Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:57

Mirzə Ələkbər Sabir. Qocalıqdan şikayət















Əfsus qocaldım, ağacım düşdü əlimdən,
Səd heyf cavanlıq!
Zəf eylədi aciz məni, qaldım əməlimdən,
Çəkdim nə ziyanlıq!
Saldıqca cavanlıqda keçən günləri yadə
Dərdim olur on qat!
Ya rəb, yetərəm birdəmi dünyada muradə?
Heyhat və heyhat!
Saqqal ağarıb, bel bükülüb, dinmə filani!
Övqatım olub təlx;
Övrət də yaxır saqqalıma gündə hənani,
"Rişi ki, bərəng əlx".
Yad olsun о günlər ki, muradımca gəzərdim
Sazəndə Oruğnan;
Min acizü biçarələrin başın əzərdim
Sillə və yumuruqnan.
Bu sayədə hər ləhzə edib səyü təlaşı,
Sərvət qazanardım;
Təhsil eləyib qol gücünə əmri-məaşı,
Dövlət qazanardım.
Əzalar isə süst olub indi qocalıqdan,
Bir dadrəsim yox!
Görməzmisən əhvalımı, düşdüm ucalıqdan,
Fəryadrəsim yox,
Heç yerdə səsim yox,
Kəskin nəfəsim yox,
Fikrimdə cəvanlıq,
Başqa həvəsim yox.
XS
SM
MD
LG