Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:52

Cəlil Məmmədquluzadə. Kamança


-

Faciә, bir pәrdәdә

MӘCLİSDӘ OLANLAR

1. Q ә h r ә m a n y ü z b a ş ı.

2. Q a r a ş.

3. H ә s ә n ә l i.

4. Ә z i z.

5. Q a s ı m ә l i.

6. N o v r u z.

7. Z e y n ә b.

8. İ m r a n.

9. K a m a n ç a ç ı B a x ş ı (e r m ә n i).


Qarabağda, dağın әtәyindә, kәndin kәnarında, ağacların dibindә, çәmәndә, axşama bir az qalmış, atlı dәstәsi sәrkәrdәsi Q ә h r ә m a n y ü z b a ş ı bir daşa söykәnib, qıçlarını uzadıb, fikirli oturubdur. Bir tәrәfdә bunun yasovulu Q a r a ş, qabağında yәhәr vә әlindә iynә-biz yәhәr tikir. Bir tәrәfdә yoldaşlardan H ә s ә n ә l i çörәk-pendir hazırlayır vә düzür Q ә h r ә m a n yüzbaşının qabağına. Qeyri yoldaşlardan Ә z i z vә Q a s ı m ә l i od yandırırlar. Bir neçәsi kәnarda oturub çörәk dürmәyi yeyir. Yenә bir neçә nәfәr, kimi tüfәngә patron qoyub boşaldır, hamısı qәmәli vә patrondaşlı; bircә Q ә h r ә m a n yüzbaşı patrondaşını çıxardıb qoyub qabağına. Kәnarda ağaca bir neçә tüfәng söykәnib. Bunlardan savayı yoldaşlarından biri arpa xәlbirlәyir, biri tüfәngini gәtirib söykәyir ağaca, biri tüfәngi götürüb aparır. Yavuqdan at kişnәmәsi dә eşidilir. Uzaqdan tәk bir güllә sәsi gәlir.

Q a r a ş. Hәsәnәli, tez ol, Qәhrәman yüzbaşı sәhәrdәn acdı.

Q ә h r ә m a n y ü z b a ş ı. Balam, Qaraş, vallah heç iştahım yoxdu.

H ә s ә n ә l i. Qәhrәman yüzbaşı. Bir mәnә bax gör nә deyirәm: sәn ağır-arxayın çörәyini ye, üstündәn dә çay dәmlәyim, kefincә iç, arxayın bu gözәl çәmәndә yat; mәn dә kişi kimi sәnә söz verirәm ki, sübh işıqlanan kimi ermәnilәri Qazançıdan çıxardım.

Q a r a ş (Hәsәnәliyә). Mәn ölüm, Hәsәnәli, yekә-yekә danışma! Hәyә sәn kişi idin, binәva Suleymanbәyә vaxtında patron yetirә idin, darda qalmayaydı; üç-dörd ermәniyә әsir düşmәyәydi. Mәn, nәyә deyirsәn, and içim (bizi vә iynәni çırpır yerә) ki, Sülaymanbәyin dә, yoldaşlarının da güdaza getmәyi sәn kimi bişüur yoldaşların bәrәkәtindәndir....

H ә s ә n ә l i (Qaraşa acıqlı). Әdә, Qaraş, vallah sәn qudurubsan! Sәn heç özün dә bilmirsәn ki, nә danışırsan! Mәn Süleymanbәyә....

Q ә h r ә m a n y ü z b a ş ı (danışığı kәsir vә hövsәlәsiz). Allah xatirinә bu bihudә danışıqları boşlayın. İidi daha iş-işdәi keçib; yәni heç Hәsәnәlinin dә burada günahı yoxdu. Nә qәdәr başıdaşlı Süleymanbәyә çığırdım ki, dәyirmana girmәyin. Mәn bilirdim ki, orada ermәni var. Yәni olmasaydı da, Süleymanbәygil oradan salamat qurtara bilmәyәcәkdilәr. Mәgәr yadınızdan çıxıb ki, haman dәyirmanda bildir ermәnilәr on iki adamımızı yandırdılar? Mәn bilirdim ki, ora xatalı yerdi.

Ә z i z (Qaraşa). A balam, Qaraş, doğru deyiblәr ki, uzaqdan döyüş hasan gәlәr. Hәlә bir de görüm Hәsәnәli başına nә daş sala idi? Deyirsәn Süleymanbәyә patron yetirә bilmәdi; amma sәn bilirsәnmi Hәsәnәli özü nә gündә idi? Hәsәnәli bu gün Xumarıdan Qazançıya kimi ermәnilәrin iki sәngәrini alıb, neçә ermәni öldürüb, atalarını yandırıb. Niyә, davanın hamısını Hәsәnәliyә tutdurmuyublar ki?...

Q ı s ı m ә l i (Әzizә). Hәlә sәn onu deyirsәn, bu gün mәn....

Q ә h r ә m a n y ü z b a ş ı (bir qәdәr dikәlib hövsәlәsiz). A kişi siz allah, siz peyğәmbәr, bu güftgunu [1] boşlayın. İndi hәr nә olub, keçib; qoyun bir saat qulağımız dincәlsin görәk.

[1] Söhbәti.

H ә s ә n ә l i (guya öz-özünә yavaşca). Yәni, allaha şükür, bir şey ki, olmuyub. Genә necә olmuş olsa, ermәnilәrin atalarına od vurmuşuq.

Q ә h r ә m a n y ü z b a ş ı (birdәn dikәlib, ucadan hirs ilә Hәsәnәliyә). Necә od vurmuşuq? Niyә boş-boş danışırsan? Biz onların hәyә beş-on dığa-mığasını öldürmüşük, bәs Nәcәfqulu kimi igidi bir dә haradan tapacağıq? Şirzadı haradan tapacağıq? Misirxanı neçә ermәniyә dәyişmәk olar? Bu nә boş-boş tәskinlikdi özünüzә verirsiniz?

Hәmin söhbәtdә yoldaşlardan N o v r u z adlı, әlindә xәlbir, arpa xәlbirlәmәkdә idi; kәnarda bir qaraltı görüb, әlini qoyur alnına, diqqәtlә uzağa baxır vә bir qәdәr baxandan sonra deyir:

N o v r u z. Әziz, Әziz, bir gәl sәn dә diqqәtlә bax gör o qaraltıları seçәrsәn, ya yox; mәn onları adama oxşadıram.

Ә z i z (gedib Novruzun yanında durub, diqqәtlә haman tәrәfә baxır). Bax, birisi özünü verdi qayanın dalına.

N o v r u z. Sәn ölәsәn, Әziz, ermәnidilәr. Onlar yәqin bizi gördülәr. Bax, o birisi dә keçdi daşın dalına.

Hәsәnәli vә Qaraş da durub diqqәt ilә haman tәrәfә baxırlar.

N o v r u z. Sәn ölәsәn, Әziz, bunlar ermәnidilәr.

Bu sözlәri decәk Novruz cәld tüfәngini salır çiyninә cilovu ağacın budağından çәkib, qaçır atlansın. Ә z i z dә buna baxıb haman cür elәyir. Bunlardan savayı yoldaşlardan yenә i k i n ә f ә r cilovları götürüb qaçırlar. Q ә h r ә m a n y ü z b a ş ı da vә qeyrilәri ayağa durub, haman tәrәfә diqqәt ilә baxırlar.

Q ә h r ә m a n y ü z b a ş ı (әlini qoyub alnına). Әdә, cәld tәrpәşin! (Çığırır). Әziz! Atı döy, sәnin atın qıvraqdı....

Q a r a ş (ucadan). Çaparaq, çaparaq! (Alçaqdan). Qorxuram çata bilmәyәlәr. (Bir az sakit olub) Aha, qoçaq Novruz deyәsәn tutacaq. Aha, Әziz dә haqladı. Zalım oğlunun atının qabağından bir kәs qurtara bilmәz....

Q ә h r ә m a n y ü z b a ş ı. Hey, he.... Yox, biri deyәsәn qaçıb әldәn çıxdı. Amma Qazançıdan bir-iki ermәni görsәndi.... Әdә, qorxuram uşaqları vuralar.

Çox uzaqdan tüfәng atılır.

Q ә h r ә m a n y ü z b a ş ı. Yox, biri qaçdı. Odu, özünü soxdu Qazançının bağlarına....

Q a r aş. Aha, deyәsәn birini tutdular.

Q a s ı m ә l i. Tutublar. Yәqin ki, yaralanıbdı; yoxsa bu da qaça bilәrdi.

Q ә h r ә m a n y ü z b a ş ı. Amma qorxuram öldürәlәr. Yaxşı olardı diri gәtirәydilәr; danışdırandan sonra öldürәydik. Әdә, İmran, tez atıl atın üstә, çaparaqla. Deginәn әgәr ermәnidirsә, diri gәtirsinlәr.

İmran tüfәngi götürüb yox olur, bir qәdәr baxırlar.

Q a s ı m ә l i. Deyәsәn gәlirlәr.

Q a r a ş. Gәlirlәr. Hәr kәsdisә, tutub gәtirirlәr.

Q ә h r ә m a n y ü z b a ş ı. Gәlirlәr (gәlib oturur qabaqkı yerindә).

Q a s ı m ә l i. Gәtirsinlәr görәk kimdi....

Q a r a ş. Hamısı piyada gәlir....

Q ә h r ә m a n y ü z b a ş ı. Qaraş, bunlar hәr kәsdisә, nabәlәd adama oxşuyurlar. Bunlar ya gәrәk Saybalıdan gәlәlәr, ya da Çeşmәbasardan. O yerlәrә dә ki, ermәni indi öz ayağı ilә gedib çıxmaz. (Bir qәdәr sakit baxırlar).

Q a r a ş (çölә baxa-baxa). Budu, Әziz çaparaq gәlir; görәk nә xәbәr gәtirir....

Ә z i z (sevincәk cәld atdan tullanıb, üzünü yüzbaşıya tutur). İkisi dә Qazançı ermәnilәri imiş. Amma birinin әcәli tamam deyilmiş. Zalım oğlu dovşan kimi qaçdı, özünü soxdu Qazançının bağlarına; amma yoldaşını tutduq.... Budu, uşaqlar gәtirirlәr. Yüzbaşı, vallah, bunu da tuta bilmәyәcәkdik, çünki mәnzil çox uzaqdı. Bu çünki axsaqdı, qaça bilmәdi.

Q ә h r ә m a n y ü z b a ş ı. Biz elә xәyal elәdik ki, güllә dәyib.

Ә z i z. Yox, güllә dәymәyib, anadan doğma axsaqdı. (Atını çәkib bağlayır budaqların birinә). Budu, gәldilәr....

N o v r u z vә İ m r a n bir axsaq ermәnini qabaqlarına salıb, gәtirirlәr yüzbaşının qabağına. Qalan yoldaşlar atları yerbәyer elәyirlәr. Ermәni, yәni k a m a n ç a ç ı B a x ş ı, sağ әlindә örtük içindә kamança, yüzbaşıya ikiqat baş әyib, qorxa-qorxa sağına-soluna baxır.

Q ә h r ә m a n y ü z b a ş ı (yoldaşlara). Amma balam, deyәsәn ovunuz bir ov deyilmiş. (Baxşıya) Adә, ermәni, sәn hansı kәtdisәn?

B a x ş ı (titrәyә-titrәyә). Ağa, mәn qazançılı Baxşıyam. (O tәrәfә-bu tәrәfә baxır).

Q ә h r ә m a n y ü z b a ş ı. Yoldaşın kim idi? Haradan gәlirdiniz?

B a x ş ı. Ay ağa, yoldaşım qazançılı tar çalan Qriqor idi. Çeşmәbasardan gәlirdik; Zülfüqarbәyin oğlunun toyunda çalırdıq.

Q ә h r ә m a n y ü z b a ş ı. Çox әcәb, çox әcәb. Siz gedin müsәlmanların toyunda plov yeyin, axmaq müsәlmanların pullarını doldurun cibinizә, Qazançı ermәnilәri dә gecә xәlvәtcә tökülsünlәr müsәlman kәndlәrini yandırsınlar. A balam, bәsdi, hәya elәyin! Balam, bu iki cüt bir tәk qorxaq ermәnilәr, bilmirәm, vallah, bizdәn nә istәyirlәr? Dünәn Qazançı ermәnilәri bizim Sarvanlardan dörd nәfәr elә bir igid oğlanlar öldürüblәr ki, dörd yüz sәnin kim çolaq ermәni öldürsәk, genә әvәzi çıxmaz....

B a x ş ı (titrәyir). Ağa, din haqqı xәbәrim yoxdu. Allah (әllәrini göyә qalxızır) bais mәrdimazarın evini yıxsın! (ağlayır).

Q a r a ş. Hә, ağlarsan, ağlarsan! Bәs niyә ağlamırsan?! İndi ağlarsan. Bilirsәn ki, bu saat başını qoyun başı kimi kәsәcәyik. İndi, bax, qorxundan yoluq cücәyә oxşuyursan. Amma, vallah, fürsәt tapsan, sәn dә haman müsәlman qanına yeriklәyәn ermәnilәrin birisәn.

B a x ş ı (titrәyir). Nә deyim, a qardaş.

Q ә h r ә m a n y ü z b a ş ı. Adә, ermәni, Vartan indi hardadı? Bilirsәn hansı Vartanı deyirәm? O ki, bizim Şirzadı apardı, öldürdü, o namәrdi deyirәm; bilirsәn hardadı? Yәni bilsәn dә, doğrusunu ki, demәyәcәksәn.

B a x ş ı (titrәyir). Vallah, bilmirәm.

Q ә h r ә m a n y ü z b a ş ı. Eybi yoxdu. İndi o şişlәri qızardıb sәni dağlayanda deyәrsәn doğrusunu....

Zeynәb arvad mәrәkә ilә ağlaya-ağlaya özünü salır ortalığa vә Baxşının üstә hücum çәkib, onun üz-gözünü başlayır cırmaqlamağa.

Z e y n ә b. Budu Qazançı ermәnisi? Sәnsәn? Sәnsәn? Bu saat sәni mәn tikә-parça elәyәcәyәm? Öz әlimnәn sәni doğrayacağam, qiymә-qiymә elәyәcәyәm! Hanı mәnim oğlum?! Hanı mәnim pәhlivan Şiralı oğlum?! Niyә onu öldürdünüz? Bax, bax! (Cırmaqlayır vә sonra qaçıb Qaraşın belindәn qәmәni çәkib, qalxızır Baxşının üstә). Vurum? Vurum? Vurum?

(Bu halәtdә dayanıb durur).

Baxşı yanını yerә vurub, sağ әlindәki kamançanı gizlәdib, sol әlini tutub qәmәnin qabağına.

Q ә h r ә m a n y ü z b a ş ı (Zeynәbә). A rәhmәtliyin qızı, sәn dә burada bizi mәәttәl elәmә! Arvadsan, get arvadlığına! (Cәld gәlib istәyir qәmәni Zeynәbdәn alsın, bu da vermir vә dartınıb çәkilir kәnara. Yüzbaşı öz qәmәsini çәkib, qalxızır Baxşının üstә vә üzünü tutur Zeynәbә).... Qәmәni elә işlәtmәzlәr, bax belә işlәdәrlәr!

Z e y n ә b cәld gәlir durur yüzbaşı ilә B a x ş ı n ı n arasında. Q a r a ş yavuq gәlib, Zeynәbi itәlәyir. Әziz gәlib tәpiyi ilә arvadın dalından vurub yıxır yerә vә qeyri yoldaşlar arvadı çәkib salırlar kәnara. O da ağlaya-ağlaya uzaqlaşır. Bu arada Baxşı kamançanı uzadır N o v r u z a tәrәf.

B a x ş ı. Novruz ğardaş, sәni and verirәm bizi yaradan allaha. Mәn ölәndәn sonra bu kamançanı bir kәsә vermә. Ara sakit olandan sonra, zәhmәt çәkib bizim Muğuş balanı tapasan, bu kamançanı verәsәn Muğuş balama. Ğurban sәnә, Novruz, Qazançıda kamançaçı Baxşı oğlu Muğuşa verәsәn.

Qaraş acıqlı gedib, cәld kamançanı dartır vә yuxarı qalxızıb, istәyir çırpsın yerә. Baxşı iki әllәrini yuxarı qalxızıb yalvarır.

B a x ş ı. Ğurban sәnә, ğardaş, bir azca dayan, mәn ölәndәn sonra kamançanı sındır ki, gözüm görmәsin.

Q ә h r ә m a n y ü z b a ş ı. Buna bax, sәn allah, bu ermәninin damağına bax; bir tikә ağac qırığını istәmәyinә bax!

Ә z i z. Amma, Qәhrәman yüzbaşı, indi ki, söz düşdü, qoy deyim. Sәn ermәnini qınama. Bu zalım oğlu, bilirsәn, kamançanı necә çalır? Keçәn il Әbdülәligilin toyunda.... (Baxşıya). Әdә, orda çalan sәn deyildin?

B a x ş ı. Hә, ğardaş, mәn idim....

Ә z i z. And olsun allaha, dad-bidad elәyirdi.

Q ә h r ә m a n y ü z b a ş ı (Әzizә). Doğrudan?

Ә z i z. And olsun sәnin başına, necә ki, deyirәm, elәdi.

Q ә h r ә m a n y ü z b a ş ı (Kamançanı götürür әlinә başlayır örtüyünü açmağa). Doğrudan, görәk bu necә şeydi. (Örtüyü çıxardır, atır yerә, başlayır kamançanın o tәrәfinә-bu tәrәfinә baxmağa. Yoldaşlardan da bir parası gәlib baxırlar). Hey, ermәni, bu nә bir şeydi ki, bu qәdәr istәyirsәn?...

Baxşı әllәrini göyә qalxızıb, yalvaran halәtdә qalır.

Q ә h r ә m a n y ü z b a ş ı (kamançanı uzadır Baxşıya). A balam, yazıqsan, barı bir dәfә dә çal.

Baxşı cәld durur ayağa, kamançanı alır, çәkilib oturur dizi üstә, cibindәn tikirtkә çıxarıb kәmanәni çәkir tikirtkәyә, qırılmış simlәrin birini tez düyünlәyir, simlәri yoxlayır, köklәyir, üzünü Qazançı kәndinә tәrәf tutub, ah çәkir vә ermәnicә deyir: "Ax sireli Muğuş bala". Sonra bir-bir adamların üzünә baxıb, başlayır çox hәvәslә Rast havasını çalmağa. Rastdan Şikәsteyi-farsa keçәndә Q ә h r ә m a n y ü z b a ş ı gözü ermәnidә vә qulağı kamançada, durduğu yerdә yavaşca oturur vә Baxşı çaldıqca qәmәni yavaş-yavaş, guya özündәn bixәbәr, soxur belindәki qınına vә qulaq asmaqda olur. Adamlar hamısı sükutdadır. Baxşı çalmağını tamam elәyib, qorxan vә müntәzir halәtdә baxır Yüzbaşının üzünә.

Q ә h r ә m a n y ü z b a ş ı. A balam, ermәni, bir de görüm bizdәn nә istәyirsiniz? (Baxşı tәәccüblü baxır vә bir söz demir. Qәhrәman yüzbaşı acıqlı vә bir az ucadan). Sәnnәn söz soruşuram ey, niyә dinmirsәn? Kar deyilsәn ki! Bir de görüm, bizdәn niyә әl götürmürsünüz?

B a x ş ı (qorxa-qorxa). Ay ağa, allah haqqı, mәn heç nә elәmәmişәm.

Q ә h r ә m a n y ü z b a ş ı (acıqlı vә ucadan). Hә, elәmәmisәn! Vallahı, dünyada nә qәdәr canım sağdı, hansı biriniz әlimә keçsәniz, tikә-tikә doğrayacağam! Sizin gәrәk toxumunuzu yer üzündәn kәsәm!

B a x ş ı. Ay ağa, axı mәn nә elәmişәm?

Q ә h r ә m a n y ü z b a ş ı (acıqlı üzünü yoldaşlarına tutub, bir az alçaqdan. Allahu әkbәr!) Dәli şeytan deyir (qәmәsini qınından çәkir, qalxır ayağa vә üzünü yoldaşlarına tutub deyir). Yәni siz elә güman elәyirsiniz ki, mәn bu çolaq ermәnini öldürmәknәn hirsim soyuyacaq? Soyumayacaq! (Bir qәdәr ermәniyә tәrәf baxır, dinmir). Hәlә buna bax, sәn allah! Dünyada bir haramzadalıq qalmadı ki, öyrәnmәmiş olsunlar. Şeytana papaq tikirlәr. Bu çolaq da kәmәnçәni bağrına basıb, gör nә әmәllәrdәn çıxır. Haramzada elә çalır ki, keçәn günlәri gәtirir qoyur adamın qabağına. Allahü әkbәr! (Qaraşa). Qaraş, bir papiros yandır.

Qaraş papiros çıxardıb yandırır, verir yüzbaşıya. Bu heyndә B a x ş ı kamançanı köklәyir vә başlayır Segah-zabil havasını çalmağa. Bir qәdәr qulaq asandan sonra. Q ә h r ә m a n y ü z b a ş ı durduğu yerdә yenә yavaşca oturur vә Baxşı çaldıqca yüzbaşı yavaş-yavaş, guya özündәn bixәbәr, qәmәni soxur belindәki qınına vә huş-guş ilә qulaq asmaqdadır. Adamlar hamısı sukutdadır.

Q ә h r ә m a n y ü z b a ş ı (Qaraşa). Qaraş, sәn ölәsәn biçarә Heydәr gәlib durub gözümün qabağında. Ax, vay!... (Yüzbaşı bu sözlәri deyәndә Baxşı çox alçaqdan çalır. Adamların çoxu da ah çәkir. Yenә Baxşı şövq ilә çalmaqdadır. Yüzbaşı gözü Baxşıda gahdan bir dillәnir), Bax, belә! ... elәcә! ... әcәb! ... afәrin! ... elәcә! ... elәcә! ... (vә axırda yüzbaşı birdәn durur ayağa, qәmәsini qınından çıxardır vә acıqlı, ucadan Baxşıya deyir). Adә, ermәni, tez kәmәnçәni yığışdır, itil get burdan! Yoxsa atanın goru haqqı, bu yoldaşlarımın başına and olsun, bu qәmәynәn bu saat sәni dә öldürәrәm, özümü dә öldürәrәm! (Çığırır). Çıx get!

B a x ş ı (qorxa-qorxa) Ay ağa, hara gedim?

Q ә h r ә m a n y ü z b a ş ı (çığırır). Cәhәnnәmә get! Evinә!

Baxşı qorxa-qorxa baxır adamların üzünә kamançanı vә örtüyünü götürür, tez çıxır gedir. Hamı sakit, öz fikirli halәtindә qalır. Qәhrәman yüzbaşı haman durduğu yerindә durub, dinmәz-söylәmәz baxır Baxşı gedәn tәrәfә. Bir qәdәr dә baxandan sonra qәmәsini tullayır yerә vә guya öz-özünә deyir:

Q ә h r ә m a n y ü z b a ş ı. Eh, namәrd dünya!...

Yanvar, 1920.
Şuşa qalasında.

XS
SM
MD
LG