Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:22

Televiziyalardakı əks təbliğat kimə işləyir?


Azerbaijan -- opposition protests in downtown Baku - 12Mar2011
Azerbaijan -- opposition protests in downtown Baku - 12Mar2011

HƏFTƏSONU MİTİNQ GÖZLƏNİLİR


Bir neçə müxalif partiya və vətəndaş cəmiyyəti təmsilçilərinin yaratdığı İctimai Palata şəhərin mərkəzində aksiya keçirməyi planlaşdırır. Bakı şəhər İcra Hakimiyyəti icazə verməsə, İctimai Palata bu qərarında israr edə bilər.

Bu arada AzTV - dövlət televiziyası anti- mitinq təbliğatına start verib. Az qala hər gün mitinq əleyhinə süjetlər, sorğular verilir. Məsələn, belə süjetlərin birində müxbir deyir:
«Azərbaycan gəncliyi 90-cı illərin əvvəlində onların tabutu üzərində hakimiyyətə gəlmiş və ölkəni yarıtmaz fəaliyyəti ilə fəlakətə sürükləmiş müxalifəti tanıyır. Müxalifətin hər aksiyası bizə daha çox yaxın keçmişi xatırladır».

«XAHİŞ EDİRƏM ORTALIĞI QARIŞDIRMASINLAR»

Bundan sonra məcburi köçkün Əsli Məmmədovanın fikirləri gəlir:

«İndiki dövlətdən mən çox razıyam. Heydər Əliyev qoyduğu yolla İlham Əliyev gedir. Azərbaycanı yaxşı qurublar. Xahiş edirəm ortalığı qarışdırmasınlar. Bu bir. Mən ana kimi bütün analara tapşırıram ki, cavanları yoldan çıxaranlara imkan verməsinlər. Bir də qan tökülməsin, bir də Azərbaycan dağılmasın. Görürsən sel-su dünyanı götürüb gedir, təbiətin də acığı tutur. Azərbaycan oğlanları bir də belə canfəşanlıq etsələr bəlkə Allahın bizə bir də acığı tutar?»

TURAN İBRAHİMOV: «YAĞ-BAL İÇİNDƏ YAŞASALAR DA...»

«Facebook»da «İlham Əliyev ilə sabitliyə və inkişafa dəstək» qrupunun təşkilatçısı Turan İbrahimov isə bu təbliğatı lazımlı sayır. Müxalifətin mitinq keçirmək, etirazını ifadə etmək haqqını tanısa da.

«İstənilən ölkədə hər şey yaxşı olsa belə, insanlar yağla-balın, azadlıqlar içində yaşasalar belə onlarda narazı olmaq fitrəti var. Bilirsiz, manipulyasiya vasitəsilə, qəzetlər, radio-televiziya vasitəsilə təbliğat apara-apara insanları yönəltmək olar. Onları öz başlarına problem açmağa yönəltmək olar və bu gün bunu edirlər. Təbii ki, bunun qarşısına fikirlər qoyulmalıdır. Bu olmalıdır. Yəni insanları xoş olmayan istiqamətə yönəltməsinlər deyə. Mütləq lazımdır».

ƏKS TƏBLİĞAT KİMƏ İŞLƏYİR?


«Bu təbliğatda təzə heç nə yoxdur. Ənənəvi təbliğatdır»

İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn AzTV-nin təbliğatını belə dəyərləndirir.

«Cəmiyyətdə müəyyən dəyişikliklər, islahatlar üçün situasiya yetişibsə, adətən bu cür əks təbliğat əks effekt verir. Ona görə mən çətinlik çəkirəm deyim, bu əks təbliğat konkret onu aparanların məqsədlərinə işləyir, yoxsa bizim mitinqin daha geniş təbliğatına».

Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılı da Pənah Hüseyn kimi düşünür. O istisna etmir ki, bu cür təbliğat hökumətdən narazıların mitinqdə iştirakını artıra bilər.

«HAKİMİYYƏT NARAHATDIR»


«Azərbaycan hakimiyyəti daim bəyan edirdi ki, müxalifətin elektoratı yoxdur və ciddi aksiyalar keçirə bilməz. İndi Konstitusiyanı və qanunları pozaraq kütləvi aksiyalar keçirməyə icazə vermədikləri bir yana qalsın, aksiyalara qarşı kampaniya aparırlar. Bu da hakimiyyətin narahatlığından irəli gəlir».

«DEMOKRATİYADIRSA...»


Bu tərəflərin dediyi. Adi vətəndaş nə deyir bəs?

30 yaşlı Orxan Əliyev deyir ki, müxalifətin mitinq keçirməsinə pis baxır.
- İlham Əliyevi əvəz edəcək adam tanımıram. Şükr Allaha kim bacarıqlıdırsa, iş də tapır. O biri ölkələrə baxanda Azərbaycanda yaxşıdır.

Tələbə Tariyel Babayev də mitinqə getməyəcəyini deyir.

- Mənə mitinq də lazım deyil, müxalifət də. Allaha şükr işləyirəm də. İslahatlar da gedir. Korrupsiya yavaş-yavaş aradan qaldırılır.

- Dövlət televiziyalarında həmin mitinqlərin əleyhinə anti- təbliğat aparılmasına necə baxırsız?

- Demokratiyadır. Fikir azadlığı olmalıdır. Buna söz yox. Kiməsə qadağa qoymağa, mane olmağa ehtiyac yoxdur.

Burda bir əlavə edim ki, rəyini öyrəndiklərimin çoxu kütləvi etiraz aksiyalarına, müxalifətə fərqli yanaşsalar da, bir məqam da eyni fikirdədirlər. Mitinqlərə, nümayişlərə qadağa qoyulmamalıdır. Dərhal da əlavə edirlər: «demokratiyadırsa...»

Bu üzdən əksəriyyət mitinq əleyhinə təbliğata da yaxşı baxmır. Məsələn, təqaüdçü Dadaş Cəbrayılov kimi.

- Azadlıqdır, demokratiyadır. Kimin fikri var deyə bilər. Əleyhinə çıxmaq olmaz. Soruşmaq lazımdır nə istəyirlər. Ziyalılarımız var, onların fikrini öyrənmək lazımdır. Bu həm də həmin cavanlara cavab olar...

Məlahət xalasa əksinə mitinq əleyhinə kampaniyanı dəstəkləyir.

- Dövlətin apardığı kampaniya ilə razıyam. Görürsüz müsəlman ölkələrində nə olur?

Dəyişikliyi əlbəttə mən də istəyərdim. Amma bilsəydim ki, olacaq. İndisə heç olmasa sakit yaşayırıq.

Hidayət Quliyevsə Məlahət xaladan fərqli düşünür:

- Demokratiyadırsa, mitinqlərin keçirilməsinə icazə verilməlidir.

İctimai Palata isə planlaşdırılan aksiyasında islahatlar və yeni seçki tələbini gündəliyə gətirməyi düşünür.
XS
SM
MD
LG