Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:46

İki cür vətənpərvərlik


Obama tənqiddən nəticə çıxarıb yaxasına balaca Amerika bayrağı nişanı vurdu
Obama tənqiddən nəticə çıxarıb yaxasına balaca Amerika bayrağı nişanı vurdu

İyunun 26-da «Taym» jurnalı xarici siyasət üzrə mütəxəssis və tarixçi alim Peter Beynartın «Patriotizm halı» başlıqlı məqaləsini dərc edib. Yazıda müəllif Amerikadakı prezident seçkilərində respublikaçı və demokrat partiyalarının toqquşduğu mühüm məsələlərdən birini təhlil edir-Vətənpərvərlik nədir? Amerikanın iki partiyasının buna fərqli cavabı var. Müəllif yazır ki, Barak Obamanı respublikaçılar vətənpərvər olmamaqda ittiham edəndə onun tərəfdarlarının standart bir cavabı var: «Əsl vətənpərvərlik siyasətçilərin yaxalarına vurduqları balaca bayraqlardan ibarət deyil. Simvollar əsas deyil, əsas atılan addımlardır. Əsas odur ki, hökumət səhv istiqamətdə gedəndə onun qarşısında dura biləsən». Müəllif bunu qeyd edəndən dərhal sonra yazır ki, Barak Obama bütün hallarda tənqiddən nəticə çıxarıb yaxasına balaca Amerika bayrağı nişanını vurdu. Çünki o, inana bilsə də ki, döş nişanlarının belə məsələlərdə heç bir əhəmiyyəti olmamalıdır, o «olmalı olanla mövcud olan arasındakı fərqi başa düşür».


1972-ci ildə demokratların namizədi Corc MakQovern öz yaxasına Amerika döş nişanı vurmaqdan imtina etmişdi, Niksonun isə bütün kampaniya üzvləri yaxalarında bayraq gəzirdilər. MakQovern uduzdu. 1988-ci ildə demokrat Maykl Dukakis vaxtilə Massaçusets qubernatoru olarkən tələbələrin məcburən Amerikaya andiçmə mərasimini ləğv etdirdiyinə görə seçicilərin gözündə daha az vətənpərvər kimi göründü və Cocr Buşa (ata) uduzdu. Barak Obama bunları bilir və Kennedinin yolu ilə gedərək vətənpərvərlik kartını rəqibə təslim etmək istəmir. Amma bütün hallarda demokratların vətənpərvərliyə baxışı ilə respublikaçıların eyni mövzuya daha mühafizəkar baxışları arada bir fərq yaradır.


Keçmişin mühafizəsi


Zahirən vətənpərvərliyin tərifi çox sadədir-vətənini sevmək, vəssalam. Amma suallar çıxır ki, biz vətəni niyə sevirik və bu sevgi özünü necə büruzə verir. Mühafizəkarların bu suallara cavabı MakKeynin yazdığı kitablardan birinin başlığında öz əksini tapıb-«Dədə-babalarımın İnancı». Niyə biz vətəni sevməliyik? Qismən ona görə ki, bizim əcdadlarımız vətəni sevib. Amerika mahnısına yazılan sözləri yada salın: «Mənim vətənim, ata-babamın öldüyü torpaq, pilqrimlərin qürur duyduğu yer». Demokratların çoxu bu sözləri heç də mahnının ən gözəl yeri saymır. Bəs atası Amerikada yox, başqa yerdə ölənlər nə etsin? Bəs pilqrimlərin Amerikada törətdiyi pisliklər necə olsun? MakKeynin kitabındakı başlığın göndərdiyi sətiraltı mesaj ondan ibarətdir ki, vətənpərvərlik seçim məsələsi deyil, miras məsələsidir. Bir millətə doğulmaq bir dinə, yaxud ailəyə doğulmaq kimi bir şeydir.


Müəllif yazır ki, bu səbəbdən mühafizəkarlar inanırlar ki, Amerikanın bu gününü sevmək onun keçmişini də sevməyi tələb edir. Buna görə də mühafizəkarlar Amerikanın keçmişinə təftişlə yanaşan siyasi korrekt təhsilə yaxşı münasibət bəsləmirlər və periodik olaraq Amerikanın keçmişini müdafiə edən kitablar yazırlar. Onlar inanırlar ki, əcdadlarımıza münasibət öz ata-anamıza olan münasibət kimidir. Biz onlara hörmətsizlik edəndə özümüzə hörmətsizlik etmiş oluruq. Buna görə də Obamanın həyat yoldaşı Mişel Obama deyəndə ki, «mən öz şüurlu həyatımda ilk dəfədir ki, öz ölkəmlə fəxr edirəm» mühafizəkarlar çox narazı qalmışdı. Mühafizəkarlara görə bu cür bəyanatlar ona və bütün Amerikalılara çox şey vermiş bu ölkə və bu millətə qarşı naşükürlükdür.


Mühafizəkarlar bilirlər ki, Amerika ideal ölkə deyil, amma onların fəlsəfəsi insan təbiəti barədə daha bədbin olduğundan onlar məsələlərə daha geniş müstəvidə baxmağa üstünlük verirlər. Onlar bilirlər ki, tarixdə tiraniya bir qayda olaraq hökm sürən rejim olub, demokratiya isə daha çox istisna xarakteri daşıyıb. Bu nöqteyi-nəzərdən Amerikanın ən qaranlıq keçmişi belə işıqlı görünür. Mühafizəkarlar ehtiyat edirlər insanlar hər şeyi öz gücləri hesabına dəyişməyə həddən artıq inam bəslədikdə mövcud düzəndə xeyli dəyişikliklər edərlər və son nəticədə vəziyyəti yaxşılaşdırmaq əvəzinə pisləşdirərlər. Bu səbəbdən mühafizəkarlar Amerika ənənələrinə qarşı çıxan hər bir addımda böyük bir təhlükə görürlər.


Müəllif yazır ki, keçmişi tərifləməkdə mühafizəkarlar bəzən həddən ziyadə irəli gedərək paradoksal vəziyyət yaradırlar, məsələn prezident Reyqan öz çıxışlarının birində deyirdi: «Mən ona görə prezident olmaq istəmişəm ki, bu ölkə bir daha elə bir yerə çevrilsin orada 6 yaşındakı qızcığaz böyüyəndə mənim həmin yaşda Amerikada görmüş olduğum azadlıqları görsün». Paradoks ondadır ki, Reyqanın 6 yaşı olanda, məsələn, qaradərili əhali və qadınların səsvermə hüququ yox idi. 1917-ci ildə - Reyqanın 6 yaşı olanda birinci dünya savaşı üzündən Amerikada başlamış anti-alman isteriyası Amerikada Bramsın və Bethovenin əsərlərinin səslənməsinə qadağaların qoyulmasına gətirib çıxarmışdı. Amma yenə də mühafizəkarlar Amerikanın ənənələrini dünyada digər ölkələrin təcrübələrindən daha yaxşı qiymətləndirərək qoruyurlar və bu keçmişə olan idealist hücumları potensial olaraq zərərli hesab edirlər.


Makkeyn immiqrasiya məsələsində yumşaq olsa da, mühafizəkarlar bu məsələdə də məhz öz vətənpərvərlik dünyagörüşlərinə görə daha sərt mövqe tuturlar. Onlara görə bu ölkəyə köç edib assimilyasiya olmaq istəməyən, hər imkanda öz ölkələrinin bayraqları ilə küçələrdə nümayişlər keçirən milli azlıqlar Amerika ənənələrini və deməli bu ölkənin özünü dağıdırlar.


Daha cəsarətli gələcəyə ümid


Demokratların vətənpərvərliyə baxışları başqadır. Onlara görə vətənpərvərlik şanlı keçmişin mirasından daha çox keçmişə haqq qazandıran gələcəyə olan ümiddir. Obamanın ilk əvvəl yaxasında niyə Amerika bayrağı olan döş nişanı gəzdirməməsi sualına verdiyi cavaba nəzər salın: «Mən öz yaxamda döş nişanı gəzdirməyəcəyəm. Əvəzində mən Amerikalılara deyəcəyəm ki, mən nəyə inanıram və bu inandıqlarım ölkəmizi necə böyük və şanlı edəcək. İnanıram ki, bu, mənim vətənpərvərliyimin sübutu olacaq»-, deyə Obama keçən payız ona verilən suala cavab vermişdi. Bu ölkəni şanlı etmək? Bəyəm ölkə artıq şanlı deyil? Məgər Amerika indi olduğu kimi kifayət qədər yaxşı deyil? Demokratların bu suala cavabı belədir ki, Amerika kifayət qədər böyük və şanlı deyil. Demokratlara görə Amerika ümumi mədəni irs və ənənələrdən daha çox demokratiya, bərabərlik və qanunun aliliyi barədə ideallar toplusu deməkdir. Bu dünyagörüşünə görə vətənpərvərlik bu ideallarla reallıq arasındakı fərqi azaltmaqdan ibarətdir və bu səbəbdən də vətənpərvərlik keçmişə hörmət və onun təkrarı yox, onun ötürülməsindən ibarətdir.


Əgər respublikaçılar öz dünyagörüşlərini əsaslandırmaq üçün Reyqandan nümunələr gətirirlərsə, demokratlar üçün belə bir fiqur Con Kennedidir. Kennedi alman klassiki Hötedən misal gətirərək deyirdi ki, «Faust öz azadlığını və ruhunu onda itirdi ki, ötən zamana «dayan, sən necə də ədalətlisən!» dedi». Kennedi deyirdi ki, Amerikalılar da «ötən zamanı dayandırıb keçmişin nailiyyətlərinə arxalansalar, tərəqqinin nəbzinə qarşı getsələr», eyni riski yaşamış olacaqlar. «Yalnız keçmişə, yaxud indiyə baxanlar əminliklə gələcəklərini itirmiş olurlar», deyə Kennedi öz fikirlərini davam etdirirdi.


Müəllif yazır ki, bu iki baxış arasındakı fərq kəllə-kəlləyə gələn prezidentliyə namizədlərin həyatında da öz əksini tapıb. Keçmişə ehtiram göstərib ənənələrin qorumağın tərəfdarı kimi çıxış edən Makkeynin babası da, atası da admiral olub, onun özü də onların yolu ilə gedərək Vyetnam müharibəsi qəhrəmanı oldu. Barak Obama isə Afrikalı bir kəndlinin oğlu idi və o öz keçmişindən qaçaraq Amerika arzusunu həyata keçirən bir simvola çevrildi. Makkeynin şəxsiyyəti öz irsi tərəfindən müəyyənləşdirildiyi bir halda, Obama Amerikaya məxsus bir fenomenin-özünükəşfin məhsuludur. Obama hər şeyi özü seçib: öz ixtisasını, öz yaşadığı şəhəri, öz dinini və hətta öz irqini. Təbii ki, Obamanın birinci kitabının başlığı «Dədə-babamın İnancı» deyil və belə ola da bilməzdi. Amma onun kitabı «Atamın arzuları»dır. Obama üzünü görmədiyi atasını arzularında xəyal edirdi və bu arzulardan öz həyatını qururdu. Əgər respublikaçılar ehtiyat edirlərsə ki, immiqrantlar ölkəyə kifayət qədər uyğunlaşmırlar və onu dağıdırlar, Obamanın timsalında demokratlar inanır ki, ölkəyə köç edənlərin assimilyasiyası elə də çətin bir proses deyil və bu son nəticədə ölkəni dağıtmır, əksinə onu gücləndirir.


Obama prezident seçilsə, bu, keçmişin qərəzi üzərində bir qələbə olacaq. Kennedi ilk katolik prezident kimi bir səddi aşmışdısa, qaradərili namizəd kimi Obamanın qələbəsi ikinci belə bir səddi aşır və ölkə Mişel Obamanın xatırlatdığı kimi əvvəlkindən daha yaxşı və qürur duyulası bir ölkə olur. Demokratlar Amerika haqqında daha çox belə düşünürlər: vətən və millət müsbət ideallara sadiqliklə vətəndaşların sevgisini qazanmalıdır və buna layiq olmalıdır. Respublikaçılara görə isə ilk əvvəl vətənə sədaqət gəlir, sonra siyasət və ideallar. Demokratlara görə mübarizəsiz vətənpərvərlik mahiyyətsiz bir boşluqdur. Əgər döş nişanları Amerikalıları müsbət ideallar uğrunda mübarizəyə ruhlandıracaqsa, onda onların əhəmiyyəti var, amma belə bir təhlükə də var ki, bu simvollar hakimiyyətdə olan adamların əlində bu mübarizəni əvəzləyən bir surroqata çevrilə bilər. Sonuncu haqda vətənpərvərliyi göstərən döş nişanları ikiüzlülük və mövcud vəziyyətlə barışmağın ifadəsinə çevrilir.


Respublikaçıların ən vəcdə gəldikləri hekayələrdən birini misal çəkən müəllif yazır ki, Makkeynlə birgə əsirlikdə olmuş Mayk Kristian Amerika bayrağını öz paltarının içinə tikmişdi. Vyetnamı əsgərlər bunu görüb onu yarımcan döyürdülər və gözləri şişmiş, qanla örtülmüş və demək olar ki, görməyən Amerika əsgəri təkrar-təkrar döyülməyinə baxmayaraq öz bayrağını köynəyinə tikməkdə davam edirdi.


Demokratların sevdikləri hekayə isə quldarlıq əleyhinə məşhur mübariz Frederik Duqlasın 1852-ci ildə etdiyi 4 iyul çıxışıdır: «Qul üçün iyulun 4-ü nə deməkdir? Sizin milli təntənəniz və sevinciniz içində milyonların harayını eşidirəm ki, əgər onların zəncirləri dünən ağır idisə, bu gün bu təntənə onların qulaqlarına çatdıqca bu zəncirlər daha dözülməz olur».


Müəllif qeyd edir ki, hər iki vətənpərvərliyin zəif və güclü tərəfləri var. Əgər mühafizəkar vətənpərvərlik daha dar çərçivəlidirsə, liberal vətənpərvərlik lazımi qədər dar çərçivəli deyil. İnsan məfhumunun çox vurğulanması vətən anlayışının özünü sual altına qoya bilər və sonda belə bir sual yarana bilər ki, hansı haqla amerikalıların dünyanın başqa xalqlarından daha çox xoşbəxt olmaq hüququ var? Əgər bütün insanların xoşbəxtliyi eyni dərəcədə mühümdürsə, niyə Amerika öz milli büdcəsini tamamilə, məsələn, Afrikadakı problemlərin həllinə xərcləməsin?


Bütün bu ifrat nöqtələr arasındakı balansı tapmağı oxucunun öz öhdəsinə buraxan müəllifin son məsləhəti budur ki, istənilən şəxsi vətənpərvər olmamaqda suçlayanda bu ifrat nöqtələrin arasındakı bütün xırdalıqlara fikir verilsin.


XS
SM
MD
LG