Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:50

Üzeyir Hacıbəyov. Boşboğazlar


Bir az da öz işimizdәn, daha doğrusu, öz içimizdәn danışaq.... Adam qәzeti әlinә alıb açanda, müharibәdәn başqa bir şey görmür.

Hәrçәnd bu halda, lap qızıq bir şey varsa, o da yenә elә müharibә xәbәrlәridir, amma yenә dә öz işimizi vә öz içimizi yaddan çıxartmayaq.

Götürәk, mәsәlәn, bizim boşboğazlarımızı vә buradan bir haşiyә çıxaq.

Bu halda Avropa adamlarının hansı biri ilә danışıq elәsәn vә hansı mәsәlәyә әl vursan, baxib görәrsәn ki, bu adamın hәr bir mәsәlәdә bir müәyyәn nәzәri vardır. Amma bizlәrdә belә deyil.

Mәsәlәn, Kәrbәlayı Әliquluya deyirsәn ki, Kәrbәlayı Әliqulu, qatıq ağdır, Kәrbәlayı Әliqulu deyir ki, doğrudur, ağdır. Bir dә görürsәn ki, boşboğazlarımızdan biri çıxdı vә dedi: "Xeyr, qatıq qaradır vә onun ağlığı da mәhz qaralığındadır". Kәrbәlayı Әliqulu razı olub deyir ki, doğrudur, qatıq qaradır. Sonra bir ayrı boşboğaz çıxıb Kәrbәlayı Әliqulunu inandırır ki, qatıq qırmızıdır. Kәrbәlayı Әliqulu inanır.... Deyirlәr sarıdır, inanır, yaşıldır, inanır. Qәrәz, Kәrbәlayı Әliqulu olur bir yaş çubuq, hara әyirsәn ora әyilir.

Bu nәdәn belә olur? Nә üçün Kәrbәlayı Әliqulu ora-bura әyilir?

Bu ondan ötrü olur ki, Kәrbәlayı Әliqulunun qatığın ağlığı barәsindә nәzәri müәyyәn, etiqadı dürüst vә imanı kamil deyildir. Kәrbәlayı Әliqulu qatığın rәngindәn bixәbәrdir, odur ki, hәr kәs hәr nә deyir, ona qulaq asır vә axırdan axıra yenә bilmir ki, qatıq nә rәngdәdir.

Әlbәttә, Kәrbәlayı Әliquludan murad ümum camaatımızdır vә qatıqdan da murad camaat işlәrimizdir.

Bәli, insanın gәrәk [....] hәr bir barәdә dürüst bir etiqadı olsun. Amma bәşәrtiha vә bәşürutiha. Etiqadı yaxşısına olsun, pis şeyә olmasın. Mәsәlәn, demәsin ki, mәnim etiqadıma görә oxuyub yazmaq haramdır vә ya zәrәrdir. Әksinә, etiqad etsin ki, elm vә mәrifәt әn vacib şeylәrin böyüyüdür vә hәrgah boşboğazın birisi desә ki, oxuyub yazmaq pis şeydir, cavab versin ki, xeyr, boş danışırsan.

Boşboğaz kimdir?

Boşboğaz camaat işlәrinә zәrәr vuran bir para bimәni vücudlardır ki, özlәrinin әllәrindәn heç bir şey gәlmir, bişüurdurlar, bivecdirlәr vә bununla belә hәsuddurlar, xain vә xasirdirlәr.

Sәnәtlәri nәdir?

Onu pislәmәk, bunu pislәmәk, bacarıqlı adamları söymәk, iş görәnlәrә zәrәr yetirmәk, fitnә salmaq. Camaatımızın, yәni yaxşı ilә pis barәsindә dürüst etiqadı olan camaatımızın borcu odur ki, haman müzürr boşboğazları tapıb, ağızlarını açan kimi ağızlarından vursun, yol vermәsin, qudurtmasın vә bu yolla onların bazarını kasad edib, meydandan çıxartsın, qovsun.... Amma bunun üçün yaxşıya vә yamana etiqad lazımdır ki, boşboğazların fikri haman dәm aşkar olsun....
XS
SM
MD
LG