Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:41

Türkiyədə qatil 32 saata tapıldı, bəs Azərbaycanda?


Ekspertlərin fikrincə, Elmarın qətlinin açılmasında hakimiyyətin marağı yoxdur
Ekspertlərin fikrincə, Elmarın qətlinin açılmasında hakimiyyətin marağı yoxdur

İstanbulda erməni və türk dillərində nəşr olunan «Aqos» qəzetinin baş redaktoru Hrant Dink yanvarın 19-da qəzetin ofisindən çıxarkən güllələnib. Qətldən az sonra hadisəni törədən 17 yaşlı Ogün Samast həbs olundu. Azərbaycanlı media mənsubları və ekspertlər qatilin operativ şəkildə həbs olunmasını Türkiyə dövlətinin bu işin açılmasında maraqlı olması ilə izah edirlər.


«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlini araşdıran ictimai təhqiqat qrupunun üzvü Şahbaz Xuduoğlu hesab edir ki, «Türkiyədən fərqli olaraq Azərbaycanda jurnalistin qətlinin araşdırılmasında hakimiyyət maraqlı deyil». Şahbaz Xuduoğlunun fikrincə, Türkiyədə hökumətdən tutmuş, hüquq-mühafizə orqanları və cəmiyyətin ayrı-ayrı üzvlərinə qədər hamı jurnalistin qətlinin açılmasında maraqlı olub. O, düşünür ki, qətlə yetirilən jurnalist üstəlik həm də erməni millətindən olduğu üçün bu, Ankaranın beynəlxalq təzyiqlərlə üzləşməsinə gətirib çıxarardı. Ona görə də Türkiyə hökuməti qətlin üstünü açılmasında son dərəcə diqqətli oldu: «Azərbaycanda həm ictimai qınaqdan qorxan olmadı, həm də hökumət üç gün müddətində hadisəyə loyal münasibət göstərdi, ən nəhayət prezidentin münasibətindən sonra hansısa addımlar atıldı. Bu addımlar gec idi çünki, Elmarı qətlə yetirənlər bir sutka ərzində Azərbaycanın ərazisini tərk etmişdilər.

«Elmarın yazıları mövcud rejimin tənqidinə yönəlmişdi, ona görə də, hakimiyyət maraqlı deyil ki, onları vaxtilə tənqid etmiş adamın qatilləri tapılsın»
Sonra da bu, hökumətin mütəşəkkil iş aparmaması, Türkiyə xüsusi xidmət orqanlarının Elmar Hüseynovun qətlilə bağlı apardığı uğurlu əməliyyatların da ictimaiyyətə açıqlanmaması bir daha göstərdi ki, Azərbaycan hökuməti qətlin üstünün açılmasında maraqlı deyil».


«Təhlükəsizlik» Araşdırmaları Mərkəzinin direktoru İlham İsmayıl da hesab edir ki, Türkiyədən fərqli olaraq Azərbaycanda qatillərin tapılmasında hökumətin maraqlı olmadığı hiss edilir. Cənab İsmayıla görə, Azərbaycandan fərqli olaraq dövlətin imicinə zərə gəlməsin deyə qatilin tapılmasıyla bağlı Türkiyədə bütün sistem hərəkətə gətirilib və təxminən 32 saat ərzində hadisəni törədən şəxs və onun əlbir olduğu qrup aşkarlanıb: «Elmar öz yazılarına, öz düşüncələrinə görə qətlə yetirilib. Onun yazıları mövcud rejimin tənqidinə, özü də çox güclü tənqidinə yönəlmişdi, ona görə də hakimiyyət maraqlı deyil ki, onları vaxtilə tənqid etmiş adamın qatilləri tapılsın. Hətta mən bir az da irəli gedib demək istəyirəm ki, ola bilər sifarişçilər elə hakimiyyətin müəyyən qanadlarında olan adamlardır. Və bu hakimiyyətlə bağlı olduğuna görə, qətlin üstünün açılmasına maraq yoxdur».


İlham İsmayıla görə, əslində jurnalistin qətlilə bağlı məsələləri istintaq üzə çıxarmalıydı, amma, istintaq da indiyə qədər bir söz deməyib. Cənab İsmayıla görə, sadəcə Hacı Məmmədovun məhkəməsində bir ifadə işlədildi ki, guya Elmar Hüseynovu keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin sifarişilə o öldürüb. Amma, bu deyilənlər də cəmiyyətdə hansısa ictimai rəyə səbəb olmadı: «Elmarın qətlilə bağlı üzdə olan çox məsələlər var idi. Nədən iqtidarın hansısa nümayəndəsinə kimsə hardasa daş atıb, onu dərhal tapıb nümayiş etdirilər, amma, bu məsələ də maraq olmadı».


Elmar Hüseynovun işini araşdıran Milli Təhlükəsizlik Nazirliyində isə səslənən fikirlərlə razılaşmırlar. Nazirliyin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəisi Arif Babayev deyir ki, Elmar Hüseynovun qətlilə bağlı axtarış tədbirləri davam edir. Azərbaycan xüsusi xidmət orqanlarının peşəkarlığı ilə bağlı səslənən fikirlərə gəlincə, cənab Babayev dedi ki, onların peşəkarlığı hamıya məlumdur. Bundan başqa şübhəli bilinən şəxslər var ki, onlar haqqında da beynəlxalq axtarış verilib.


«Monitor» jurnalının baş reaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də işdən qayıdarkən öz evini kandarında odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib. Qatillər hələ də tapılmayıb.


XS
SM
MD
LG