Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:57

Mirzə Ələkbər Sabir. Barişnalara dair















Ey gül, nə əcəb silsileyi-müşki-tərin var,
Ahu nəzərin var!
Vey sərv, nə xoş can alıcı qəmzələrin var,
Həm işvələrin var!
Aldatdı cavanlarımızı nazü kirişmin,
Firuzeyi-çeşmin!
Xurmayı saçında nə bəla təlxi-bərin var,
Zəhrin, şəkərin var!
Başdan ayağa şəhd kimi safsən, ey şux,
Şəffafsan, ey şux!
Amma məkəsi-nəhl kimi niştərin var,
İncə kəmərin var.
Əbnayi-vətən vəqf eyləyir vəslinə canın,
Həm ruhi-rəvanın,
Hətta qocalardan da neçə bəxtəvərin var,
Yaxşı xəbərin var.
Etdin saçını "qufravat," vurdun üzə "rumyan" --
Cövlan elə, cövlan!
Bir ev nə münasib sənə, hər evdə yerin var,
Hər yerdə ərin var.
Ancaq demə tacirlərə eşqin əsər etdi,
Divanəsər etdi.
Amillərə tüccardan artıq əsərin var,
Fəthin, zəfərin var.
Məktəblilər içrə deyil az söhbəti-ruyin,
Keyfiyyəti-muyin.
Dərsi-qəmi-eşqin oxuyan min nəfərin var,
Aşiftələrin var.
Qafqazlı müsəlmanlar edərsə səni qaib,
Fikr etmə əcaib.
İranlı müsəlmanları tək əbdi-dərin var,
Min dərbədərin var.
Xud sanma ki, meyxanədə çoxdur sənə üşşaq,
Didarına müştaq.
Məsciddə dəxi bir neçə xuninciyərin var,
Şuridəsərin var.
Bilməm nə füsun eylədin, ey fitneyi-əyyam,
Uydu sənə islam?!
Hər şəhrdə, hər bəldədə bəs cansüpərin var,
Dildadələrin var.
Aşiq arayıb aləmi seyr eylədin amma,
Xeyr eylədin amma,
Bir zövci-həlal ilə dolaşsan zərərin var,
Xovfin, xətərin var.
Hər xami-təmə aşiq ilə ülfətin olmaz,
Ünsiyyətin olmaz;
Varın yox edən sərxoşa əvvəl nəzərin var,
Sonra həzərin var.
Gövhər saçılır, zər saçılır yar yolunda,
Dildar yolunda.
Ey bəhr, sanırsan sənin ancaq gühərin var?
Vey kan, zərin var?
Hop-hop, demə bixud ki, mən uydum о nigarə,
Bax əhli-diyarə.
Ey qafil, özündən sənin ancaq xəbərin var!
Xunabi-tərin var,
Dərdin, kədərin var,
Çox dərdi-sərin var,
Bu köhnə başında
Tazə xəbərin var.

Millət belə batdı,
Ümmət ilə yatdı.
Xud, söylə, ay axmaq?
Daşı kim oyatdı?
Dinmə, xətərin var!
XS
SM
MD
LG