Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:55

Mirzə Ələkbər Sabir. Bəhru-təvil


BƏHRİ-TƏVİL

Ələman, sərkəş olub, gündə bir əhvalə düşən dövri-qəzanın bu dilazar, cəfakar, müxalif əməlindən ki, yaxıb aləəmi narə, qoyub avarə, xüsusən məni-biçarə ki, həmvarə yanıb ney kimi odlarə, belə cuşü xüruş eyləyirəm, sankı səmavarə dönən qəlbimə minlərcə şərarə vurulub, əşki-tərim cari olur kaseyi-çeşmimdən, aman, bari-xudaya, bu nə suziş ki, düşüb cismi-nəzarə, dili-zarə, kim edər dərdimə çarə ki, gəlib ərsəyə tazə oxumuş bir neçə parə ürəfavü üdəbalər ki, qoyub büdətə elm adını tərğib və təhris eləyirlər bizi ol əmri-şəniə, yenə bunlar nə desə eyb eləməz, çünki gedib elm oxuyub, kursu tamam eyləyib, az-çox nə ola kəsb-məratib də ediblər; a kişi, təngə gətirdi məni, vallahı bu naqqal şüəralər, hədərəndən-pədərəndən, nə bilimboymadərəndən, necə sərsəm danışırlar, nə iş olsa qarışırlar, necə eyb axtarışırlar, necə gör yoldan azırlar, nə görürlərsə yazırlar, necə hörmətli "qərib" olsa da fövrən tanışırlar; qulağım batdı, nə çox-çox danışırlar, bu nə məktəb, nəməkatib, nə məratib, bizə bunlar nə münasib, əcəba, cəddlə əcdadımızın irsi olub bizlərə miras-həqiqi qalan adatü-əlamat ilə əmalımızı, halımızı, cümlə bu əfalımızı şerlə təğyir və təbdil eləmək fıkri-şəniində olub, bizləri hər bidətə iğfal ilə iysal eləyirlər ki, apar oğlunu ver uşqola mollasına, əyləş balavın yasına, bax bircəə sən allah,buların verdiyi fitvasına: yəni öz əlinlə elə övladını bir rus, səd əfsus ki, bir pak və pakizə müsəlman balası, xarici övladı kimi şapqa qoyub, iştot-miştot oxuyub, axırı bir doktor olub milləti-islamda dərdə düşənə aptekanın nisfı çaxır, nisfı su əczalarını çarə bilib mömüni-dindarın edə qarnını murdar vəhalonki gözü sürməli, saqqalı hənalı, əli təsbihli, allah qulu, peyğəmbərimiz ümməti, könlündə tərəhhüm kök atıb rişə salan bir kəsə əsla, əbəda bircə xəyanət eləmək bilməyib, ömründə xərid ilə füruşi düz olub, mişk əvəzi müştəriyə rübb-bəyan verməyən, ol həzrəti-haculhərəmeyni gözəl əttar dükanında ki, hərgiz də siçan həndəvərindən ötüşüb fəzlə sala bilmədiyi ağzı qapaqsız qutularda ki, on ildən bəəri saxlanmaq ilə ətri də, təsiri də artmaqda olub naxoşu hər dərdü mərəzdən qurtarıb, qüssədən azad eləyən rişeyi-xətmi, küli-balunə, sənai-mərməki, ya həbbi-səlatin, zəgərəg, behməni-piç ilə həlilə və bəlilə qala, ey vay! ... alan olmaya əzvay, gedə qış, gələ həm yay, ötə il, dolana ay, sata bilməyə mumyay, iş oldu bu da hayhay!
XS
SM
MD
LG