Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:52

Fərdi sahibkar avtobusları xətdən niyə çıxarılır?


Azərbaycanda şəhərlərarası sərnişin daşınması üçün aprelin 2-dən yeni avtobuslar xətlərə buraxılır. Əvəzində isə köhnələri xətlərdən çıxarılır. Amma 20 ildir Bakı-Lənkəran xətti üzrə avtobus işlədən sahibkar Feyruz Əliyev deyir ki, köhnə adı ilə xətlərdən çıxarılan avtobuslar əslində yenidir və fərdi sahibkarlara məxsusdur;

AVRO-1, AVRO-2 STANDARTLI AVTOBUSLAR

«Uzun müddətdir mən Bakı-Lənkaran-Astara reysi üzrə avtobuslar işlədirəm. Özü də mənim maşınlarım standartlara cavab verən Avro 1, Avro 2 maşınlardır. Bir neçə gündür yeni avtobusları dalbadal bizim qabağımızdan xətlərə buraxırdılar. Bu gün də gəlmişəm ki, bizim xəttə başqa avtobus salıblar. Öz avtobusumuzun da axşam avtovağzalın dayanacağında şüşəsini sındırıblar. Mən yenə deyirəm, mənim avtobuslarım yeni tipli maşınlardır».

«MƏQSƏD BU SAHƏNİ TAM İNHİSARLAŞDIRMAQDIR»

Feyruz Əliyev kimi Bakı şəhərlərarası və Beynəlxalq Avtovağzal Kompleksində avtobus işlədən digər sahibkarlar da iddia edirlər ki, məqsəd bu yolla sərnişindaşıma sahəsini tam inhisara almaqdır.

Başqa bir sahibkar Aqil Yusubov deyir ki, avtobus almaq üçün bankdan kredit götürüb:

Sahibkar Aqil Yusubov
«MƏCBURAM PREZİDENT APARATININ QARŞISINDA YA ÖZÜMÜ, YA DA AVTOBUSU YANDIRAM»


«Müqayisə edin görün bizim maşınlar o biri maşınlardan əskikdirsə, biz razı, işləmirik. Mənim hazırda 70 min manat banka borcum var. Hansı pulla mən bu borcumu ödəməliyəm? Məcburam ki, Prezident Aparatının qabağında ya maşınımı yandıram, ya da özümü. Sahibkaram, mən bu ölkədə işləyə bilmirəm. Deyirlər ki, sənin maşının yaramır, niyə yaramır, demirlər».

«İŞLƏMƏYƏ İMKAN VERMİRLƏR»

«Bizim maşınlarda sərnişinlərə hər cür xidmət göstərilir. Sərinləşdirici içkilər üçün soyuducu, kofeüyüdən var. Standarta uyğun maşındır, hər cür şəraiti var. Amma ki, bizi işləməyə qoymurlar».

Sahibkar Feyruz Əliyev onu da deyir ki, 2010-cu ilin 5 ulduzlu avtobusuna sərnişin daşınması üçün 5 aydır lisenziya ala bilmir.

Yeni xəttə buraxılan, əsasən ağ rəngli avtobuslar Nəqliyyat Nazirliyinin sifarişi ilə alınıb. Türkiyə istehsalı olan yeni avtobuslar martın 10-11-də Azadlıq meydanında nümayiş olunub.

«MAQNA TRANS» ŞİRKƏTİNİN AVTOBUSLARI

Nəqliyyat Nazirliyində ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənovun verdiyi məlumata görə, yeni xəttə buraxılan avtobuslar özəl «Maqna Trans» Şirkəti tərəfindən gətirilib. Türkiyə istehsalı olan 52 ədəd avtobus şəhərlərarası və rayonlararası sərnişin daşınması üçün nəzərdə tutulub.

«Həmin avtobuslar xəttə buraxıldığına görə, o sahibkarlar xətdən uzaqlaşdırılır, onlarla icarə müqaviləsinə xitam verilib. Özü də o avtobuslar həmin sahibkarların, daşıyıcıların adına deyil, başqasından icarəyə götürüb, işlədirlər. Ona görə də həmin xətlərə yeni avtobuslar buraxılır ki, sonradan problem yaranmasın».

NAZİRLİYƏ TABE OLMAYAN SAHİBKARLARIN AQİBƏTİ

Nəqliyyatçıların Hüquqi Problemlərinin Həllinə Yardım İctimai Birliyinin sədri Məzahir Rüstəmov hesab edir ki, Nəqliyyat Nazirliyinin inhisarında olan bütün sahələrdə olduğu kimi sərnişindaşımada da onların «tələblərinə» əməl etməyən sahibkarlar iflic vəziyyətə salınır:

«Bu sahə artıq inhisara alınıb. Bu inhisarlaşma Nəqliyyat Nazirliyinin tam nəzarəti altında həyata keçirilir. Kimlərsə bu nəzarəti qəbul etmirsə, onlara boyun əymirsə, azad sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyirsə, qarşılarına «tələblər» qoyulur. Bu qanunsuz tələblər işçilərin əmək hüququnu, sahibkarların sahibkarlıq hüququnu, sərnişinlərin isə istehlakçı hüquqlarını pozur».

Məzahir Rüstəmov deyir ki, hər dəfə sahibkarlar hüquqlarının bərpası ilə bağlı yuxarı qurumlara müraciət etsələr də, müraciətləri yenidən Nəqliyyat Nazirliyinə göndərilib.
XS
SM
MD
LG