Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:35

ABŞ-ın Azərbaycanda demokratiyaya maliyyə dəstəyi azalır


ABŞ Konqresinə Azərbaycana yardımları 2006-cı il səviyyəsində saxlamaq tövsiyə edilib
ABŞ Konqresinə Azərbaycana yardımları 2006-cı il səviyyəsində saxlamaq tövsiyə edilib

2008-ci il prezident seçkiləri ilində Amerikanın Azərbaycanda vətəndaş cəmiyyətinin, o cümlədən müstəqil mətbuatın inkişafına yardımı 30 faiz azalacaq. Gələn il Azərbaycanda insan haqları sahəsinə isə Buş administrasiyası hər hansı yardım ayırmağı planlaşdırmır. Bu barədə ABŞ-ın «Freedom House» təşkilatı məlumat yayıb. Təşkilatın yeni hesabatında ABŞ hökumətinin 2008-ci il büdcə layihəsində dünya üzrə demokratiya və azadlığın yayılması planları analiz edilir.


«Freedom House» ABŞ Konqresini Azərbaycanda demokratiyanın inkişafına ayrılacaq yardımları 2006-cı il səviyyəsində saxlamağı tövsiyə edib. Təşkilat Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasına 6 milyon dollar, insan haqları sahəsində tədbirlərə isə 500 min dollar ayırmağa çağırır. Ümumiyyətlə isə, 2008-ci ildə Birləşmiş Ştatlar Azərbaycana 25 milyon dollar yardım ayırmağı planlaşdırır. 2006-cı illə müqayisədə bu rəqəm az qala 2 dəfə azdır.


«Freedom House» Azərbaycanı qeyri-azad ölkələrin kateqoriyasına daxil edib. Təşkilatın son ilki hesabatında Azərbaycanda siyasi və mülki azadlıqların məhdudlaşdığı, mətbuat azadlığı sahəsində vəziyyətin pisləşdiyi qeyd edilib.


Ümumiyyətlə, Birləşmiş Ştatlar dünyada demokratik idarəçilik və dövlət strukturlarının formalaşdırılmasına yardımlarını 17% artırıb. Amma bununla yanaşı insan haqlarının müdafiəsi sahəsinə Konqresin yardımları 6% azalıb. «Freedom House» təşkilatının İcraçı direktoru Cenifer Vindsor insan haqlarına Buş administrasiyasının yardımı azaltmasını dünyaya sərt mesaj kimi qiymətləndirib.


XS
SM
MD
LG