Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:58

«Həyatıma təhlükə vardı»


«Çalışacam ki, Elmar Hüseynovun qətlinin üstünün açılması üçün hər şeyi edim»
«Çalışacam ki, Elmar Hüseynovun qətlinin üstünün açılması üçün hər şeyi edim»

«Monitor» jurnalının redaktoru Elmar Hüseynovun qətlindən iki il ötür. Ötən ilin dekabrında Norveçdən siyasi sığınacaq alan mərhumun xanımı Ruşaniyyə Hüseynova «Azadlıq» radiosuna eksklüziv açıqlamasında bildirib ki, həyatına təhlükə hiss etdiyindən və bir müddət təhdid dolu anonim məktublar aldığından Azərbaycanı tərk edib:


-Sizin siyasi sığınacaq alacağınızı gözləyənlər də vardı, bu xəbəri eşidəndə təəssüflənənlər də. Amma sizdən eşitmək istərdik, niyə siyasi sığınacaq almaq istədiniz? Bu təhlükəsizlik məsələləriylə bağlıydı, yoxsa mübarizə aparmağın çətinliyini başa düşüb, başqa ölkədə həyatınızı yenidən qurmaq istədiniz?


-Əlbəttə, mənim üçün bu qərarı qəbul etmək çox çətiniydi. Bir çox səbəbdən. Bu qərarı bir neçə günün içində verdim. Mən Bakı üçün, doğmalarım üçün darıxıram. Mən istintaqın gedişinə görə də çox narahatam. Düzünü deyim, başa düşdüm ki, Azərbaycanda Elmarın qətli ilə bağlı istintaq nəyəsə nail olmayacaq, bu qətlin üstü heç vaxt açılmayacaq, heç vaxt. Mənə mənəvi baxımdan da ağırıydı, dəhşətli dərəcədə ağırıydı. Mən onu da başa düşdüm ki, Elmarın ölümü mənim problemimdi, onun öhdəsindən də mən gəlməliyəm. Ancaq özüm. Milli Təhlükəsizlik Nazirliyi də, Respublika Prokurorluğu da bu qətli açmaq üçün heç nə etmədilər. Yarım il heç bir məlumat vermədilər. Ancaq onu deyirlər ki, killerin Tahir Xubanov və Teymuraz Əliyev olmasını təxmin edirlər, yenə də deyirəm, təxmin edirlər. Yəni hələ dəqiq bəlli deyil ki, qatil kimdi. Bütün bunlardan başqa, mən həyatıma təhlükə hiss etməyə başladım, mənə qarşı hədələr, təzyiqlər vardı. Evə anonim məktublar gəlirdi, mən təhdid olunurdum. Buna görə də, Norveçə getməyə məcbur qaldım.


-Təhdidlər nə vaxtdan başladı?


-Birinci anonim məktub mənə 2006-cı ilin fevralında gəldi. İndiyədək anonim məktublar haqda danışmamışam, çünki çox qorxurdum, çox. Müxtəlif cür təhdidlər vardı deyə qorxurdum. Bu üzdən də mətbuata məlumat vermədim, redaktoru olduğum «Bakinskiy vedomosti»də də yazmadım. Yalnız bəzi adamlara demişdim. İctimaiyyətəsə birinci dəfədir deyirəm.


-Sizi necə təhdid edirdilər? Özünüzün və ya oğlunuzun həyatı təhlükə altındaydımı?


-Hə. Siz başa düşürsüz, niyə mən qorxurdum, buna görə də məhz bu cür addım atmağa məcbur oldum. Bağışlayın məni, mən həmin məktubda deyilənlər haqda danışmaq istəmirəm. Növbəti məsələyə gəlmək istərdim. Mən Elmar Hüseynovun öldürülməsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək üçün danışıqlar aparıram. Mən indi başqa ölkədə yaşayıram və başqa imkanlara sahibəm.


-Tələbiniz nədir?


-İndi bu haqda danışa bilmirəm, danışıqlar aparılır. Bu məsələ rəsmiləşəndə ictimaiyyətə daha dəqiq məlumat verərəm. İndilik bəzi məqamlar haqda konkret danışa bilmərəm.


-Ruşaniyyə xanım, Elmar Hüseynovla bağlı elə məlumatlar, elə detallar varıydımı ki, indiyədək istintaqa deməmisiz? Yəni həyatınıza təhlükə hiss etdiyinizdən məlumatların hamısını bölüşməməsiz.


-Elə şeylər var, əlbəttə var. Ancaq mən indi də bu haqda deyə bilmirəm. İstintaq bəzi şeyləri bilir, bəzilərini bilmir, bu şeyləri mən Strasburq məhkəməsində danışacam… Bilirsiz Azərbaycan indi elə bir vəziyyətdədir ki, orda jurnalistləri öldürürlər, jurnalistləri şikəst edirlər, orda yaşamaq mümkün deyil. Sözün düzünü demək istəyənlər bu ölkədə yaşaya bilmirlər. Mən də bu yoldaydım. Elmarın yolunu davam etdirmək üçün hər şeyi etdim. İndisə xəstəyəm, sonra mənə təhdidlər oldu, həyatım təhlükə altındaydı, mənə çətiniydi. Mən Norveçə gəldim və məhkəməyə üz tutdum. Çalışacam ki, Elmar Hüseynovun qətlinin üstünün açılması üçün hər şeyi edim.


-Ruşaniyyə xanım, niyə Norveçi seçdiz?


-Bu dövlət cəmiyyət üçün işləyir, demokratik dəyərlərə əməl olunur, söz azadlığı var. Ən başlıcası, Aslan Elmarın, atasının yolunu davam etdirmək istəsə, o, həqiqəti deməkdən qorxmayacaq. O, atası Elmar kimi blokda, qaranlıqda, arxadan öldürüləcəyindən qorxmayacaq. Bu, mənim üçün çox vacibdir. Mən əminəm ki, Norveçdə Aslan həqiqəti deyə biləcək.


-Yeri gəlmişkən, Aslan necədir?


-Hə, Aslan darıxır. O, balacadır, deyir ki, Bakıda yaşayıb, atasını öldürüblər, deyir ki, atasını pis kişilər öldürüblər. Bu, onun öz fikridir. Onu da deyir ki, orda yaşamaq qorxuluydu. Aslan da bağçaya gedir, yavaş-yavaş Norveç dilini öyrənir. Onunla evdə Azərbaycan və rus dilində danışıram. O, azərbaycanlıdır və atası da azərbaycanlıdır, bu dili mütləq bilməlidir. Harda yaşayır-yaşasın, mütləq bu dildə danışacaq.


-Ruşaniyyə xanım, dediz ki, səhhətinizdə problemlər də var.


-İndi müalicə alıram. Bir neçə ay əvvəl demişdim ki, özümü pis hiss edirəm. Ötən yay Moskvada olanda da müayinədən keçmişdim. İndisə norveçli həkimlər rusiyalı təbiblərin qoyduğu diaqnozu araşdırırlar. Bu diaqnoz təsdiqlənəcək ya, yox bilmirəm. Özümsə burda norveç dilini öyrənməklə məşğulam. Çox çətindir mənə. Xüsusən də mənəvi baxımdan çətinliklərimiz var. Bakıdan ötrü darıxıram, doğmalarım üçün darıxıram. Mən indi həyəcanlıyam, danışa bilmirəm…


«Monitor»un redaktoru Elmar Hüseynov 2005-ci ilin martında yaşadığı evin qarşısında öldürülüb. Qətlin istintaqını MTN aparır…


XS
SM
MD
LG