Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:43

«Müşərrəflə əlaqələr Buş üçün dilemma yaradır»


Pakistanda müxalifətin keçirdiyi etiraz aksiyalarından biri
Pakistanda müxalifətin keçirdiyi etiraz aksiyalarından biri

Noyabrın 18-də «Washington Post» qəzeti «Müşərrəflə əlaqələr Buş üçün dilemma yaradır» başlıqlı məqalə dərc edib. Məqalədə müəllif Maykl Abramoviç ABŞ administrasiyasının Pakistan siyasətini təhlil edir.


Müəllif yazır ki, 2001-ci il sentyabrın 11-dən sonra ABŞ-ı dəstəkləyən Pərviz Müşərrəf Amerika üçün qəhrəman kimi idi. ABŞ-ın keçmiş dövlət katibi müavini Riçard Armitac bu barədə aşağıdakıları demişdi: «Mənə elə gəlir ki, prezidentin Müşərrəf o saat xoşuna gəldi. Bizim üçün mühüm olan vaxtda, biz Müşərrəfi çətin seçimlər qarşısında qoyduq və o bizim yanımızda yer aldı. O, birbaşa adamdır və bu Buşun xoşuna gəlir».


Yazı müəllifi Maykl Abramoviç qeyd edir ki, əgər əvvəllər prezident Buşun Müşərrəfə bu qədər şəxsi bağlılığı terrorla qlobal müharibə siyasəti üçün faydalı hesab olunurdusa,


Pakistan prezidentinin müxalifəti əzməsi və ölkədə fövqəladə vəziyyət tətbiq etməsi fonunda bu əlaqələr hər iki tərəf arzuolunan məcrada getmədi.


Pakistandakı demokratik azadlıqlarla bağlı böhran başlanandan bəri Buş açıq-aydın Müşərrəfi müdafiə edəcəyini göstərmişdir və demokratik azadlıqlara basqılarla bağlı yumşaq tənqidlərlə kifayətlənmişdir. Hətta Müşərrəfi Pakistandakı fövqəladə vəziyyəti ləğv etməyə çağıranda belə Buş Müşərrəfi «ekstremistlərə və radikallara qarşı güclü mübarizə aparan şəxs» adlandırmışdır.


Bu siyasətdən narazı olanlar arasında ABŞ-ın Pakistanda 2001-ci ilin sentyabrından sonra səfir işləmiş, hazırda isə Yaxın Şərq İnstitutunun prezidenti olan Uendi Çemberlin də var. Uendi Çemberlinin fikrincə «Biz hamıya aydın deməliyik ki, bizim münasibətlərimiz bir nəfərlə deyil, Pakistan xalqı ilədir və o bir nəfər əvəzolunmaz deyil».


Prezident Buşun Milli Təhlükəsizlik Şurasının keçmiş üzvləri ilə söhbətlər aparmış yazı müəllifi qeyd edir ki, Müşərrəf administrasiyası ABŞ-ı zaman-zaman sürprizlərlə üz-üzə qoymuşdur. Milli Təhlükəsizlik Şurasının keçmiş üzvü Maykl Qrin deyir ki, Müşərrəf ondan tələb olunan bütün cəbhələr üzrə hansısa nəaliyyitlər qazanırdı, hərçənd ki, heç bir sahədə hamını qane edəcək nəticələr ortaya qoymurdu.


Yazıda Pakistanın ABŞ siyasəti əleyhinə atdığı bir sıra addımlar diqqət mərkəzinə çəkilir. Keçən ilin payızında Pakistanın islamçı militantlarla atəşkəs imzalayaraq onlara diqqəti Əfqanıstan üzərində cəmləməyə imkan verməsi belə sürprizlərdəndi. Prezident Buş məsələni çözmək üçün Pakistan və Əfqanıstan prezidentlərinin iştirakı ilə üçtərəfli sammit keçirdikdə Karzai Müşərrəfi açıq-aydın Talibanı müdafiə edərək onu Əfqanıstan hökumətinə qarşı yönəltməkdə ittiham etmişdi.



XS
SM
MD
LG