Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:58

«Yaxşı ki, müharibədən əlil qayıtdım…»


Azərbaycanda 40 minədək müharibə veteranı var, Bakı, 9 may 2008
Azərbaycanda 40 minədək müharibə veteranı var, Bakı, 9 may 2008

Müharibə Dünyamalı Mikayılovdan təkcə qardaşlarını, dostlarını, bir ayağını yox, həm də ilk sevgisini alıb: «Müharibə olmasaydı, sevdiyim qızla evlənərdim. İndi qoca vaxtında kimi sevəsən?!»


«1945-ci ilin 9 mayında mən Potsdamdaydım. Onda biz baryam əhval- ruhiyyəsində deyildik. Bircə deyirdik ki, Allah sənə çox şükür, sağ qaldıq…»


İkinci Dünya müharibəsinin veteranı Dünyamalı Mikayılov belə deyir.


Amma bu gün həmin müharibənin döyüşçüləri bayram əhval-ruhiyyəsinə kökləniblər. Çünki ildə bir dəfə, məhz Qələbə günü hamı onların başına toplaşır. Veteranlar da müharibədə aldıqları orden-medalları yaxalarına düzüb şənlərinə düzənlənən mərasimlərə qatılırlar. Elə bu mərasimlərin birində tanış olduğum Dünyamalı Mikayılov da orden-medallı sinəsini şəstlə qabağa verib veteranların sırasında özünə yer tutmuşdu. O, deyir ki, müharibənin od-alovuna düşəndə 17 yaşı varmış. Bir ay təlim keçib silahın dilini az-maz öyrənəndən sonra onu döyüşün ən qaynar nöqtələrinə göndəriblər. Danışır ki, üstündən illər keçsə də, döyüşdüyü günlər nə yadından çıxıb, nə də yuxusundan: «Hərdən yuxuda görürəm ki, filan yerdə döyüşürəm, düşməni təqib edirəm».


Dünyamalı Mikayılov onu da söyləyir ki, alman faşistlərindən əsir də tutubmuş, hətta onu döyərkən, yoldaşları əlindən alıb: «Biz onların ucbatından müharibəyə getdik, sevdiyimizdən uzaq düşdük».


Müharibədən qayıdandan sonra sevdiyi qızı tapa bilməyib, harasa köçüblərmiş. Müharibə Dünyamalı kişidən təkcə qardaşlarını, dostlarının, bir ayağını yox, həm də ilk sevgisini alıb: «Müharibə olmasaydı, sevdiyim qızla evlənərdim. İndi qoca vaxtında kimi sevəsən?!»


Cəbhədə sevgilisi və doğma yurdundan ötrü darıxan Dünyamalı Mikayılov iki dəfə yaralanıb, ancaq sağalıb və yenidən döyüşə qayıdıb. Üçüncü dəfə yaralananda isə ayağını itirib və müharibəyə yararsız sayıldığından evinə buraxılıb. Deyir, cavan ikən şikəst olmağından üzülsə də, indi sevinir ki, nə yaxşı əlil qayıdıb: «Çünki təqaüd alıram…»


Dünyamalı Mikayılov bahalaşmadan gileylənir, deyir ki, «bir az pensiyamızı artırsalar, yaxşı olar».


Beş il müharibənin od-alovundan keçən Dünyamalı Mikayılov arzu edir ki, bir daha savaş olmasın…


1941-1945-ci illərdə Azərbaycanın 3 milyon yarım əhalisindən 600 mindən çoxu cəbhəyə gedib, onlardan təqribən yarısı döyüşlərdə həlak olub.


İndi Azərbaycanda 40 minədək müharibə veteranı var, onlardan 12 min 500-ü döyüşlərdə iştirak edib. O dövrün ən ali mükafatını Sovet İttifaqı Qəhrəmanı adını almış 134 nəfərdən artıq sağ qalan yoxdur. Prezidentin fərmanı ilə hər veterana 150, ailəsinə isə 100 manat birdəfəlik yardım verilib.


XS
SM
MD
LG