Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:37

Gürcüstanda kənd təsərrüfatının vəziyyəti


«ƏGƏR BİZ KƏND TƏSƏRRÜFATINI GENİŞLƏNDİRMƏSƏK»

İqtisadi böhran və artan inflyasiya fonunda gürcü ekspertləri hesab edirlər ki, dövlət təhlükəsizliyi konsepsiyasının əsas elementləri kənd təsərrüfatının inkişafı və ölkəni yerli məhsullarla təmin etməkdir. Ölkə prezidenti Mixail Saakaşvili də bu fikirdədir. Onun son çıxışlarında bu təklif tez-tez səslənir:

«Əgər biz kənd təsərrüfatını genişləndirməsək, bu sahəyə pul qoymasaq, artan turizm şəraitində kəndlərimiz mənfəət əldə etməyəcək. Hətta özümüzü də saxlaya bilməyəcəyik. Hələ bu il gözlənilən 3 milyon turisti, onların ölkəyə gətirəcəyi pulları demirəm. Pulların bir hissəsi mehmanxana və xidmətə, böyük hissəsi isə ərzaq aldığımız qonşu dövlətlərdən birinə keçəcək».

Son 20 ildə kənd təsərrüfatının iqtisadi əhəmiyyəti xeyli azalıb. Bunu statistik göstəricilər də təsdiqləyir: 1990-cı ildə kənd təsərrüfatının payı ümumi daxili məhsulda 30 % idisə, bu gün cəmi 8,3%-dir. Bununla belə, əgər 20 il əvvəl əmək qabiliyyətli əhalinin 25%-i kənd təsərrüfatı ilə məşğul olurdusa, hazırda 47 faiz bu sahənin payına düşür.

Gürcüstanın lazımi qədər kənd təsərrüfatı məhsulu istehsal etməməsini aqrar bazarı gəzdikcə də müşahidə etmək olar. Tbilisi bazarlarından birində tərəvəz satıcısından soruşanda ki, sizdə yerli, gürcü mal hansılardır?

Cavab verir:
- Gürcü ərzağı? Demək olar ki, heç nə.

11 FAİZLİK İNFLYASİYA


Qlobal iqtisadi böhran və ölkədəki 11%-lik inflyasiya nəzərə alınarsa ötən ay kənd təsərrüfatı nazirliyində prezident Mixail Saakaşvili belə bir bəyanat verib:

Hökumət aqrar hökumətə çevrilməlidir, nəinki sizin nazirlik... Bu, Gürcüstanın aqrar hökuməti olmalıdır və öz vətəndaşlarını hər gün dolandıran və Gürcüstana - onun adına qoyulan mənanı qaytarmalıdır.

Mixail Saakaşvili qeyd edib ki, yunanca «Gürcüstan» əkinçi ölkəsi deməkdir.

KƏND TƏSƏRRÜFATININ DİRÇƏLMƏSİ ÜÇÜN 160 MİLYON DOLLAR TƏLƏB OLUNUR

Ölkədə kənd təsərrüfatının inkişafı üçün dövlət və ekspert konsepsiyası yaradılır. Kənd təsərrüfatının inkişafı konsepsiyasının müəlliflərindən biri Gürcüstan elmlər akademiyasının müxbir üzvü Avtandil Koraxaşvilidir. Konsepsiyaya görə, vəziyyəti dəyişmək üçün hökumətin icraedici və qanunverici qolları müvafiq qanunları qəbul etməklə, investisiya və yüksək texnologiyanı cəlb etməklə səylərini artırmalıdır.

Avtandil Koraxaşvilinin dediyinə görə, son il bu istiqamətdə əhəmiyyətli işlər görülüb. O cümlədən kənd təsərrüfatının maliyyələşməsi 20 milyondan 80 milyona artıb. Ancaq konsepsiya müəllifinin sözlərinə görə, inkişaf üçün daha çox vəsait lazımdır.

«Gürcüstanın kənd təsərrüfatının dirçəlməsi üçün 160 milyon dollar tələb olunur. 44 milyon kəsirdir, ancaq hökumət kənd təsərrüfatına yardım edəcəyinə söz verib... Konsepsiyaya bu vəsait «donorların yardımı» kimi daxil edilib».

SUBSİDİYA YAXŞI HEÇ NƏ VƏD ETMİR

Libertarian nəzəriyyəsinin tərəfdarları, ekspertlər subsidiyanın düzgün yol olmadığını hesab edirlər. «Gürcüstanın yeni iqtisadi məktəb»inin vitse-prezidenti, iqtisadçı ekspert Qiya Candieri deyir ki, subsidiya yaxşı heç nə vəd etmir, çünki subsidiya təsis edildikdən sonra onu ləğv etmək mümkün olmayacaq və arzulanan nəticə verməyəcək:

«Çoxları hesab edir ki, aqrar sektor biznes deyil. Onu sadəcə biznesə deyil, ənənəvi və mədəni ideyalara daxil edirlər. Son 20 ildə bu sahədə həyata keçirilən islahatlar çoxlarının fikrincə məhz bu ideyalara xidmət edib. Bir çox siyasi lider deyir ki, kənd təsərrüfatı xüsusi rol oynayır və bu istiqamətdə nəticə gözləyirlər».

NÖVBƏTİ İLLƏRİN ƏSAS PRİORİTETİ

Martın 23-də hökumət həftəsi çərçivəsində kənd təsərrüfatı naziri Bakur Kvezereli bildirib ki, növbəti illərin əsas prioriteti məhsuldarlığın artırılması, infrastrukturun bütün bölmələrinin təkmilləşdirilməsi olacaq:

«Mexanikləşdirmə, aqreqatlar, traktor və kombaynlar – ölkədə hələ də defisitdir. Onları gətirmək və fermerləri müasir avadanlıqlarla təmin etmək lazımdır. Belə ki, yalnız son illər müasir texnika Gürcüstana daxil olmağa başlayıb. Təəssüflər olsun ki, ötən illərdə bu proses həyata keçirilməyib».

TEXNİKA PROBLEMİ...

Texnikanın problem olduğunu Axalçixi rayonunda yaşayan kəndlilər də təsdiqləyir. Bir tərəfdən texnikanın çatışmazlığı, digər tərəfdən yanacağın qiyməti problem olaraq qalır:

«Suvarma kanallarını düzəltmək lazımdır, kənddə böyük problemlər var, insanların ehtiyacı var, torpağın becərilməsi üçün yanacaq almağa pul yoxdur».

«Traktorlara ehtiyac var, yanacağın qiyməti çox bahadır. Saakaşvilinin traktorları yaxşıdır, özəllərlə müqayisədə ucuz şumlayırlar. Ancaq sayları azdır və bizə çatmır. İş başlayandan yarım il sonra növbəmiz çatır».

HÖKÜMƏTİN QARĞIDALI İSTEHSALI PROQRAMI


Gürcüstan hökuməti qarğıdalı istehsalı proqramına da başlayır. Martın 23-də parlamentdə çıxış edən kənd təsərrüfatı naziri bildirib ki, bu il qarğıdalının məhsuldarlığı 410 min ton olacaq. Bu isə ötən illə müqayisədə 110 min ton çoxdur. Bu, idxalın 25 faizini əvəzləyəcək və ilk dəfə olaraq ixrac etməyə də imkan verəcək.

Kənd təsərrüfatı naziri həmçinin bildirib ki, 2012-ci ilə kimi ölkədə buğdaya olan tələbatın 35%-i yerli istehsal hesabına ödəniləcək.

Qeyd olunduğu kimi bu il kənd təsərrüfatı Gürcüstan hökumətinin əsas prioritet sahəsi olacaq.
XS
SM
MD
LG