Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:38

Fransada üz örtüyünə qadağa qüvvəyə mindi


Kenza Drider, 11 Aprel 2011
Kenza Drider, 11 Aprel 2011
Aprelin 11-dən etibarən Fransada niqablı və burkalı müsəlman qadınlar küçəyə çıxsalar cərimələnəcəklər.

Onlar bu formada nəinki küçəyə çıxa bilməzlər, hətta onlara üzü örtülü şəkildə dövlət orqanlarının binalarına daxil olmaq, ictimai nəqliyyatdan istifadə etmək, konsertlərə və başqa istirahət, əyləncə tədbirlərinə qatılmaq da qadağandır.

Mübahisəli qanun 6 ay qabaq qəbul edilsə də, indi qüvvəyə minib.

Qanunun tərəfdarları bunu – təhlükəsizlik, cinslərin bərabərliyi və

Fransanın dünyəvi sistemini qorumaq istəyilə əsaslandırırlar

Fransa Avropa Birliyində ilk ölkədir ki, orada belə bir qanun qüvvəyə minir.

Belçikada buna oxşar qayda tətbiq etmək cəhdləri hökumət böhranı nəticəsində gündəmdən çıxmışdı.

Fransada sözügedən qanuna əsasən yerli müsəlman icması etiraz edir.

Ötən il Fransada aparılmış sorğu göstərmişdi ki, (Pew Global Attitudes Project) respondentlərin 5-də 4-ü qadağanı dəstəkləyir.

Amma qanundan narazı qalanlar deyir ki, belə qadağalar ifadə və din azadlıqlarına ziddir.

Dörd uşaq anası olan Kenza Drider Reuters agentliyinə deyib ki,

Axır 6 ayda ən müxtəlif təzyiqlərlə üzləşib

“Qüsnamanın ən müxtəlif növləri ilə üzləşmişəm. Fiziki, şifahi... Bir nəfər hətta məni bıçaqla hədələyib. Bu qanun qəbul ediləndən bəri həyatımda nə dəyişiklik olub? Küçədə daim nifrət dolu baxışlar və təhqirlərlə üzləşmişəm”

Qanun axır günlərdə keçirilmiş qızğın debatlardan sonra qüvvəyə minib.

Farhad Khosrokhavar
Debatı prezident Sarkozinin Xalq Hərəkatı uğrunda Birlik partiyası keçirirdi.

Mövzu “Fransa Respublikasında İslam” idi.

Avropada İslam haqqında davamlı məqalələr yazan professor Fərhad Xosroxavar deyir ki, bütün bunlar fransızların kimlik böhranı yaşamasından irəli gəlir.

“Əlbəttə burada Avropa məkanında müsəlmanlardan imtina cəhdləri müşahidə edilir.

Avropadakı kimlik böhranı insanlarda belə bir rəy yaradır ki, guya müsəlmanlar Avropa cəmiyyətinə inteqrasiya olunmaq istəmirlər.

Halbuki çox yaxşı da inteqrasiya olunurlar. Bunu Fransada böyük debata çeviriblər, halbuki örtük məsələsi reallıqda Fransa cəmiyyəti üçün böyük problem deyil. Bu daha çox simvolik məsələdir, kimlik məsələsi ilə bağlıdır”.

Fransa əhalisinin 10 faizi müsəlmandır


Onlar əsasən Şimali Afrikanın müsəlman ölkələrindən gəliblər, yaxud əslən ordandırlar.

Bütün Fransa ərazisində cəmi 2 min qadın burka geyir, yaxud niqab taxır.

Qanun qəbul ediləndən sonra müsəlmanlara 6 ay vaxt verilmişdi ki, yeni qaydalara uyğunlaşsınlar, öz davranışlarına yenidən baxsınlar.

Bundan sonra isə üz örtüyü ilə bağlı qadağanı pozan şəxslər 150 avro cərimə ediləcək və fransız vətəndaşlığının qaydaları haqda məcburi kurslara göndəriləcək.

Qadını belə geyim geyməyə məcbur edənlər isə 60 min avro cərimə ediləcək və 2 ilədək həbs cəzası çəkməli olacaq.

Amma polislərin həmkarlar ittifaqından Yannick Danio bildirib ki, gərginlik yaratmamaq üçün onlar yalnız müraciətlər əsasında məsələyə müdaxilə edəcək,

“Əks halda buna göz yumacaqlar”

Bəzi analitiklər isə deyirlər ki, bu işi bitmiş saymaq olmaz, çünki bu qanundan Avropa İnsan Haqları Məhkəməsinə şikayət etmək mümkündür.

Əgər məhkəmə bunun əleyhinə qərar çıxarsa Fransa qadağanı ləğv etməli olacaq.

Nicolas Sarkozy
Fransa dünyəvi dövlət prinsiplərinə sadiqliyi ilə tanınan ölkədir.

Dövlətin dünyəviliyi haqda qanun 1905-ci ildə qəbul edilib.

Amma bəzi analitiklər bu mıəsələnin arxasında siyasi məqsədlər durduğunu da istisna etmirlər.

Prezident seçkilərinə bir il qaldığı bir vaxtda hazırkı dövlət başçısı Sarkozinin reytinqi ən aşağı həddə düşüb.

Bəziləri onun bu cür radikal tədbirlərlə seçicilərin rəğbətini qazanmaq niyyəti güddüyünü deyirlər.

Fransadakı dini icmaların rəhbərləri – Katolik, Protestant, Pravoslav xristianların, eləcə də yəhudilər, müsəlmanlar və buddistlərin rəhbərləri birgə bəyanatla çıxış edərək bildiriblər ki, belə qadağalar “yaşadığımız narahat dövrdə daha bir çaşdırıcı faktor ola bilər”.
XS
SM
MD
LG