Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:54

Üzeyir bəy Hacıbəyli. Bir oxucu ilə söhbət


-- Yox, filankәs, xoşuma gәlmir.

-- Nә xoşuna gәlmir?

-- Qәzetiniz.

-- Nә üçün?

-- Çünki neinteresnidir.

-- Harası neinteresnidir?

-- Eh, әvvәllәrdә yenә Mixaylovskinin oğlunun dava xәbәrlәrindәn interesni şeylәr yazırdınız, amma indi nә yazırsınız? Mәbus Cәfәrovun istatyası. Özü dә üç gün bir-birinin dalısınca. Nә olsun?! Onun yazısından kim lәzzәt aparsın? Vә bir dә bunu tәk mәn demirәm, bir çox adamlar deyirlәr.

-- Cәfәrovun istatyasından lәzzәt aparıb-aparmayanları bilmirәm, amma Cәfәrovun istatyasını oxuyanda sәnin vә sәnin kimi bir çoxlarının әhvalına ağlayanları vә gülәnlәri yaxşı bilirәm.

-- Necә? Nә olub ki?!

-- Rәhmәtlik oğlu, sәnin öz seçdiyin mәbus Cәfәrov sәnә şikayәt elәyir ki, dumada onu adam yerinә qoyan yoxdur. Müsәlmanların ehtiyaclarına vә mәnafeyinә duma kimi bir yerdә mәhәlgüzar olan yoxdur. Otuz milyonluq müsәlman millәtini "millәt" deyib tanıyan yoxdur, sәn dә deyirsәn ki, Cәfәrovun istatyası neinteresnidir. Sәn gәrәk onu oxuyanda bütün hissiyyatın pәrişan ola (hәrgah hissiyyatın varsa), ruhun inciyә (hәrgah ruhun varsa), qәlbin yana (hәrgah qәlbin varsa), ürәyin xarab ola (hәrgah ürәyin varsa), başın ağrıya (hәrgah başın varsa). Dumada özlәrinә hürriyyәtpәrәst ad qoymuş olan kadetlәr yәhudilәrin, polyakların, ermәnilәrin ehtiyaclarını iqrar edib, rәf vә dәfi üçün çalışırlar. Amma müsәlmanlara gәlәndә onları tanımaq da istәmәyib, quru kağızdan ibarәt olan ehtiyacnamәlәrinә dә qol qoymurlar. Vә blok qayırarkәn sәnin mәbus seçdiyin vәkili heç içlәrinә dә buraxmırlar. Vә o da sәnә bu barәdә şikayәt elәyir, sәndәn kömәk umur....

Bu әhvalat vә bu şikayәt sәnә heç bir әsәr elәmәdiyi bәs deyil, sәn hәlә kişinin istatyasına da neinteresni deyib Mixaylovskinin dava xәbәrini axtarırsan. Vә tapmayıb da hәlә bir qәzeti pislәyirsәn ki, neinteresnidir. Qәzetimiz nә qәdәr neinteresni olsa da, sәnin kimi bir oxucunun, qәzetinin ancaq dava xәbәrlәrindәn lәzzәt aparmağa hünәri ola bilәn bir başla müsәlman qәzetinin interesni vә ya neinteresniliyindәn dәm vurmağının özü, hәqiqәt, neinteresnidir.
XS
SM
MD
LG