Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:53

Üzeyir bəy Hacıbəyli. Vaxtımız yoxdur


-- İndi nә deyirsiniz? Bu iş bizә lazımdır ya yox?

-- Әlbәttә, lazımdır. Biz gәrәk bu işi nә tövr olsa, әmәlә gәtirәk.

-- Demәli, hamınız razısınız vә qol qoyursunuz.

-- Әlbәttә, әlbәttә, bizim min cürә dәrdlәrimiz, min cürә әngәllәrimiz var. Lazımdır ki, yığışıb danışaq lazım olan işlәri görәk.Lazım olan әmәlә mübaşir olaq.

Çalışaq, vuruşaq, әlimizdәn gәlәn qәdәr iş görәk. Özgә millәtlәrә baxanda, onların hәr işlәri qayda ilә, özlәri dә yerli-yaraşıqlı olduğu halda, biz hәmişә pozğunluq içindә qalıb, işlәrimizi düzәltmәyә iqdam elәmirik. Odur ki, hәr bir barәdә pәrişan olan vә pәsmandә adlanan bizik. Şübhәsizdir ki, bu iş bizim üçün vacibdir vә onu әmәlә gәtirmәk bizim borcumuzdur....

-- Çox gözәl, çox әcәb. İndi işә başlayaq. Әvvәlcә, bir komissiya seçmәk lazımdır ki, bu işin proqramını düzәltsin, belәdirmi?

-- Düzdür!

-- Bu proqramı düzәltmәk üçün bir beş-altı nәfәr adam kifayәtdir. Biri sәn.

-- Kim, mәn?! Allah haqqı mәnim vaxtım yoxdur. Mәni yazma, Cәfәri yaz.

-- Kimi, mәni? Atamın goru haqqı mәnim dә vaxtım yoxdur. Tәvәqtә edirәm ki, mәni bağışlayasınız. Bu barәdә Hәsәn cәnabları yaxşıdır.

-- Mәn? Allah mәnә lәnәt elәsin hәrgah başımı qaşımağa macalım varsa. Mәnim barәmdә, bu iş üçün Mürsәl cәnablarını yazın.

--Mәn?! Yәni mәni? Getdiyim Xorasan belimi sındırsın әgәr sutkada üç saat yatıramsa. İş boğazıma qәdәr yığılıbdır, tәvәqqә edirәm ki, mәni әfv edәsiniz. Vaxtım yoxdur. Nә üçün Әhmәd Əfәndini yazmırsınız?

-- Hәzәrat, bilirәm inanmayacaqsız, amma siz ölәsiniz, özüm ölüm ki, kәsrәti-şüğldәn o qәdәr başım qarışıqdır, indiyә qәdәr obed elәmәmişәm. İstәr inanın, istәr inanmayın, amma mәni bağışlayın.

-- Balam, bu hәlә işin başıdır ki, siz hamınız qaçırsınız. Bәs sonra iş çoxalanda nә olacaq? Pәh, pәh, pәh! Hәlә özümüzü dә mәzәmmәt edirik ki, işlәrimiz pәrişandır, özgәlәri bizdәn qabaqdadır. Görünür ki, sizin hünәriniz elә boşboş danışmaqdır.

-- İndi biz nә edәk? Nә çarә qılaq? Vaxtımız yoxdur.

-- Xeyr, a, vaxtınız var, amma ruhunuz yoxdur, iş görmәyә hünәriniz yoxdur. Ürәyinizdә tәpәr yoxdur....

Ravi belә rәvayәt edir ki, bir kәrә gecә saat beşdә bir evin yanından keçirdim. Gördüm ki, pәncәrәlәrindәn işıq gәlir. Dedim ki, aya, görәsәn bu evdә nә vacib iş var ki, indiyә qәdәr yatmayıb, vaxt sәrf ediblәr. Başımı uzadıb qulaq verdim, amma bir şey başa düşә bilmәdim. Ancaq qulağıma içәridәn bu cürә sәslәr gәlirdi: "Verirәm ... böyüyündәn ... xalı ... Bir abbası.... Sabunçu. Kombinatsiya...."

Bu cürә sözlәrdәn bir şey başa düşә bilmәdim. İstәdim bir az da qulaq asam, amma, heyf ki, vaxtım yox idi....
XS
SM
MD
LG