Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:31

Səid Dadaşbəylinin apellyasiya şikayəti təmin edilməyib


Səid Dadaşbəyli 14 il müddətinə azadlıqdan məhrum edilib
Səid Dadaşbəyli 14 il müddətinə azadlıqdan məhrum edilib

Fevralın 25-də Bakı Apellyasiya Məhkəməsi Səid Dadaşbəyli və daha 14 nəfərin işi ilə bağlı apellyasiya şikayətinə baxaraq, ilkin məhkəmə instansiyasının hökmünü qüvvədə saxlayıb.


Səid Dadaşbəylinin vəkili Elçin Qəmbərov «Azadlıq» radiosuna bildirib ki, məhkəmə qapalı keçdiyi üçün təqsirləndirilənlər prosesdə iştirakdan imtina ediblər:


«Mən məhkəmə heyətindən Səid Dadaşbəyliyə bəraət verilməsini və 100 min manat təzminat ödənilməsini istədim. Digər vəkillər də bəraət tələb etdilər. Ancaq məhkəmə ilkin məhkəmə instansiyasının hökmünü qüvvədə saxladı».


Elçin Qəmbərov deyir ki, hökmü alan kimi Ali Məhkəməyə kassasiya şikayəti verəcəklər. Məqsəd həmin mərhələni də keçib Avropa Məhkəməsinə müraciət etməkdir.


Ötən ilin dekabrında Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «Səidin dəstəsi» kimi tanınan 15 nəfərə hökm oxunub. Səid Dadaşbəyli əmlakı müsadirə olunmaqla və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrum edilib.


Digər təqsirləndirilənlər də müxtəlif müddətlərə həbs cəzası alıblar.


İstintaq həmin şəxsləri dövlət çevrilişinə, islam dövləti yaratmağa cəhddə, İran xüsusi xidmətləri ilə əməkdaşlıqda və başqa cinayətlərdə ittiham edib.


XS
SM
MD
LG