Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:23

Müşviqabad məscidində nəzarət altında ibadət


Aprelin 15-də qeydiyyatsız fəaliyyət göstərən dini icmalardan biri - Müşfiqabad məscidinin imamı Mübariz Qaçayev polisə çağırılıb.

Mübariz Qaçayev deyir ki, onu demək olar ki, ayda iki dəfə Qaradağ rayon polis bölməsinə aparıb məscidi bağlamağı tələb edirlər.

«MƏNƏ TƏHDİDLƏR, HƏDƏLƏR DƏ EDİRLƏR Kİ, ƏGƏR MƏSCİDİ BAĞLAMASAN…»

«Mən bunu edə bilmərəm. Mənə təhdidlər, hədələr də edirlər ki, əgər məscidi bağlamasan sənə müəyyən cəzalar da veriləcək. Belə basacağıq, belə kəsəcəyik. Bizim icmamız qeyri-qanuni fəaliyyət göstərirsə, Dini Qurumlarla İş üzrə Komitə onun ləğvi haqqında qərar çıxartmalıdır. Ondan sonra məhkəməyə getməlidir, ondan sonra o icma qeyri-qanuni fəaliyyət göstərn hesab olunmalıdır».

Aprelin 15-də Müşfiqabad məscidində dindarlar nəzarət altında namaz qılıblar. Cümə namazına gələnlər dağılışanadək məscidin ətrafı mülki avtomobildə polis uniformalı şəxsin və bir neçə mülki geyimlinin nəzarəti altında idi.

Namazdan öncə sahə müvəkkili ilə görüşə gedən məscid imamına deməsinə görə protokol imzalamağ istəyiblər:

Məscidin həyətinə toplaşan dindarlar
«CAMAATI QIZIŞDIRMAQ, FİTNƏ YARATMAQ İSTƏYİRLƏR»


«Bu gün də çağırıblar məni hansısa protokol yazmağa, nə bilim cərimə ödəməyə. Bunların məqsədi nədir, camaatı qızışdırmaq, fitnə yaratmaq istəyirlər, nə edirlər?»

Cümə namazı bitəndən sonra Mübariz Qaçayev bildirdi ki, hüquqlarının müdafiəsi üçün vəkil tutmağı düşünür.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Saleh Aslanov bir müddət əvvəl AzadlıqRadiosuna deyib ki, qeydiyyata alnmasından imtina edilən dini icmaların sənədləri qaydasında olmayıb. O, qeydiyyatın yubanmasında hər hansı başqa məqsədin olmadığını deyir.

DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzadlıqRadiosuna deyib ki, sözügedən dini icmanın rəhbərliyinin sahə müvəkkili ilə söhbətə çağırılması qanunun tələbinə uyğundur:

«Qanuna görə, hər hansı bir dini qurumun qanuni fəaliyyəti üçün o, hökmən həm Ədliyyə Nazirliyindən, həm də Dini Qurumlarla iş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməlidir. Əgər müvafiq qeydiyyat yoxdursa, həmin dini qurumun fəaliyyəti qanunsuz sayılır. Bu da İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə görə inzibati məsuliyyət doğurur. Sahə inspektoru da üzərinə düşən vəzifəni yerinə yetirərək həmin şəxslə müvafiq söhbət edib və ona xəbərdarlıq edib. Ona təzyiqlər göstərilməsi, məscidin bağlanması ilə bağlı dedikləri onun subyektiv, həqiqətə uyğun olmayan fikirləridir».

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət edən dini icmalardan bu günədək 510-u dövlət qeydiyyatına alınıb. Onlardan 493-ü islam, 9-u xristian, 6-ı yəhudi, biri krişna və biri bəhai təmayüllüdür.
XS
SM
MD
LG