Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:39

Üzeyir bəy Hacıbəyli. Eynəddövlə - yəni dövlətin gözü


"Dövlәtin gözü" Tәbriz üstә gedib bir şey bacarmadı. Ona binaәn şah tәkcә oturub fikir edirdi ki, bu sәfәr Tәbriz üstә bir ayrı adam göndәrib adını da Samiәüddövlә, yәni dövlәtin qulağı qoysun. Çünki, doğrudan da, bәzi vaxt göz görә bilmәyәn işi qulaq çox yaxşı görür. "Mәsәlәn" -- deyib, şah mәsәl üstә fikir edirdi.

Dәllalüddövlә içәri daxil olub dedi:

-- Padşah sağ olsun, әrzim var! Vә bu әhvalatı nağıl etdi ki, Bakı şәhәrindә olan iranlılar budur iki gündür ki, tәtil edib, konsulxanaya yığılıblar vә deyirlәr ki: şah mәclisi açır açsın, vә illah açmasa tәtilә davam edib, konsulxanadan çıxmayacayıq.

Şah vahimәyә düşdü vә barmağını yuxarı qaldırıb dedi:

-- Görünür ki, bunların bir xatası var!

Dәllalüddövlә dә şahın sözünә qüvvәt verib dedi:

-- Mәn dә o cürә anlayıram. Görünür ki, bunların bir xatası var.

Şah soruşdu ki:

-- Sәn nәdәn elә anladın?

Dәllalüddövlә cavab verdi:

-- Teleqramın zahirindәn.

Şah dedi:

-- Mәn dә teleqramın zahirindәn. Vә sonra soruşdu:

-- Teleqramın zahiri nә tövrdür?

O cavab verdi:

-- Şah sağ olsun, teleqramın zahiri çox mәzәlidir. Mәsәlәn, ya mәnә bir tümәn pul ver, ya budur ki, ağaca çıxacağam!

Şah dedi:

-- Afәrin, mәnә dә elә görünür. Amma batini qorxuludur.

Dәllaluddövlә yenә tәsdiq etdi ki, batini qorxuludur.

Şah soruşdu:

-- Bәs nә bilirsәn ki, batini qorxuludur?

O dedi:

-- Әgәr Bakı iranlıları bu teleqramla yalnız bir protest göstәrmәk istәyirlәrsә, lap nahaq yerә zәhmәt çәkirlәr. Çünki onsuz da biz bilirik ki, mәclisin açılmamağının nәinki bir Bakı, bәlkә bütün Qafqazda olan iranlıların çoxuna xoş gәlmir vә bu da bizdәn ötrü birdir. Әgәr xoşa gәlmәmәkdәn vә quru protestdәi qorxsaydıq mәclisi

çoxdan açmışdıq.

Ş a h -- Amma biz qorxmadıq!

O -- Bәli! Ona görә dә mәclisi açmadıq.

Ş a h -- Bunu da hamı bilir.

O -- O cümlәdәn Bakı iranlıları da.

Ş a h -- Bәs?

O -- Bәs, demәli, bunların fikri protest deyil.

Ş a h -- Vә illah xalqı güldürürlәr! Elәmi?

O -- Әlbәttә! Bәs görünür ki, bunların fikri ayrı cürdür vә necә ki, buyurdunuz bunun yaman xatası var.

Ş a h -- Bizim dә qoşunumuz yox.

O -- Olsa da, yığmaq üçün pul yox!

Ş a h -- Pul tapmaq üçün dә etibar yox!

O -- Etibar qazanmağa da üzümüz yox!

Ş a h -- Eynüddövlә boynunu yerә soxduğum da bişüur çıxdı!

O -- Eynüddövlә boynunu yerә soxduğum da bişüur çıxdı!

Ş a h -- Xub, sәn de görüm nәdәn anlayırsan ki, bu teleqram qorxuludur.

O -- Şah sağ olsun, mәn bu teleqramın batini mәzmununu belә anlayıram: "Biz tәtil etdik", -- yәni o günü qazandığımız puldan әl çәkib cibimizә qoymadıq, bәlkә bir ayrı yerә qoyduq ki, sonra onu Sәttarxana göndәrәk! Şah sağ olsun, heç bilirsinizmi ki, Bakıda neçә min iranlı var!?

Ş a h -- Afәrin, mәn dә o cürә qanmışam! Bәs, konsulxanaya yığılmaq nәdir?

O -- Şah sağ olsun, konsulxanaya yığılmaq, yәni deyirlәr ki, hamımız cәm olub, Tәbrizә getmәk istәyirik ki, Sәttarxana kömәk edәk.

Ş a h -- Doğrudur! Bәs bunların xatası var! Aya görәk nә etmәli?

O -- Şah sağ olsun, o biri vәzirlәri dә, Әmir Cәngi dә çağıraq, görәk nә deyirlәr!

Hamını çağırdılar, şura quruldu.

Şah әhvalatı onlara elan etdi. Vәzirlәr bu xәbәri eşidib bikef oldular vә dedilәr:

-- Xәbәr gәtirәn, evin yıxılsın!

Şah dedi:

-- Ya bir әlac tapın, ya da ki, mәclisi açıram.

Әmir Cәng qorxdu, dedi, şah sağ olsun, bir qәdәr sәbrini bas, hövsәlә elә, görәk nә әlac var? Vә әmr verin Lyaxov da gәlsin görәk, o yenә bu cürә işlәrә yaxşı bәlәddir.

Lyaxov gәldi. Şah dedi ki, Bakı iranlıları teleqraf vurub mәclisin açılmağını tәlәb edirlәr. Әgәr mәclis açılmasa, onlar neçә gün tәtil edib, yәni o günlәri qazandıqları pulları yığıb Sәttarxana göndәrәcәklәr. Özlәri dә ona kömәyә gedәcәklәr.

Lyaxov başını buladı vә dedi:

-- İşlәr xarabdır,--vә dinmәdi. Heç kәs danışmadı.

Bir neçә dәqiqә xamuşluq oldu. Sonra Lyaxov teleqramın surәtini istәdi ki, oxusun, verdilәr.

Lyaxov baxıb dedi:

-- Bu o teleqram deyildir.

Şah dedi:

-- Xeyr, odur.

Lyaxov dedi:

-- Burada Tәbriz-mәbriz yazılmayıbdır!

Onda şahla Dәllalüddövlә dedilәr:

-- Doğrudur, zahirdә yazılmayıb, amma batindә yazılıbdır.

Lyaxov başa düşmәdi. Güclә onu başa saldılar. O halda Lyaxov şahdan izn istәyib, başladı qәhqәhә ilә gülmәyә! Güldü, güldü, axırda özünü toxtadıb dedi:

-- Ay padşah! Heç tәşvişә düşmә, bu bir quru protestdir, vәssalam! Burada ayrı bir fikir yoxdur!

Şah dedi:

-- Canım, axı Bakı iranlıları bilirlәr ki, mәn belә şeylәrә qulaq asmaram, bәs nә üçün hәlә özlәrinә zәrәr dә vurub, nahaq yerә zәhmәt çәkirlәr?

Lyaxov qandırdı ki, buna Yevropa qaydası deyәrlәr doğrudur, o cürә protestlәr Avropada nәzәrә alınar, amma İran üçün o cürә şeylәrin mәnası yoxdur.

Şah vә vәzirlәr çox şad oldular vә Lyaxovun ağıl vә kamalına heyrәt etdilәr vә dedilәr:

-- Qoy Bakı iranlıları qiyamәtә kimi tәtil elәsinlәr!

Şura dağıldıqdan sonra vәzirlәrdәn birisi gedә-gedә belә zümzümә edirdi.

Saqi, benur bade bәr әfruz came-ma

Motrob bequ ke, kare-cәhan şod bәkame-ma.
XS
SM
MD
LG