Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:32

Mirzə Ələkbər Sabir. Millət necə tarac olur olsun, nə işim var















Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Qoy mən tox olum, özgələr ilə nədi karim,
Dünyavü cahan ac olur olsun, nə işim var?!

Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın,
Tək-tək ayılan varsa da, həq dadıma çatsın,
Mən salim olum, cümlə cahan batsa da batsın,
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Salma yadıma söhbəti-tarixi-cahani,
Əyyami-sələfdən demə söz bir də, fılani,
Hal isə gətir meyl eləyim dolmanı, nani,
Müstəqbəli görmək nə gərək, ömrdü fani;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Övladi-vətən qoy hələ avarə dolansın,
Çirkabi-səfalətlə əli, başı bulansın,
Dul övrət isə sailə olsun, oda yansın,
Ancaq mənim avazeyi-şənim ucalansın;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Hər millət edir səfheyi-dünyadə tərəqqi,
Eylər hərə bir mənzilü məvadə tərəqqi,
Yorğan-döşəyimdə düşə gər yadə tərəqqi, --
Biz də edərik aləmi-röyadə tərəqqi;
Millət nесə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
XS
SM
MD
LG