Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:51

Miqrantların kütləvi deportasiyası Rusiyada taksi xidmətini çıxmaza salıb


Moskvada taksi sürücülərinin böyük hissəsini Mərkəzi Asiyadan olan miqrantlar təşkil edir.
Moskvada taksi sürücülərinin böyük hissəsini Mərkəzi Asiyadan olan miqrantlar təşkil edir.

Rusiyada miqrantlara qarşı təqiblər üzündən taksi qiymətləri xeyli bahalaşacaq.

Bu sözlərlə Rusiya texnologiya şirkəti "Yandex"in taksi bölümü ötən ay əhaliyə və hökumətə ciddi xəbərdarlıq edib. Çox güman, "Yandex" öz biznes modelinin üzləşdiyi güvənsizlikdən də rahatsızdır. Ötən il qəbul edilən taksi xidmətləri qanununun bu payız qüvvəyə minməsi fonunda bazardakı dəyişikliklər hiss olunmağa başlayıb.

Əcnəbilərin, özəlliklə Orta Asiyadan gələnlərin kütləvi şəkildə ölkəni tərk etməsi artıq Rusiya iqtisadiyyatının bir çox sahəsinə təsirini göstərib. Mart ayında Moskva yaxınlığındakı "Crocus City Hall" konsert salonuna hücumun ardınca hökumət miqrantları təqib etməyə başlayıb.

Reyd və deportasiyaların artması 145 nəfərin ölümü ilə nəticələnən bu hücumun təsiri ilə qızışan yeni miqrant fobiyasından qaynaqlansa da, biznes təmsilçiləri iş bazarının xarici işçilərə kəskin ehtiyac duyduğunu hökumətə xatırladırlar.

Rəsmi rəqəmlərə görə, Rusiya ilin ilk yarısında 100 minə yaxın əcnəbini deportasiya edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 53 faiz daha çox deportasiya deməkdir.

40 mindən çox xarici vətəndaşın Rusiyaya girişinə icazə verilməyib

Bu kampaniyada, əsasən, ortaasiyalılar hədəf alınır. Bunun "Crocus" hücumunda Tacikistan vətəndaşlarının günahkar bilinməsi ilə bağlı olduğu bildirilir.

Qırğızıstan vətəndaşı olan taksi sürücüsü Əli AzadlıqRadiosuna müsahibəsində deyib ki, avtomobil qeydiyyatı qaydalarının pozulması bəhanəsi ilə deportasiyalar Moskvada sürücü sayını kütləvi şəkildə azaldıb.

Üstəlik, problem Dövlət Dumasının bir il öncə qəbul etdiyi və yenicə qüvvəyə minən taksi xidmətləri qanunundan da qaynaqlanır.

Bu qanun taksi sürücüsü çalışmaq istəyən hər kəsə tətbiq edilsə də, ortaasiyalılar qanunun onlara daha çox şamil edildiyini düşünərkən haqlı sayıla bilərlər.

Əlinin fikrincə, yeni sığorta ödəmələrindən tutmuş, maşınların əyalət hökumətlərinin seçdiyi rənglərə uyğunlaşdırılmasınadək bir çox yeni tələb ortaasiyalı miqrantların bu işi kütləvi tərk etməsinə səbəb olur.

"Mən də gələn ay Rusiyanı tərk etməyi planlaşdırıram", - Əli belə deyir.

Rusiyada son 20 ildə baş verən ən ağır hücum sayılan "Crocus" hücumundan sonrakı həftələr və aylar boyunca Rusiyanın 19 bölgəsi miqrantların taksi və digər ictimai xidmət sahələrində çalışmasını yasaqlayıb.

Əcnəbi işçilər Novosibirskdəki miqrasiya xidməti mərkəzində qeydiyyatdan keçirlər.
Əcnəbi işçilər Novosibirskdəki miqrasiya xidməti mərkəzində qeydiyyatdan keçirlər.

Bu qadağalar Qırğızıstandan olanlara şamil edilmir, axı Qırğızıstan Ermənistan, Belarus, Qazaxıstan və Rusiya ilə birlikdə Avrasiya İqtisadi Birliyinin (AİB) üzvüdür.

Ancaq sözügedən qadağalar onları daha öncə işləməyin asan sayıldığı bu sahədə qalmağa çox da həvəsləndirmir.

Tacikistan və Özbəkistandan olan miqrantlara gəlincə…

Taksi sahəsində artan bürokratiya və hətta bu qadağaların qüvvədə olmadığı bölgələrdə də ayrıseçkilik riskinin artması Tacikistan və Özbəkistandan olan miqrantların da taksi xidmətində çalışmasını çətinləşdirir.

Rusiyanın Ukraynada apardığı savaş hərbi sənayedə daha çox gəlir gətirən iş yerləri yaratdığından etnik ruslar taksi xidmətləri sahəsində miqrantları əvəzləməyə tələsmirlər.

"Yandex Taksi"nin hökumətlə bağlantılar şöbəsinin rəhbəri Anton Petrakov sentyabr ayında Vladivostokda keçirilən iqtisadi forumda çox mənfi bir proqnoz səsləndirmişdi. O demişdi ki, Rusiya 130 minədək taksi sürücüsünün çatışmamasından əziyyət çəkəcək.

"Qiymətlər qalxacaq, qiymətlərdəki dəyişiklik ildən-ilə onlarla faiz olacaq", - sözlərini dilə gətirən Petrakov bildirib ki, problem özü-özünə çözülməyəcək.

Petrakovun bu proqnozu artıq gerçəkləşir

Ən azı, Moskvada Petrakovun söylədikləri artıq gerçəyə çevrilir.

"İndi qiymətlər həmişəkindən daha çox artıb. Məsələn, əvvəllər adamları hava limanına 1500-1600 rubla aparırdıqsa, indi səhərlər 2000-2500 rubla aparırıq",- Beksultan adlı bir başqa qırğız taksi sürücüsünün AzadlıqRadiosuna dediyi sözlərdir.

Rusiya parlamentinin deputatları, ən azı, problemin mövcudluğunu qəbul edirlər. Bu üzdən taksi sektorunda səliqə-sahman yaratmaq üçün onlar ötən il qəbul edilmiş qanuna dəyişikliklər barədə danışmağa başlayıblar.

Deputatların hazırda müzakirə etdiyi təkliflərdən biri aqreqatorların (Yandex) aldığı komissiya ödənişlərinə 20 faizlik məhdudiyyət qoymaqdır.

Miqrantların yaşamını yüngülləşdirməksə Rusiya siyasətçiləri arasında, demək olar, heç kimin ağlına gəlmir.

Hətta iyun ayında Rusiyanın 19 bölgəsində tətbiq edilən qadağanın genişləndirilməsi ilə bağlı uğursuz təklif də səsləndirilib. O zaman taksi sürücülərinin qıtlığı indiki qədər kəskin hal almamışdı.

Rusiyada miqrant sürücü
Rusiyada miqrant sürücü

Bir çox avtobus marşrutu bağlanıb

İctimai nəqliyyatda miqrantların azlığı xidmətlərin yavaşıması deməkdir.

"Hətta iri şəhərlərdə belə sürücü çatışmazlığı ucbatından [bir çox] avtobus marşrutu bağlanıb", - Dumanın nəqliyyat komitəsinin üzvü Vitali Yefimov hələ avqust ayında gileylənmişdi.

"[Miqrant əməyini] yasaqlamaq o zaman mümkün və arzulanan olacaq ki, biz bu sahənin miqrantlarsız da yaxşı fəaliyyət göstərdiyini görüb anlayaq", - Yefimovun sözləridir.

Restoran biznesinə gəlincə, burada da problem restoranların bağlanması və yeməklərin bahalaşması deyil, aşpaz və yeməkpaylayan çatışmazlığıdır.

Moskvanın restoran ombudsmanı, "Myaso&Rıba" restoranlar şəbəkəsinin qurucusu Sergey Mironov iyul ayında "Moskovskaya qazeta"ya müsahibəsində belə deyib: "Mən Rusiyanın əmək miqrantlarına ehtiyacı olduğunu, ya da olmadığını demirəm. Ancaq indi restoran sektorunun yetərincə işçisi yoxdur və bu, xidmətin keyfiyyətinə təsir göstərir".

Rusiyada taksi xidmətlərinin durumu pisləşdikcə mediada hətta sovet dövrünün dövlət nəzarətindəki taksoparklarının geri qaytarılması təklifləri səsləndirilir.

Yazını AzadlıqRadiosunun miqrantlar bölümü və Kris Riklton hazırlayıb.

XS
SM
MD
LG