Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:41

Buş Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyir


Buş Ukraynadan birbaşa Buxarestə uçaraq NATO sammitində iştirak edəcək
Buş Ukraynadan birbaşa Buxarestə uçaraq NATO sammitində iştirak edəcək

Aprelin 1-də «Vaşinqton Post» qəzeti ABŞ prezidenti Corc Buşun Ukraynaya səfərindən reportaj dərc edib. Məqalə «Buş Qərb alyansına qoşulmaq məsələsində ciddi fikir ayrılıqlarının mövcud olduğu Ukraynaya səfər edir» adlanır.


Müəllif Peter Beyker reportajı onunla başlayır ki, Ukrayna narıncı inqilabdakı Qərb sevgisini itirmiş kimi görünür. Kiyevin mərkəzi meydanında minlərlə nümayişçi kommunist bayraqları, oraq və çəkic simvolları altında etiraz aksiyası keçirir. Nümayişçilərin qaldırdığı şüarlar arasında «Yankilər evinizə qayıdın», «NATO Ukraynadan əlini çək» plakatları da var. Müəllif qeyd edir ki, kommunistlər Ukrayna əhalisinin əksər kəsimlərini təmsil etməsə də, onların çoxminli etiraz nümayişləri ölkədə Qərbə inteqrasiya istiqamətində ciddi fikir ayrılıqlarının olduğunu göstərir.



Prezident Buş martın 31-də Kiyevə rəsmi səfər edərək Ukraynanın və digər keçmiş sovet respublikası olan Gürcüstanın NATO-ya qəbul olunması ideyasını dəstəklədiyini nümayiş etdirib. ABŞ prezidenti aprelin 1-də Ukraynadan birbaşa Buxarestə uçaraq NATO-nun üç günlük sammitində iştirak edəcək. Sammitdə əsas məsələ NATO-ya yeni üzvlərin qəbul olunması olacaq. Müəllif qeyd edir ki, Xorvatiya, Albaniya və Makedoniyanın NATO üzvlüyünə qəbulu məsələsində alyans üzvləri arasında heç bir fikir ayrılığı yoxdur. Amma ABŞ prezidenti bir addım da irəli gedərək NATO üzvlüyünün Ukrayna və Gürcüstana da şamil olunmasını istəyir.


Ukraynanın özündə keçirilmiş rəy sorğularına görə əhalinin yalnız 24 faizi NATO-ya üzv olmaq ideyasını dəstəkləyir və respondentlərin 50 %-i bu fikrin əleyhinə çıxış edir
Ukrayna prezidenti Yuşenkonun xarici siyasət üzrə müşaviri Aleksandr Çalyi qəzetə müsahibəsində rəsmi Kiyevin NATO üzvlüyünə can atmasını belə əsaslandırır: «Biz öz təhlükəsizliyimizdə boşluq görürük, çünki həm qərb, həm də şərqdəki qonşularımızın hamısı hansısa bir təhlükəsizlik sisteminə daxildirlər. Biz isə bu sistemlərin heç birində deyilik». Ukrayna rəsmisi onu da əlavə edib ki, Ukraynanın Rusiya təhlükəsizlik sisteminə qayıtmaq fikri yoxdur və əgər bu ölkə NATO-ya qəbul edilməsə soyuq müharibənin axırıncı səhifəsi çevrilməmiş qalacaq.


Rəsmi Moskva isə bir daha bildirib ki, Ukrayna və Gürcüstanın NATO-ya qəbul edilməsi Rusiyanın qırmızı xəttinin keçilməsi kimi qiymətləndiriləcək. Prezident Putin bu iki ölkənin NATO üzvləri olacaqları təqdirdə onlara tərəf nüvə raketlərinin tuşlanacağını bəyan edib.


Müəllif qeyd edir ki, hələlik Ukrayna və Gürcüstan Buxarest sammitindən NATO üzvlüyü üçün fəaliyyət planına daxil edilmələrini gözləyirlər ki, bu addım da atılsa əvvəl-axır bu iki ölkə NATO-ya tam hüquqlu üzv kimi qəbul ediləcəklər.


Hərçənd ki, Kanada və NATO-nun Şərqi Avropadan olan doqquz üzvü Ukrayna və Gürcüstan üçün üzvlük fəaliyyət planının (membership action plan-red.) təsdiqlənməsinə tərəfdardırlar, Almaniya və digər Avropa ölkələri Ukraynada NATO üzvlüyü barədə ciddi fikir ayrılığını və Gürcüstanın Osetiya və Abxaziya problemlərini əsas gətirərək bu fikrin əleyhinə çıxış edirlər.


Prezident Buş hələ də ümid edir ki, bu məsələdə müttəfiqlərini yola gətirə bilər. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ştefen Hadli hava limanında jurnalistlərə bunları söyləyib: «Biz hesab edirik ki, çox, çox, çox vacibdir ki, Gürcüstan və Ukraynanın NATO üzvlüyünə olan istəklərini alqışlayaq».


Rusiya prezidenti Putin də Buxarestə səfər edərək bəzi Avropa dövlətlərini bu ideyaya dəstək verməkdən çəkindirməyə çalışır. Ukrayna və Gürcüstanın üzünə NATO qapılarının bağlanması müqabilində Rusiya NATO-ya Əfqanıstandakı hərbi əməliyyatlar üçün öz ərazisindən keçən hava koridoru belə vəd edir. «İzvestiya» qəzetinə müsahibə verən Rusiya xarici işlər naziri Sergey Lavrov deyir: «Biz əməkdaşlığa hazırıq, amma bizim maraqlarımıza zərbə vuran tendensiyalara qarşı sərt danışacağıq».


Yekunda müəllif onu da qeyd edir ki, hələ ki, Ukraynanın özündə keçirilmiş rəy sorğularına görə əhalinin yalnız 24 faizi NATO-ya üzv olmaq ideyasını dəstəkləyir və respondentlərin 50 %-i bu fikrin əleyhinə çıxış edir.


XS
SM
MD
LG