Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:42

Kilosu 100 manata uşaq…


«Doktor, sizin xəstəxanada uşaq neçəyədir?»
«Doktor, sizin xəstəxanada uşaq neçəyədir?»

Körpənin dünyaya gəlişi hər bir ailəyə yeni nəfəs, yeni ovqat gətirir. Ancaq bəzən övladları dünyaya gələrkən valideynlərin və yaxın qohumların doğum evlərində aldıqları psixoloji travmalar uzun illər sağalmaz yaraya çevrilir. Xüsusən də əhalinin böyük hissəsi olan aztəminatlı və kasıb təbəqələr üçün.


Noyabrın 21-də Bakının ən böyük doğum evlərindən biri olan 5 saylı Xəstəxanada olduq. Doğum şöbəsinin qarşısında dayanan vətəndaşlarla söhbətimizdə bəlli oldu ki, durum köhnə axarı ilə davam edir:


- İlk təəssüratınız necədir?


- Hələ gözləyirik, inşaallah!


- İndiyə qədər nə qədər xərciniz çıxıb?


- Hələ dəqiq deyil.


- Yəqin xəstəxanadan çıxandan sonra hesablayacaqsınız ki, uşaq sizə neçəyə başa gəlib?


- Baha başa gəlir, sərf eləmir.


- Mən razıyam, gəlin də razıdır. Uşaq da maşallah sağ-salamatdır. Mən demirəm, nə beşdi, nə ondu. Təki uşaq salamat olsun, adam dünyanı verər. Öz ürəyimdən keçib, bir balaca muştuluq vermişəm.


«Doktor, sizin xəstəxanada uşaq neçəyədir?»


Övladının dünyaya gəlişini gözləyən daha bir neçə ailəyə yaxınlaşıb öncədən həkimlə anlaşıb-anlaşmadıqlarını, bunun onlara neçəyə başa gəldiyini, xəstəxanaya rəsmi qaydada ödəniş edib-etmədiklərini soruşdum. Çoxları növbədə olan həkimlərə etibar etmədiklərini və qabaqcadan ödəniş etməklə hamiləlik prosesini nəzarətdə saxlayan həkim-ginekoloqlara üstünlük verdiklərini dedilər:


- Heç kim naşı həkimə gəlmir. Qabaqcadan savadlı həkim tutur, onun da yanına gedir. Yoxsa nə isə baş verə bilər.


Körpəsinin dünyaya gəlişini gözləyən atalardan biri isə pəncərədən bizə baxan tibb personalını göstərərək dedi:


- Siz düz yerə gəlməmisiz. Burda sizə heç kim heç nə deyən deyil.


- Niyə?


- Çünki içəridə iki yaxınımızın həyatı həkimin əlindədir. Mən bayırda olsaydım, nəsə danışardım.


Respublika Mamalıq və Ginekologiya İnstitutunda da durum təxminən eynidir. Xəstəxananın Patalogiya Şöbəsindəki qadınlar körpənin dünyaya gəlişi ilə bağlı lətifə də qoşublar. Demək, gələcək ata həkimdən soruşur:


- Doktor, sizin xəstəxanada uşaq neçəyədir?


Həkim cavab verir:


- Kilosu 100 manata.


Ancaq bu, heç də o demək deyil ki, xəstəxanada dünyaya gələn çəkisi 2,5 kq olan körpənin ailəsi 250 manat xərcə düşəcək. Burada öyrənik ki, həkimlərin təcrübəli olub-olmaması da qiymətə birbaşa təsir göstərir. Orta qiymət isə 450-500 manat arasında dəyişir. Qeysəriyyə əməliyyatı üçün isə ailələr 800 manat ödəmək məcburiyyətindədir. Əgər xəstə ayrıca otaqda qalmaq və xüsusi tibb personalının xidmətlərindən yararlanmaq istəyirsə, hər gün üçün əlavə 100 manat ödəməlidir.


Son 10 ildə qadınlar arasında körpələrin cərrahi əməliyyatla dünyaya gətirilməsi halları kəskin çoxalıb. Qadınların çoxu bildirir ki, qeysəriyyə əməliyyatını həkimlər doğuşun daha fəsadsız ötüşməsi üçün özləri məsləhət görür. Ancaq həkimlərin heç də hamısı bu yolu məqbul saymır. Ginekoloq Vəfa Səfərli:


- Ən son anda biz qeysəriyyə əməliyyatına əl ata bilərik. Əgər hamiləlik normal keçsə, o zaman doğuşda da problem olmaz.


Bununla belə, Vəfa Səfərli qeysəriyyə əməliyyatlarının sayının kəskin şəkildə artmasının təbii faktorlarla bağlı olduğunu deyir:


- Qabaqlar qadınlar daha çox hərəkətli idi. O zaman uşaqların çəkisi indiki kimi çox olmurdu. Son bir neçə ildə həm də ekstradental xəstəliklər artıb. Qadınlar doğum evinə ürək, böyrək, zob xəstəlikləri ilə daxil olur. Cavanlar anemiyalıdır, immunitet zəifdir. Antibiotiklərdən həddən artıq çox istifadə edilir. Həkimə müraciət etmədən hər kəs antibiotik içir. Oradan da dizbakterioz əmələ gəlir. O da immuniteti aşağı salır.


Həkim deyir ki, qeysəriyyə əməliyyatlarında fəsadlar doğuşa nisbətən təxminən iki dəfə çox müşahidə olunur. Xüsusən də son zamanlar paytaxtın bir çox xəstəxanalarında həyata keçirilən ekstradental anestiziya prosesindən sonra. Bu zaman qeysəriyyə əməliyyatları ümumi narkoz altında deyil, yalnız qadının aşağı ətraflarının keyidilməsi ilə aparılır. Həkim deyir ki:


- Azca yayınma baş versə, onurğa beyni zədələnə, bu isə iflicə gətirib çıxara bilər.


- Nədən qadınlar belə fəsadlar törədə bilən əməliyyata meyllidirlər?


- Onlar daha rahat yol seçir. Həmin vaxt qadınlar fəsadlar haqda düşünmür.


Xəstəxanalarda rüşvət giriş qapısından başlanır


6 il gözlədiyi körpəsini qeysəriyyə əməliyyatı ilə dünyaya gətirməyə hazırlaşan şərti adı Nigar Ağayeva olan Bakı sakini xəstəxanada rüşvətin lap giriş qapısından başladığını deyir:


- Elə birinci gün analizlərə xeyli pul verdim. Adi qan, sidik analizi üçqat bahadır. Xəstəxanaya girəndən 60 manat yalnız ürək kardioqramması, sidik, qan analizinə vermişəm. Başqa yerdə bəlkə də bu, 20 manata başa gələrdi.


Doğum evlərinin hamısının girişində xəstələrə pulsuz verilən tibb preparatlarının siyahısı asılıb. Burada adi yoddan, sarğı materiallarından tutmuş antibiotiklərə, ağrıkəsicilərə, keyidicilərə qədər bir sıra preparatların adı yazılıb. Ancaq həkim Nigarın həyat yoldaşına yaxınlaşaraq ona təcili olaraq əməliyyat üçün gərəkli preparatların alınmasını tapşırdı. Uzun siyahı tibbi əlcək, cərrahiyyə sapı, yodla başlayıb antibiotiklərdə başa çatırdı. Gələcək ata aptekdən qayıdanda bəlli oldu ki, dərmanlara 63 manat verib. Əməliyyat başlayanda isə ondan xəstəxananın fonduna 50 manat köçürməsini istədilər. Əməliyyat başa çatanda isə cərrahiyyə otağından çıxan tibb bacıları, ən sonda isə xadimələr bir-bir Nigarın qohumlarından müştuluq aldılar.


1 saylı Respublika Doğum Evinin cərrahiyyə şöbəsində gördüklərim isə məni sözün əsl mənasında şoka saldı. Burada ana bətnindən cəmi bir neçə dəqiqə öncə çıxmış körpələri xəstəxananın camaşırxanasında bəlkə yüz dəfələrlə yuyulmaqdan rəngi bilinməyən, ən dəhşətlisi isə kəskin xlor qoxuyan əski parçalarına bükərək qohum-əqrəba ilə ilk tanışlıq üçün ümumi dəhlizə çıxarılırdı. Buna görə xəstəxana rəhbərliyini məhkəməyə verməli olan atalar, nənələr, xalalar isə bir-birinin ardınca körpəni onların hüzuruna gətirən tibb bacısının «muştuluğumu verin» sözünə bəndmiş kimi öncədən hazırladıqları pulu tibb bacısının cibinə qoyurdular.



Tibb elmi yeni doğulmuşların immunitetinin güclü olduğunu isbatlasa da, onunla çox dar çərçivəli təması məqbul sayır. Özü də bu, mütləq olduqca təmiz, steril ortamda olmalı, körpə ilə təmas quran insanlar maska geyməlidir.

«Hər dəfə hansısa iynəyə, dərmana, qulluğa görə pul verməlisən, pulsuz mümkün deyil»


Ancaq bu gördüyüm dəhşətin bəlkə də yarısıdır. Xəstəxanada təmir aparıldığından korpələri qohumlarla ilk tanışlıqdan sonra açıq hava ilə həyatlarının qarşıdakı bir neçə gününü keçirəcəkləri reanimasiya şöbəsinə aparırdılar. Açıq hava ilə. Görünür, elə bu faktorlar uşaqların həyatlarının ilk günlərində qarşılaşdığı xəstəliklərə yol açır. Növbəti qəhrəmanımız «Gün-səhər» qəzetinin əməkdaşı Fərəh Əliyevanın qızı Fidanda olduğu kimi.


Fidan dünyaya gələndən üç gün sonra bəlli olub ki, körpənin bağırsaqları işləmir. Bundan sonra uşağın səhhəti saatbasaat pisləşməyə başlayıb. Fərəh deyir ki, bu, həkimlərin səhlənkarlığı üzündən baş verib. Çünki həkimlər diqqətli və məsuliyyətli olsaydılar, belə kritik durum yaranmazdı.


Çıxılmaz durumda qalan həkimlər ana doğum evində qala-qala körpəni daha çox «OMD» kimi tanınan Fərəcov adına Ana və Uşaq Xəstəlikləri İnstitutuna göndəriblər. Burada yaşadıqlarından danışanda Fərəhin indi də əlləri əsir:


- Orada reanimasiyaya düşəndə sözün əsl mənasında xəstəxanaya şükür elədim. 20 xəstə bir-birinin böyründə…Analar stulda növbə ilə otururdular. Bacımla mən gecə yatmaq üçün stulda otururduq -oturan yerdə yatmaq üçün. O da növbə ilə.


Doğum evindən çıxan zahı qadınların çoxu belə gərginliyə tab gətirmirmiş. Fərəh deyir ki, jurnalist olması və addımbaşı haqqını tələb etməyə məcbur olması xəstəxanada ona xüsusi imic qazandırıb. Özü də bu imic heç də müsbət olmayıb. Həkimlər, tibb bacıları gün boyu davam edən pulqoparma mərasimlərini maaşlarının azlığı ilə bağlayırmışlar:


- Onlara deyirdim ki, sizin maaşınızın aşağı olması mənim problemim deyil, siz vəzifənizi yerinə yetirməlisiniz.


Fərəh etiraf edir ki, övladının həyatı ciddi təhlükə altında olduğu üçün həkimlərin tələblərini yerinə yetirməkdən başqa çıxış yolu qalmayıb:


- Pul veməsən körpənin iynələrini yubadırdılar. Adi bir iynə vurulmasını səhər növbəsində çalışan tibb bacıları, günorta növbəsində çalışanın, günorta növbəsində çalışan isə axşam növbəsində işləyən tibb bacılarının üstünə atırdı. Gecə növbəsində çalışanları isə ancaq hansısa palatada yatmış görmək olardı. Hər dəfə hansısa iynəyə, dərmana, qulluğa görə pul verməlisən, pulsuz mümkün deyil. Utanmadan, dilləriylə pul istəyirdilər. Qiymət də deyirdilər.


Azərbaycanda uşaq xəstəxanaları da rəsmən pulsuzdur. Fərəh Əliyeva isə deyir ki, bu, yalnız kağız üzərində belədir. Gündə onlara təxminən 60 manatlıq dərman aldırırmışlar. Həmkarım deyir ki, o, bütün dərmanların bir gündə körpəyə vurulmasına da şübhə edir:


- Sonradan dərmanların hara getdiyi də bəlli olmurdu. Elə bilirdim, dərmanları kasıb, atılmış uşaqlara verirlər. Ancaq gördüm belə deyil. Dərmanlar elə ortada yoxa çıxırdı.


Bir həftəyə yaxın reanimasiya şöbəsində qalmalarına baxmayaraq körpənin durumu düzəlməyib. Həkimlər özləri Fərəhə məsləhət görüblər ki, körpəni reanimasiyadan çıxarsın:


- Həkimlər deyirdilər ki, orada o qədər antisanitariya şəraiti var ki, uşaq bir infeksiyadan qurtulmamış başqasına yoluxur. Doğrudan da biz çıxandan bir neçə gün sonra reanimasiyanı bağlayıb dezinfeksiya etməyə məcbur olmuşdular.


Bu xəstəxanada doğum evlərindən gətirilmiş atılmış uşaqlar da olub. Fərəh Əliyevanın sözlərinə görə, onların durumu daha dəhşətli imiş:


- Orada bir tibb bacısı vardı, ona «Tereza ana» deyirdilər. O uşaqları öz öhdəsinə götürmüşdü. Başqa tibb bacıları isə onların bəlkə saatlarla sürən ağlamalarına məhəl belə qoymurdular.


Doğum evləri qadınlara başqa ginekoloji xidmətlər də göstərir. Ancaq dövlət xəstəxanalarının heç birində bu xidmətlərin konkret məbləği açıqlanmır.


«Əgər xəstə jurnalistdirsə, demək pul verməyəcək»


Telekanallardan birində çalışan həmkarım Aytən Kərimova isə bu il fevralın 14-dən 15-nə keçən gecə 5 saylı Doğum Evinə 19 həftəlik dölün düşməsi diaqnozu ilə qəbul edilib:


- Mənə dedilər ki, səhərə kimi gözləməlisən, çünki USM yoxdur. Başım çox ağrıyırdı, özümü həddən artıq pis hiss edirdim. Dedilər ki, narahat olma, səhər uşaqlığı təmizləyəcəyik, bu, elə də böyük problem deyil. Sonradan öyrəndim ki, məni xəstəxanaya gətirən qohumlarımdan jurnalist olduğumu öyrəniblər və açıq şəkildə deyiblər ki, əgər xəstə jurnalistdirsə, demək pul verməyəcək. Halbuki biz onlara pul təklif etmişdik.


Durumu ağır olsa da, həkimlər uzun müddət Aytənə tibbi yardım göstərməyiblər:


- Səhər saat 9-da özümü həddən artıq pis hiss etməyə başladım. Həkimin otağına gedəndə təsadüfən gözüm güzgüyə sataşdı. Gördüm ki, rəngim həddən artıq qaralıb. Şöbə müdirinə yaxınlaşıb mənimlə bağlı bir qərar vermələrini istədim. Çox kobud şəkildə bildirdi ki, hələ fikirləşərik, gözləyin, toplantımız var. Onlara dedim ki, məni xilas edin, özümü çox pis hiss edirəm, artıq zəhərlənmə gedir. Çünki bir sutkadır ölü məxluq içimdə idi.


Həkimlər Aytənin dediklərinə yenə də məhəl qoymayıblar. Təxminən 10 saat heç bir tibbi yardım almayan jurnalist çalışdığı şirkətin başçısına zəng vuraraq durumunu anladıb. Sonucda xəbər baş həkim Fərəh Qurbanovaya çatıb. Yalnız bundan sonra həkimlər əl-ayağa düşüb:


- Yarım saatdan sonra bütün xəstəxana ayaq üstəydi. Hər kəs mənim adımı bilirdi. Ancaq onlar mənimlə çox vəhşicəsinə davrandılar. Konservativ abort əməliyyatını heç bir keyidici, ağrıkəsici vasitələrdən istifadə etmədən apardılar. Göz görə-görə uşaqlığı tamamilə qaşıdılar. Çox dəhşətli proses idi. Mənim ağrılarıma, qışqırtılarıma məhəl qoyan yox idi. Səsim bütün xəstəxananı götürmüşdü. Mən xahiş edirdim ki, hələ ana olmamışam. Bunu nəzərə alsınlar. Əksinə, məni vurdular ki, qışqırma, özünü sərbəst apar.


«Bir iynə vuranda, səninlə maraqlananda, hiss edirsən ki, ciblərini sənə tərəf tutublar»


Aytən bu əməliyyatdan sonra böyük stress keçirib. Uzun müddət psixoloji müayinə alıb. Ancaq buna baxmayaraq hətta təsadüfən həmin xəstəxananın yanından keçəndə özünü ələ ala bilmədiyini deyir:


- Həmin qəddar abortun fəsadlarını indi də hiss edirəm. Daim gərginlik içindəyəm. Həmin günü daim xatırlayıram.


Aytən xəstəxanadan çıxandan qarşılaşdığı haqsızlığı ictimaiyyətə açıqlamağı düşünürmüş. Ancaq hər dəfə bu barədə söhbət gedəndə qazandığı psixoloji travmaların sanki yenilənməsi buna imkan verməyib:


- Çox güman ikibaşlı oyun gedəcəkdi. Sanki məni müdafiə edəcəkdilər. Ancaq həkimə xəstəylə kobud davrandığına görə yox, jurnalistin yanında özünü korrekt aparmadığına görə cəza verəcəkdilər.


Aytən Kərimova xəstəxanada qaldığı üç gündə xərclərinin 200 manatı üstələdiyini deyir. Onun sözlərinə görə, nə jurnalist olması, nə də məsələyə birbaşa baş həkimin qarışması həkimlərin və tibb personalının xəstədən pul almaq hərisliyinin qarşısını ala bilməyib:


- Çox qəribədi, gözləri sənin əlindədir. Bir iynə vuranda, səninlə maraqlananda, hiss edirsən ki, ciblərini sənə tərəf tutublar. Bu çox iyrəncdir. Xəstəxanada pulsuz heç nə yoxdur.


Bakı Şəhər Səhiyyə Baş İdarəsinin baş məsləhətçisi mama-ginekoloq Zemfira Topçubaşova isə Azərbaycanda doğuşun pulsuz olduğunu bildirir və doğum evlərində xəstələrdən pul tələb edilməsində qadınların özlərini və ailələrini suçlu sayır.



O, xəstəxanalarda pul tələb olunan vətəndaşları bu barədə Baş Səhiyyə İdarəsinə xəbər verməyə çağırır. Xanım Topçubaşova əmin edir ki, əgər qadınlar bu məsələdə prinsipiallıq göstərsələr və şikayətləri real faktlara əsaslansa, o zaman fədakar həkimlərin və bütünlükdə Azərbaycan səhiyəsinin adına ləkə gətirənlərin cəzalanmasına nail olmaq mümkündür.

Həkimlərdən öncə pişik…


5 saylı Doğum Evində olarkən baş həkim Fərəh Qurbanova ilə görüşmək istədik. Öyrənmək istəyirdik ki, insan taleyini 10 saat böyük risk altında saxlayan həkimlərlə bağlı hansı tədbirlər görülüb. Bilmək istəyirdik ki, Səhiyyə Nazirliyi xəstələrə pulsuz verilməli olan tibb preparatlarını xəstəxanaya göndərirmi, axırıncı dəfə yeni tibb avadanlıqları nə zaman alınıb, xəstəxananın sanitar qovşağının, istilik sisteminin durumu necədir. Ancaq bizim yanımızdan etinasızlıqla bər-bəzəkli kabinetinə keçən Fərəh Quliyeva müsahibə verməyəcəyini dedi.


Bundan sonra xəstəxanada özümüz müşahidə aparmalı olduq. Qəbul otağında bizi həkimlərdən öncə pişik qarşıladı. Özünü olduqca sərbəst aparan pişik qəbul şöbəsindən rahatca keçib gözləmə zalındakı dəlmə-deşikli divanın üstünə çıxdı, rahatca qıvrılıb yuxulamağa başladı.


Xəstəxanaya gətirilən qadınlar öncə bu şöbədə qeydiyyatdan keçirlər. Onların sağlıq durumları ilə bağlı ilk informasiya məhz burada alınır. Ancaq burada o qədər çirkli əşya vardı ki, qadınların hansısa infeksiyaya yoluxmayacağına böyük şübhə yaranır. Üzəri çirkli kapronla örtülü ginekoloji stolun yanında içərisi kirli suyla dolu üç vedrə gördük. Deyəsən, xadimə döşəməni yuyandan sonra işini başa çatdırmağı unutmuşdu. Krandan su gəlmirdi. Gözləmə otağında olanlardan öyrəndik ki, su xəstəxanaya saatlarla verilir, xəstəxanada şəraitsizlik addımbaşı hökm sürür.


«İndi ən təhlükəli məsələ qadınların övladlarını evdə dünyaya gətirməsidir »


On gün əvvəl Nardaran kəndinin sakinləri magistral yolu kəsərək kəndə qazın bütünlüklə, elektirik enerjisinin isə uzun fasilələrlə verilməsinə etiraz etmişdilər. Sakinlərin tələbləri sırasında qəsəbədə bir neçə il öncə tikilmiş doğum evinin fasiləsiz işıq-qazla təmin edilməsi də vardı. Sakinlərlə söhbətimizdə bəlli oldu ki, onları hiddətləndirən rəsmilərin Azərbaycanın enerji ixrac edən ölkələr sırasına çıxması haqda qürurla danışmalarıdır. Vətəndaşlar heç cür anlamır ki, Yunanıstana belə qaz satmağa hazırlaşan hökumət niyə daxili tələbatı sonadək ödəmədən belə addım atır:


- Dövrəmiz hər tərəf neftdir. Ancaq xalqa heç nə çatmır. Ətraf kəndlərin heç birində nə qaz var, nə işıq. Yaşamaq mümkün deyil. Bəs hara gedir Azərbaycanın bu qədər nefti, qazı?


Nardarandakı doğum evindən ətraf kəndlərin sakinləri də istifadə edir. Deylənlərə görə, burada həm şərait, həm xəstələrə münasibət başqa xəstəxanalardakından yaxşıdır. Ancaq şəhərdən uzaqda yerləşdiyindən kadr sarıdan bir qədər problemlər var. Ən əsası odur ki, burada başqa xəstəxanalarda olduğu kimi xəstələrdən böyük məbləğdə pul alınmır. Xəstələrin yaxınlarına elə belə də deyirlər, «nəyə gücünüz çatır, onu da verərsiniz».


Paytaxtın özəl klinikalarında həm analar, həm də körpələr üçün normal şərait olsa da, qadınların çoxu bu xəstəxanalara üz tutmağı ağıllarından belə keçirmir. Sözsüz ki, səbəb qiymətlərin həddən artıq bahalığıdır.


Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəhbəri Leyla Seyidbəyova özəl xəstəxanaların heç də hamısında tibbi qaydalara yetərincə əməl edilmədiyini deyir. Xanım Seyidbəyova deyir ki, bəzi özəl xəstəxanalarda körpələr həyatlarının ilk günlərində almalı olduqları peyvəndi almadan evə buraxılır.


Leyla Seyidbəyova: «Elə özəl klinikalar var, doğuşdan iki saat sonra qadın evə buraxılır. Bu, düzgün deyil».


Seyidbəyovanın fikrincə, indi ən təhlükəli məsələ qadınların övladlarını evdə dünyaya gətirməsidir. Bu, həm ananın, həm də körpənin taleyi üçün olduqca təhlükəlidir. 2006-cı ildə və 2007-ci ilin ilk doqquz ayında övladını evdə dünyaya gətirən dörd qadın kəskin qanaxmalardan vəfat edib: «Bu faktlar araşdırılmaq üçün prokurorluğa verilib. Evdə doğuşlara yardım edənlər vəfat edən qadınların öz yaxınlarıdır. Ona görə də faktlar ört-basdır edilir».


Hər il dövlət büdcəsində səhiyyəyə ayrılan xərclər artırılır. 2008-ci ildə də belə olacaq. Bununla yanaşı, Azərbaycan dövləti səhiyyənin inkişafı üçün bir sıra donor təşkilatlardan da maliyyə vəsaiti alır. Alınan vəsait isə çox zaman təmir, tikinti işlərinə xərclənir. Görünən odur ki, yeni təmirdən çıxmış binalarda tibbi xidmətin keyfiyyəti ilə yanaşı rüşvətin məbləği də durmadan artır.


XS
SM
MD
LG