaq konkret tarix açıqlamayıb.

Yaxın Şərqdə irimiqyaslı müharibənin qarşısını almaq mümkündürmü sualını o belə cavablandırıb: “Bu edilməlidir. Gerçəkdən bunun qarşısını almalıyıq”.

İran Hizbullah lideri Həsən Nəsrullahın qətlinə cavab veriləcəyini bildirib. Tehran həmçinin İsrailə qarşı savaşan qruplaşmalara dəstəyin davam edəcəyinin siqnalını verib. İran BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini istəyir.

İsrail sentyabrın 29-da Beyruyun cənubunda Hizbullahın istehkamına “dəqiq zərbə” endirdiyini bildirib.

Hizbullah İsrailin hücumları nəticəsində sentyabrın ortasından bəri yeddinci liderinin öldürüldüyünü təsdiqləyib. Nabil Kauk sentyabrın 28-də qətlə yetirilib.

Qruplaşmanın daha bir aparıcı komandiri Əli Karaki isə Nəsrullahı hədəfə alan zərbədə öldürülüb.

XS
SM
MD
LG