Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:47

Natiq Rəsulzadə "Nəvə" (Hekayə)


- Ola bilməz, - onlardan biri dedi, - mən onu dünən gördüm, yeraltı keçiddən qalxırdı.
- Ola bilməz, - digəri dilləndi, - iki gün qabaq o, mənə zəng vurmuşdu.

* * *

Dünən göy üzü tutulsa da, sulu qar yağsa da, bu gün havada yaz qoxusu vardı, amma onun ovqatı təlxdi, yatmaq, ağlamaq, böyrəyində daş kimi qalıb bərkimiş yetimçiliyini yenidən yaşamaq, ötən günlərinə qayıtmaq istəyirdi. Ancaq bu şəhərin sakinləri qış aylarında havaların qəfil dəyişməsini çox görüblər və elə bu səbəbdən yaz qoxusu bu məkanda hər adamı aldada bilməz.
- Bu gün çox pis havadı, - qızcığaz dilləndi.
- Nə üçün? - O, təəccübləndi, - Günəş doğub, - başını qaldırıb göy üzünə baxdı, - hava da isinib. Bəyəm, bu pisdir?
- Nə deyim, - qızcığaz gülümsədi, - nənəm deyir ki, belə havalar adamı aldadır. Hamı xəstələnəcək.
O, bir xeyli susandan sonra dilləndi:
- Bəyəm, Günəş sənin xoşuna gəlmir?
- Xoşuma gəlir, - qızcığaz cavab verdi.
- Əsas məsələ də elə budur, - o, dedi, - başlıca rəy sənindir.
İndi də qızcığaz susurdu. Bəlkə də onu aydın başa düşmədiyi üçün susurdu. Beləcə bulvar boyu gəzinə- gəzinə bir xeyli dinib - danışmadılar.
Yüngül, ilıq küləkdən ləpələnən dəniz astadan nəfəs alırdı, sanki yazın bu qəfil qoxusunu hürkütməkdən qorxurdu.
- Sabah yenə Günəş doğacaq?
- Bilmirəm, - o, cavab verdi, - yaşayarıq, görərik!
Bu sözün tamamında qızcığaz ucadan güldü. O da uşaqdan gözünü çəkmədən gülümsədi.
- Sən həmişə belə deyirsən, - qızcığaz dilləndi, - nə üçün?
- Adət etmişəm, - o, cavab verdi. - Karuselə minmək istəyirsən?
Qızcığaz başını buladı:
- Yox.
O, təəccüblə soruşdu:
- Demək, karuselə minmək istəmirsən?
- Yox.. - Qızcığaz israrla dilləndi, - Yaxşı olar ki, gəzişək, söhbət eləyək.
- Çox gözəl. Bəs sən nə barədə söhbət etmək istəyirsən?
- Planetyanlar haqqında.
- Bəlkə inoplanetyanlar demək istəyirsən?
- Hə, inoplanetyanlar haqqında. - Və qızcığaz barmağını dənizin içərilərinə doğru uzanan estakadaya tuşladı, - gedək oraya.
O, itaətlə qızı estakada səmtə apardı və çox keçmədi ki, onlar estakadanın sonuna kimi gəlib çıxdılar. Qızcığaz fikirli- fikirli dənizə, o isə qızcığaza baxırdı. Göy üzü qəfildən tutuldu, şimal küləyi başladı, hava soyudu, səmanı qara buludlar aldı və qəfil başlayan yağış elə bil yağış deyildi, qarın, çovğunun xəbərdarlığı idi.

* * *

- Belə şeyə inanmaq da çətindir, - onlardan biri dilləndi, - o, həyatı bütün varlığı ilə sevirdi.
Başqaları da yerbəyerdən dilləndilər:
- Öz ailəsini də həmçinin.
- Nəvəsini də...

* * *

- Sən çox üşümürsən ki? - O, soruşdu.
- Yox, - qızcığaz cavab verdi, - yalnız ayaqlarım üşüyür, özüm yox.
- Gəl səni qucağıma alım.
- Yox,- qızcığaz etirazını bildirdi, - mən artıq böyümüşəm, ağıram. Sənə də ağır şey götürmək olmaz.
- Onu kim deyir?
- Anam. O, deyir ki, sən infaqsan.
Qızcığazın tələffüzündən gələn yanlışlığı düzəltməyi ağlına gətirmədən gülümsündü.
Onlar hələ də sahilboyu gəzişirdilər. Bulvarda adətən günün bu vədəsində seyrəklik olur, yenə də adam azdı, bir qədər dəniz havası udmaq üçün yolunu burdan salıb asta- asta addımlayanlar diqqət çəksə də, buraya hər gün işə gəlirmiş kimi gəlib-gedən bulvar manyakları hər addımda nəzərə çarpırdı.
O, ifrat şeyləri sevmirdi və elə bu səbəbdən dəniz havası almaq üçün bulvara da çıxmırdı, amma macal tapan kimi nəvəsini bu yerdə gəzdirməyə gətirirdi.
- Gedək bir qədər də restoranda oturaq.
Qızcığaz ciddi tərzdə etirazını bildirdi:
- Balacaları restorana buraxmırlar, - dedi.
O, uşağın qayğılı gözlərinə nəzər saldı və qəlbində anlaşılmaz bir duyğu baş qaldırdı; həyəcandan ürəyi az qaldı sinəsindən çıxa; ürəyi elə bil qəfəsə salınmış quş idi, gözlənilmədən azadlığa buraxmışdılar və bu quş, quş dərrakəsilə azadlıqla üz- üzə qalmışdı.
Qızcığazı sakitləşdirmək üçün:
- Buraxarlar, - dedi və istədi ki, onu yerdən qaldırıb bağrına bassın, amma elə o anda da ağlına gəldi ki, bacarmaz, əynindəki şuba ilə onu yerdən qaldırmağa gücü çatmaz. Və bu qənaətə gəldi ki, yox, gərək ehtiyatlı ola, hissə qapılmaya, duyğularını cilovlaya.
Restoranın isti zalına daxil oldular. Açıq dənizdən gələn soyuq havadan sonra restoranın xoş qoxularını da özündə cəmləşdirən isti lap yerinə düşdü. O, qızcığazın şubasını əynindən soyundurandan, papağını başından götürəndən sonra stolun arxasında oturdu. Qız qollarını stolun küncünə qoydu və soruşdu:
- Bu da restoran, indi biz burda neynəyəcəyik?
Uşaq bu sualı elə ciddi tərzdə dilinə gətirdi ki, allah bilir, öz sualına necə mühüm bir cavab gözləyirdi.
Ümumiyyətlə isə, o bir qədər şirin danışırdı, bir neçə səsi aydın tələffüz edə bilmirdi və elə bu səbəbdən də onun sualı bir qədər başqa cür səsləndi:
- Bu da lostolan, indi biz buyda neynəyəcəyik?
Amma o, qızcığazı belə təsvir etmək istəmirdi, çünki bu oxucunun qəlbini ələ almaq üçün daha sadə və primitiv yoldu, o, yüngül və primitiv şeyləri sevmirdi, üstəlik də bu uşağa həddindən ziyadə rəğbət bəsləyirdi, o, əsla razı olmazdı ki, tələffüzünə görə kiminsə ona rəhmi gəlsin. Amma peşəkarlığı onu vadar elədi ki, ətrafdakılara - ələlxüsus da yaxınlara, istəkli insanlara ilk növbədə yazıçı gözüylə baxsın. O, öz aləmində qızcığazın hər addımını, hər bir hərəkətini təsvirə gətirdi. Hər sözünu, hər kəlməsini, özünü böyüklər kimi aparmasını, necə gülümsəməsini, zarafatdan xoşlanmasını, gülüb- şaqqıldamasını, ona öz uşaqlığını xatırlatmasını, deyib-gülən olmasını, zarafata zarafatla cavab verməsini, heç nədən çəkinməməsini yazıya aldı.
O:
- Şəxsən mən bu restoranda sənə tamaşa eləyəcəyəm, - dedi.
- Yox, - qız etirazını bildirdi, - restoranda xörək yeyirlər, koka-kola içirlər. Şəxsən mən yeyəcəyəm.
- Yəni belə acımısan? Nə yemək istərdin ki?
- Şəxsən mən dondurma, - qız qımışa-qımışa dedi və gözlərini onun üzünə zillədi ki, bu sözü necə qarşıladığını gözlərindən oxusun.
- Əgər mən sənə dondurma alıb yedirtsəm, anan məni öldürər.
- Qorxma. Mən ona deyərəm ki, səni öldürməsin.
- İki-üç ay bundan qabaq sənin boğazın gəlmişdi, nəfəs ala bilmirdin, sənə soyuq şey olmaz.
Qızcığaz dillənmədi, ətrafa göz gəzdirə- gəzdirə onun restoran xidmətçisini əl hərəkətilə yanına çağırmasını və xidmətçinin də dərhal onlara yaxınlaşmasını axıracan izlədi.
- Görəsən, isti dondurma olurmu?

* * *

- Nə fərqi, - onlardan biri dilləndi, - bizim hamımızın son mənzili oradı, heç kim bu yoldan sapına bilməz.
- İndi biz, - digəri astadan dedi, - onu mələk kimi qələmə verməyə çalışacağıq, amma o, əsla mələk deyildi, məsələn mən sübut da gətirə bilərəm.
- Sakit, yeri deyil.
- Elə biz də mələk deyilik, hər kəsin bir zəif cəhəti var, onu da bağışlamağı bacarmaq lazımdır.



* * *

Qızcığaz bir ucu ağzında olan elastik borunu stəkana salıb üfürdükcə köpüklənən koka-kolaya baxa- baxa dedi:
- Görürsən mən nəyi bacarıram?
O, fikirli halda başını tərpətdi, öz düşüncələrindən ayrılmadan onu süzdü, fikirləri qarışmışdı, heç özünə də bəlli deyildi ki, onu düşüncələrə qərq edən nədir? Ürəyindən siqaret çəkmək keçsə də, hələlik dözmək qərarına gəldi, uşağın nəfəs aldığı bu zalın havasını korlamaq istəmədi, amma birdən-birə bu niyyəti özünə də gülməli göründü:
- İstəyirsən bunu sənə də öyrədim, - qız dedi, - çətin deyil, aramla üfürürsən..
O, qızın sözünü kəsdi:
- Lazım deyil, çox sağ ol..
Qız onun üzünə baxmadan soruşdu:
- Dondurma yediyimizi anama söyləməyəcəyik, eləmi?
- Yox, söyləməli olacağıq.
- Amma dondurma isti idi, elədirmi? Bu əsl dondurma sayılır, ya yox?
- Bu sualın cavabını anan verəcək.
- Mən daha üşümürəm. Gedək gəzək.
Onlar isti restoranın tamamilə bomboş, müştərisiz zalından təmiz havaya çıxanda o, ləzzətlə siqaret çəkməyə və altdan-altdan qızı süzməyə başladı ki, görsün restoranda keçirdikləri xoş dəqiqələrdən sonra siqaret çəkməsi qızcığaza necə təsir eləyir. Qız qaşqabağını tökməklə onun qəlbindəki bu sualı cavablandırdı, yaşlı adam kimi astadan köks ötürdü, mövcud vəziyyətdə özünün gücsüz olduğunu, əlindən heç nə gəlmədiyini anlatdı, amma heç nə söyləmədi.

O:

- Mən daha az çəkirəm, - dedi, - xeyli az, sən bunu hiss etmisən? Qabaqlar biz buralarda gəzişəndə heç siqaret əlimdən düşmürdü, yadında deyil, amma indi bu birinci siqaretdir ki, çəkirəm.. Elə deyil?
O, sanki bu sözlərlə üzr diləyirdi, amma bu qızın ürəyincə deyildi və ümumiyyətlə, yaşlıların onunla bu sayaq danışması əsla xoşuna gəlmirdi; çünki bu o demək idi ki, yaşlılar da yanlış hərəkətlərə yol verirlər, lazım olmayan şeylər eləyirlər və beləliklə də böyüklərin həmişə haqlı olması haqqında uşaqların valideynlərindən aldığı tərbiyə nəticəsində mənəviyyatlarında yer tapan illüziyanı sındırırlar.
Qızcığaz onun sualına cavab vermədi və onlar bir xeyli beləcə gəzişdilər.
- Bir azdan evə qayıdarıq, - o, dedi, - sən nahar etməlisən.
- Qayıdarıq, - qız cavab verdi, - amma mən hələ yemək istəmirəm.

* * *

- Bəs ona nə olmuşdu? - Onlardan biri dedi, - axı o qədər də yaşlı deyildi..
- Yaşın nə fərqi, - digəri cavab verdi, - ürək yaşa baxmır.. Aşılanıb yeyilir, sıradan çıxır, xüsusən də belə iş şəraitində..
Digəri onun sözünü kəsdi.
- Yalnız belə şəraitində yox, həm də belə insanların arasında, belə dairədə.

* * *

...Və birdən evə dönmək istəyərkən, bir tanış adamla rastlaşdılar.
Bu tanış dərhal onu təntənə, coşqu ilə salamladı:
- Xoş gördük, əziz dostum, aya-günə dönmüsüz, gör bir haçandı görüşmürük, sən hara, bulvar hara? Mən buraya tez-tez gəlirəm. Bəlkə də buralar şəhərimizdə yeganə yerdi ki, nəfəs almaq mümkündür. Amma, - o, güldü, - sizin harda nəfəs almağınızın nə fərqi? Onsuz da siqaret çəkirsiniz. Elə deyil? Ha-ha-ha! Cavanlıqda qiymətini bilmədik, heç olmasa, indi gərək sağlamlığımızın qeydinə qalaq, bu bekara vərdişdən əl çəkək.
Və bu tanış adam nəhayət ki, onun böyründə durmuş uşağa da diqqətini yönəltdi:
- Bəs bu gözəl bala kimdi?
O, cavab verdi:
- Nəvəmdi.
- Nə gözəl! Sənin baba olmağından da mənim xəbərim yox idi. Bəs niyə qaşqabaqlıdı? Yorulub, yoxsa babası onu bezdirib? Ha- ha- ha!
- O, tanımadığı adamları sevmir, - o, cavab verdi, - yadlara uyuşmur.
Qızcığaz bu naməlum, yaşlı kişini sərt, soyuq baxışlarla süzürdü, tamam unutmuşdu ki, yad adamlara belə münasibət bəslədiyinə görə valideynləri onu dəfələrlə məzəmmət eləyiblər və o, bilirdi ki, bu sayaq davranış cəmiyyətdə məqbul sayılmır, amma bununla o, naməlum tanışın zahiri görkəminə bir daha göz gəzdirdi, tikanlı, ikibaşlı sözlərini saf-çürük elədi və bu qənaətə gəldi ki, babasının bu tanışı yaxşı adam deyil, özü də məhz ona görə ki, çərənçidir.
- Deməli, qəşəng oğlan, belə çıxır ki, - naməlum kişi dedi, - biz başqa- başqa adamlarıq, tərsxasiyyətik, hə?
- Mən oğlan deyiləm! - Qız səsini qaldırdı və bir qədər də qaşqabağını salladı. Axı, çərənçiliyi bir yana, bu naməlum kişi həm də onları yoldan eləmişdi.
- Ha- ha- ha! - Babasının tanışı ucadan qəhqəhə çəkdi, - doğrudan da biz başqa- başqa adamlarıq, tərsxasiyyətik, - dedi, - bağışla, qəşəng oğlan!
Naməlum adam üzünü qızcığazın daha bir siqaret yandıran babasına çevirəndən sonra yenə sözünə davam elədi:
- Jurnalda sənin yazını oxudum,- dedi, - sonuncu yazını deyirəm.
Babası gülümsündü:
- Mən istəməzdim ki, o mənim sonuncu yazım olsun, - dedi, - istəməzdim..
- Əlbəttə, bunu mən də istəməzdim, - tanış üzrxahlığını da bu kəlmədə ifadə elədi, - mən sizin yeni povestinizi nəzərdə tuturam.. Cəsarətlə yazırsınız, cəsarətlə. Siz elə, öz aramızdı, həmişə cəsarətlə yazmısınız... Bu gədə- güdələr indi bizi bəyənmirlər, tənqid eləyirlər, ağızlarına çullu dovşan sığışmır, amma onlar bizim kimi Sovet dönəmində, senzuranın at oynatdığı bir zamanda yaşasaydılar, bilərdilər ki..
O, tanışının sözünü kəsdi:
- Amma indiki cavanlar mənim çox xoşuma gəlir, - dedi, - düzdür, hərdən ağını çıxardırlar, emosiyaya qapılırlar, amma onları da başa düşmək lazımdı, bir zamanlar biz də onlar kimi olmuşuq axı.
- Yox, əziz dostum, biz elə olmamışıq, şəxsən mən həmişə yaşlı nəslin hörmətini saxlamışam, öz həmkarlarımın yaşlı nəsli ilə fəxr etmişəm, rəğbət bəsləmişəm, onlar da bir zaman məşhur olublar bizim kimi.. Amma indi mən sizə məsləhət görərdim ki, istiqaməti bir qədər dəyişəsiniz.. Görürsənmi, indi nədən və necə yazmağı anlayan yazıçılar necə pərvazlanıblar, - o, müəmmalı tərzdə qaşlarını dartdı, - bəs siz nədən yazırsınız?
- İnsanlardan, sadə, balaca insanlardan..
- Amma nahaq yerə, bu gün bunun tamam tərsi lazımdır.. Balaca insanlardan yazmaq, - tanış irişdi, başını buladı, - bəyəm, siz Qoqolsunuz? Ya Mirzə Cəlil? Mənim məsləhətimə qulaq as, cavan oğlan, ağlını başına yığ. Balaca adamlardan yazmaq.. - o dübarə irişdi və başını buladı, - indi belə şeylər nəinki alqışlanmır, heç diqqət də çəkmir, amma bu gün siz öz böyük talantınızla elə şeylər yaza bilərsiniz ki, ağ günə çıxarsınız, kasıbçılığın daşını atarsınız.
Qızcığazın bir gözü babasında, bir gözü babasının əsla xoşuna gəlməyən tanışında idi, onların danışığından dəqiq bir şey kəsdirməsə də, diqqətlə qulaq asırdı və ona naməlum olan bu kişi babasına bir daha "cavan oğlan" deyəndə aşkarca sevindi və həmin anda da babasının üzünə baxdı və bic- bic gülümsədi. Və bir xeyli babasından gözünü çəkmədi ki, görsün babası bu sözə öz münasibətini necə bildirəcək, amma birdən- birə babası tanışına arxa çevirib dedi:
- Bağışlayın, nəvəm üşüyür, ona soyuqdu, biz getməliyik..
- Gedin... Gedin, - tanış adam başıyla təzim elədi, - Allah qoysa, görüşərik. Amma mənim dediklərimi unutmayın. Bu dost məsləhətidir! İnanın, parlamaq istəyirsinizsə, yol budur.
Qızcığaz bir xeyli, əynində isti kürk, başında şapka, iri addımlarla, qollarını yelləyə- yelləyə, xoş ovqatla onlardan uzaqlaşmaqda olan tanışın arxasınca baxdı və sonra soruşdu:
- Bə yaxşı əmi deyil?
- Əmi olmağına əmidir, - o, cavab verdi, - elə başqa əmilər kimidi.

* * *

- O, hələ çox şeylər eləyə bilərdi, - onlardan biri dedi, - imkan tapmadı.
- O, onsuz da çox şeylər eləyib, - digəri dilləndi, - indi onu yamsılayırlar. Bu özü də balaca iş deyil.
- Bəli, o, ədəbi məktəb yaradıb,- bir başqası dedi, - ədəbiyyat dərsliklərinə düşəcək.
Digəri səsini qaldırdı:
- O, klassikdi!
- Heyif ki, biz o zaman bunu görmədik, bu barədə danışmadıq.
- Klassiklərin haqqında sağlıqlarında söz açmırlar. Onları qəbul etmirlər.
- Tamamilə düz deyirsən,onları qəbul etmək üçün gərək öldürəsən.
- Bəs onu kim öldürdü?! - Onlardan biri soruşdu, - İndi öyünürsünüz?
Bir başqası astadan pıçıldadı:
- Asta danışın, bizə göz qoyanlar var..
Bayaqdan bəri bu söhbətə qarışmayan da dilləndi:
- Soyuqdu, - dedi,- nə olaydı, bizim millət də xristianlar kimi pominka keçirəydi, indi adama üç yüz qram araq vursaydıq, pis olardı?
Bir başqası isə həmkarlarından birinə sual verdi:
- Sən ehsan məclisinə qayıdacaqsan? Bəs ordan hara gedəcəksən?

* * *

Onlar birinci sırada əyləşib ayılara baxırdılar. Daha doğrusu, ələ öyrəşmiş, tənbəlləşmiş, azadlığın nə olduğunu unutmuş, qonur tükləri yuyulmuş, qarınları doydurulmuş ayılara qızcığaz baxırdı, o isə bir an da olsun gözlərini uşaqdan çəkmirdi, qızın heyrət dolu, məmnun baxışlarını gözünə təpirdi, ürəyinə məlhəm eləyirdi, qız da arabir başını döndərib böyük minnətdarlıq duyğusu, sonsuz bir məhəbbətlə ona baxırdı, axı, qızı bu qeyri-adi əyləncə mərkəzinə - adına sirk deyilən bu məkana o, gətirmişdi. Təlim görmüş ayılar qaçışırdılar, yançaqlarını əsdirə-əsdirə dik dayanıb pəncələrini elə açırdılar ki, sanki təlimçiyə nə üçünsə yalvarırdılar və qız da bu zaman gülməkdən uğunurdu. Ayılardan biri ortalıqda dövrə vurub mayallaq aşandan sonra əylənəndə və gözlərini ona zilləyəndə, başını qaldırıb havanı iyləyəndə, qız da baxışlarını ona yönəltdi, nə isə qeyri-adi bir şey gözləyirmiş kimi içini çəkdi, o isə özündən asılı olmayaraq uşağı qucaqladı, bərk- bərk sinəsinə sıxdı, düzdür, buna heç bir ehtiyac yox idi - gözlərini qıza zilləyən ayı dəmir, tor arakəsmənin arxasında idi, hər halda qızcığazı həyəcanlandırırdı, amma bununla belə qız fikirləşirdi ki, bu tor arakəsməni aradan götürsələr, daha yaxşı olar, o, ayıların məsum simasını, uzunsov çənəsini daha aydın görər. Onsuz da qız tez-tez yerindən qalxırdı və baxışları, gülüşləri ilə öz şadyanalığını ona anladırdı, o, da nəvəsinin məmnunluğunu cavabsız qoymurdu, qəlbindən süzülüb gələn təbəssümlə ona baxırdı, nəvəsinin təbəssümünü şərbət kimi içirdi, onunla nəfəs alırdı, o anlarda hər şeyi sevirdi, hətta bu qonur müftəxorların üzündən də öpməyə hazırdı, axı onun nəvəsini bu anlarda güldürüb-nəşələndirən, nəvəsinə sevinc, səadət bəxş eləyən onlardı.
Onlar sirkdən çıxanda sulu qar yağırdı və dərhal da əriyib toza, torpağa qarışırdı. Qızcığaz isti barmaqları ilə onun əlindən tutmuşdu, təzəcə başa çatmış tamaşanın təsiri altında bir qədər beləcə addımlayandan sonra qız birdən ayaq saxlayıb, sözlü adam kimi ona baxdı. O, qızın üzünə gülümsədi və soruşdu:
- Nə isə demək istəyirsən?
Qız sevinclə içini çəkəndən, dərindən köks ötürəndən sonra sözünü - daha doğrusu, sözünün canını birbaşa dedi:
- Nə yaxşı ki, mənim babam var.
Səadətin isti dalğaları başına vurdu, ürəyi az qaldı sinəsini deşib çıxa. Bəli, o, fikirləşirdi ki, bu səadətdir, səadət elə belə də olmalıdır.
Qızcığaz incik səsdə sözünə davam elədi:
- O ki, qaldı, atama, anama, onlar həmişə işdə olurlar, - dedi, - onları görmürəm..
- Sən nə danışırsan, - o, dedi, - axı, onlar axşamlar evə qayıdırlar.
Və qızcığaz nə üçünsə söhbəti dəyişdi:
- Bu küçə köndələndi, - dedi, - heç xoşuma gəlmir.
Əslində o, özü də baş açmadı ki, ensiz, nahamvar səkili bu köndələn küçəyə necə olub ki, burulublar?
- İstəyirsən, maşınla gedək, - o, dedi və yol ayrıcında dayanmış taksini nişan verdi, - gedəkmi?
Qızcığaz soruşdu:
- Bəs biz hara gedəcəyik?
- Hara istəsən, ora.
- Onda mən bir qədər fikirləşim, - qız dedi, - fikirləşimmi?
- Fikirləş, fikirləş, - o, cavab verdi, - bəs sən yorulmamısan? Üşümürsən?
- Yox, - qızcığaz dilləndi, - özüm yorulmamışam, yalnız ayaqlarım yorulub, özüm üşümürəm, yalnız ayaqlarım üşüyür.
- Onda biz taksiyə minib harasa getməliyik, - dedi, - harasa..
Qız soruşdu:
- Hara?
- Sən hara desən, ora..
- Onda sənin evinə gedək, - qız dedi, - sən də yorulmusan yəqin ki. Evdə mənə kitab oxuyarsan? Necə sözdü?
- Çox gözəl, - o, dedi.
Taksi yerindən tərpənən kimi qız ona qısıldı və o anda ona elə gəldi ki, gücü- qüvvəsi aşıb- daşır, gümrahlaşır, yorğunluğu tamam canından çıxır, bir qədər bayağı səslənsə də, sanki qanadlanır, bəli, məhz qanadlanır; o, çiyinldərində gözə görünməyən qanadları elə bil gördü, hiss elədi və üstəlik də bu qənaətə gəldi ki, bayağılıq daima təkrar olunan adi bir həqiqətdir, sümük kimi bərkimiş həqiqət.
Mənzilə daxil olan kimi, o, birinci növbədə elektrik sobasını işə saldı, çünki şəhərin mərkəzindəki bu köhnə tikili mərkəzi istilik sisteminə qoşulmamışdı, daha doğrusu, qoşulmuşdu, amma onbeş ildi ki, işləmirdi, bu səbəbdən də bir qayda olaraq qış aylarında mətbəxdəki qaz piltəsinin iki gözünü yandırırdı və bu yolla da xırda mənzilini bir təhər qızdırırdı.
- Sən hələ şubanı soyunma, - qızcığaza dedi, - bir az gözlə, bura çox soyuqdu.
- Yaxşı, soyunmaram, - qız itaətlə dilləndi və bu mənzilin ortasında balaca bir yolka ağacına bənzədi, o isə otaqda sağa- sola vurnuxurdu, haranısa silirdi. Sonra çaydanı doldurub qazın üstünə qoydu, çaynikə çay atdı və soyuducudan pendir, kolbasa çıxardıb stolun üstünə düzdü və soruşdu:
- Bir şey yeyəkmi?
Qız bu sualı cavablandırmamış telefon səsləndi. O, mətbəxdə bu səsi apaydın eşitsə də, otağa keçib dəstəyi götürməyə tələsmirdi, çünki yaxşı heç nə gözləmirdi, daha doğrusu, daha yaxşı heç nə gözləmirdi, çünki daha yaxşı nə ola bilərdisə, onun yanında, onun qarşısında idi - bu, nəvəsi idi, səbirlə şubasını soyunmağa hazırlaşan nəvəsi:
Qız dilləndi:
- Telefondu.. eşitmirsiz?
- Eşidirəm, - o, cavab verdi və ağır- ağır telefona yaxınlaşdı.
Zəng vuran qızı imiş.
- Sənin anandı, - nəvəsinə dedi, - daha şubanı soyuna bilərsən, otaq isinib, keç içəri, mən də indi gəlirəm.
Qızcığaz həvəslə şubasını əynindən çıxardıb, özünü divanın üstünə atdı və divanın mütəkkəsinə dirsəklənib kitablarla, jurnallarla, qəzetlərlə doldurulmuş rəflərə maraqla tamaşa etməyə başladı. Babasının mənzilindəki tör-töküntü, qarmaqarı­şıqlıq həmişə xoşuna gəlmişdi - çünki burada səliqə-sahman yaratmağa ehtiyac yoxdu, o, burda hardan, hara istəsə tullana bilərdi, bu mənzilə gəlib çıxanda elə belə də eləyirdi.
O, dəstəyi ağzına yaxınlaşdırıb astadan:
- Biz indicə evə çatmışıq, - dedi, - indicə..
Dəstəkdən qızının səsi gəldi:
- Sən ki, bilirsən, ay ata, biz yalnız bazar günləri onu görə bilirik. Yaxşı olar ki, gəlib onunla bizdə oturasınız, sənin üçün nə fərqi? Üstəlik də onun yemək vaxtıdır. Əminəm ki, sən ona dondurma almamısan?
O, çaşqın halda cavab verdi:
- Almışam.
- Nə danışırsan, ay ata, - qızının səsindəki inciklik, məyusluq dərhal ovqatını dəyişdi, - sən də özünü lap uşaq kimi aparırsan, bir-birinizə tay gələrsiz. Hər ehtimala qarşı ona bir şey ver qarqara eləsin. Səndə yəqin ki, furatsilin var?
- Olmalıdır, baxaram indicə. Sən qorxub eləmə. Allaha şükür, o, tamam sağlamdır. Haçansa angina olub, boğazı gəlib, o da çəkilib, indi belə çıxır ki, o, ömür boyu dondurma yeməməlidir?
- Yetər, ay ata, - qızının səsindəki soyuqluq onu üşütdü, - biz sizi gözləyirik, tez olun, gəlin. Qızın boğazını qarqara eləmək də yadından çıxmasın!
Qızı dəstəyi yerə qoyduğu üçün o, daha artıq söz deyə bilmədi.
Araya çökən sükutu qızcığaz pozdu:
- Hə, nə oldu? Səni danladılar?
- Bir az, azacıq, - o, dedi, - sən qarqara etməlisən.
- İstəmirəm.
- İstəmirsən? Mən səndən başqa cavab da gözləmirdim. Dur geyin, anan bizi gözləyir.
- Bəs kitab oxumursan mənə?
- Kitabı götürək. Sizdə oxuyaram, qulaq asarsan.
- Amma mən istəyirəm ki, sənə burda qulaq asım.
- İndi bu mümkün deyil, nə etmək olar.
Qızcığaz dərindən köks ötürüb divandan dikəldi və:
- Nə yaxşı ki, gəlib burda bir az dincəldik, - dedi.
O, qızcığazı nəvazişlə süzəndən sonra:
- Nə etmək olar, - dedi - hər şeyin bir sonu olur, yaxşının da, pisin də.
Qızcığaz susurdu, babasının dilindən çıxan son kəlməni qəlbində araşdırdıqca kədərlənir, məyus olurdu. O isə nəvəsinin şubasını geyindirə- geyindirə fikirləşirdi ki, bu gözəl günün təkrarolunmaz anlarını necə qələmə alacaq, bu gözəl dəqiqələri necə təsvirə gətirəcək, ilk cümləni necə yazacaq? Necə yazacaq ki, dərhal oxucunu ələ alsın, oxucu hekayədən ayrıla bilməsin? O, fikirləşirdi ki, hər şey ilk cümlədən asılıdır, əgər ilk ifadə onu tutsa, oxucunu da məftun eləyəcək.
O, pərişan-pəjmürdə halda qızın papağını başına qoydu və elə o anda da qız başını qaldırıb amansız bir baxışla ona nəzər saldı və ciddi tərzdə soruşdu:
- Babacan, bəs sən ölməyəcəksən?
Və qızcığaz nəfəs dərmədən babasının cavabını gözləməyə başladı. O da nəfəs dərmədən nəvəsinin cavabını verdi:
- Yox, - dedi və onun cavabını sonsuz bir həyəcanla gözləyən nəvəsinə baxa-baxa, bir qədər ara verib sözünün ardını gətirdi, - mən ölməyəcəyəm.

Rus dilindən tərcümə edən:
Məmməd

"Azərbaycan" jurnalı
XS
SM
MD
LG