Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:29

İctimai Palata mübarizədən vaz keçmir


İctimai Palata növbəti etiraz aksiyasını aprelin 16-da keçirməyi planlaşdırır. Amma aprelin 9-da qurumun sessiyasında bu məsələ bir daha dəqiqləşdiriləcək. İctimai Palata həm də 2 aprel mitinqinə görə tutulanların müdafiə komitəsini yaradıb. Komitəyə qoşulmaq üçün isə siyahı açıqdır.

Bütün bunlar bir neçə partiyanın, QHT-nin və ziyalının təsis etdiyi İctimai Palatanın aprelin 4-də keçirdiyi mətbuat konfransında bildirildi.

AXCP sədri Əli Kərimli dedi ki, həbs olunanların taleyi onları narahat edir və onların müdafiəsi üçün bütün resurslardan istifadə edəcəklər.

2 aprel aksiyasını qiymətləndirən Əli Kərimli repressiv addımlara baxmayaraq, aksiyanın baş tutduğunu dedi:

«DEYİRDİLƏR Kİ, MÜXALİFƏT ZƏİFDİR»


«Bu aksiyaların qarşısını almaq üçün həbslər olmuşdu, güc strukturları səfərbər olmuşdu. Deyirdilər ki, müxalifət zəifdir, ölkədə stabillik var, amma hüquq-mühafizə orqanlarının minlərlə əməkdaşı etiraz aksiyalarının qarşısını ala bilmədi. Bizim kütləvi etirazlarımız Bakının 3 rayonunu əhatə elədi».

Əli Kərimli bildirdi ki, hakimiyyətin təxribatçı qruplarının fəaliyyəti nəticəsində ictimai qaydanın pozulması görüntüsü yaradılıb. Onlarda bunu sübut edən foto-video materiallar var.

«MÜBARİZƏNİN TEMPİNİ AŞAĞI SALMAQ OLMAZ»


Müsavat Partiyasının başqanı İsa Qəmbər isə aksiya iştirakçılarına işgəncələrin saxlanan andan-yəni avtobusa, maşına mindirilən andan başladığını dedi:

«Uzun illərdən sonra ilk dəfədir ki, həbs olunanları, saxlananları nəqliyyat vasitələrində, polis bölmələrində işgəncələrə məruz qoyublar. Hakimiyyət düşünür ki, bu cür addımlarla aksiyaların qabağını almaq olar. Bu, xam xəyaldır».

İsa Qəmbər dedi ki, saxlanan, həbs olunan aksiya iştirakçılarının onlara belə bir mesajı gəlib:

«Deyirlər ki, mübarizənin tempini aşağı salmaq olmaz. Növbəti tədbiri tez keçirmək lazımdır. Ümumi əhval budur».

Müsavat başqanı hakimiyyətdən tələb etdi ki, açılan cinayət işlərinə son qoysun, siyasi məhbuslar azadlığa buraxsın.

«GÖZÜMÜZÜN QABAĞINDA ZORAKILIQLAR BAŞ VERDİ»

İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov isə inzibati qaydada həbs olunanların saxlanma məntəqəsinə baş çəkdiyini bildirir. O, AzadlıqRadiosuna deyib ki, məntəqədə saxlanan 24 müxalifət nümayəndəsindən yalnız beş-altı nəfər polis bölməsində onlarla qeyri-insani davranılmasından şikayət edib:

Elçin Behbudov
«Əsas şikayət məhkəmə qərarlarından idi, saxlanma şəraitlərindən narazılıqları yox idi».

Elçin Behbudov deyir ki, onun xahişi əsasında məntəqə rəhbərliyi təcili tibbi yardım çağırıb və arzu edənlərin səhhəti yoxlanıb. İcazə verilməyən aksiyada polisin davranışının da monitorinqini aparıblar:

«Gözümüzün qabağında zorakılıqlar baş verdi. Hətta mən polislərə yanaşıb xahiş elədim ki, qadınlara qarşı bu cür zorakı davranmasınlar. Bu halları pisləyirəm».

Elçin Behbudov deyir ki, müşahidələri və saxlananlara polis bölmələrində zor tətbiq edilməsi barədə məlumatları Daxili İşlər naziri Ramil Usubovun nəzərinə çatdıracaq.

«SİZ GÖRDÜNÜZMÜ, LONDONDA ANARXİSTLƏRİN AKSİYASININ QARŞISINI POLİS NECƏ ALDI?»

Aprelin 2-si YAP funksioneri Mübariz Qurbanlı AzadlıqRadiosuna aksiya iştirakçılarına qarşı heç bir zorakılıq olmadığını bildirib:

Mübariz Qurbanlı
«Heç bir zorakılıq yoxdur. Siz gördünüzmü, Londonda anarxistlərin aksiyasının qarşısını polis necə aldı? Azərbaycan polisi tam qanuni şəkildə, özü də humanistcəsinə onların qeyri-qanuni aksiyasının qarşısını alıb».

«HAKİMİYYƏT FƏRQLİ DÜŞÜNƏNLƏRİ SUSDURMAQ İSTƏYİR»

«Amnesty International» isə hesab edib ki, Azərbaycanda hakimiyyət ictimai toplaşma azadlığına mane olur və o, toplaşma azadlığının boğulmasına son qoymalıdır.
XS
SM
MD
LG