Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:30

Sabirabadda at-eşşək arabasına keçməyən az adam qalıb


Vüqar bildirir ki, bir tərəfdən də benzinə pul çatdıra bilmirlər
Vüqar bildirir ki, bir tərəfdən də benzinə pul çatdıra bilmirlər

«And olsun Allaha, kəndimizdə iki nəfər bostan əkib. Biri nəzir eləyib ki, asfaltın qırağında teşt qoyub halva bişirib paylayacaq ki, borcları qurtarsın. O biri də nəzir eləyib ki, borcdan qurtarım məsciddə ehsan verəcəm».


Saatlı rayonunun Əlisoltanlı kənd sakini Çingiz deyir ki, onların başqa yolu qalmayıb. Ümidləri nəzir boyun olmağa, ehsan verməyə çatır. Çünki indiki qiymətlərə güc çatası deyil. Çingiz bir-neçə il pambıqçılıqla məşğul olub, amma xərci–borcunu ödəmədiyindən bu il pambıq əkməyib. Üstəlik, ötən ildən pambıq zavoduna borclu qalıb:


«Zavoda 80 manat çiyid pulu borcluyam. Sağ olsunlar hələ ki, borcun dalınca gəlmirlər».


Kür çayının sahilində yaşamalarına baxmayaraq Saatlı kəndlilərinin bu il ən ciddi problemi su ilə bağlı olub. Üç-dörd gün əvvəl kanallara su vurulduğunu deyən kənd camaatının sözlərinə görə, heç vaxt builki kimi çətinlik çəkməyiblər.



«Mənim sahəm bu gün biçilməlidi, vaxt otür, yonca çöpə dönür»

Saatlıda su qıtlığı, texnika çatışmazlığı, əkin-biçin xərclərinin bahalığı, istehsal olunan məhsulun əllərdə qalması adamların əlini əkin-biçindən tamamilə soyudub.


İndi Muğan bölgəsində adamların az-çox pul qazandığı sahə yemçilikdi. Demək olar ki, əksər əkin sahələrinin yerini yonca sahələri əvəz edir.


Sabirabadın kəndlərində indi at-eşşək arabasına keçməyən az adam qalıb. Bütün işlər yük heyvanlarının vasitəsilə görülür. Adamlar deyirlər ki, heç bir xərcimiz çıxmadan bütün yüklərimizi daşıya bilirik.


Saatlı-Sabirabad yolunda at arabasıyla qarpız-yemiş daşıyan Vüqar deyir ki, maşınları xarab olub, ancaq pul yoxdu ki, onu təmir etdirsinlər. Vüqar bildirir ki, bir tərəfdən də benzinə pul çatdıra bilmirlər, ona görə də işlərini elə at arabasıyla görürlər.


Sabirabadın ucqar kəndləri ot biçini, taxıl yığımı üçün kombayn arxasınca Salyana gedirlər. Səhər tezdən kombayn axtarışında olan Nurağa kişi onu günorta saatlarında Salyanın Noxudlu kəndində tapmışdı. Çox təkid edirdi ki, onun ot sahəsi tez, yəni elə həmin gün biçilsin:


«Mənim sahəm bu gün biçilməlidi, vaxt otür, yonca çöpə dönür».


Gəzdiyim hər üç rayonda - Saatlı, Sabirabad və Salyanda əkin-biçinlə məşğul olanlara pul yardımları verilsə də, güzəştli qiymətə gübrə verilməsini deyən olmadı.



Muğan bölgəsində adamların az-çox pul qazandığı sahə yemçilikdi

Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiri İslam İbrahimov isə deyir ki, bu il əkinçiliklə məşğul olanların hamısına maddi yardımlar edilib. Növbəti il üçün yardımların verilməsilə bağlı nazirlikdə komissiyanın fəaliyyət göstərdiyini deyən İbrahimova görə, bu il kənd təsərrüfatında məhsul yığımı ötən illə müqayisədə xeyli çoxdu. Şöbə müdiri deyir ki, ötən ilin indiki dövrüylə müqayisədə bu il 200 min tondan artıq məhsul yığılıb.


İslam İbrahimov bildirir ki, son illər yonca sahələri xeyli artıb ki, bu da heyvandarlığın inkişafıyla bağlıdı. O deyir ki, kənd təsərrüfatına qayğı heç vaxt indiki qədər olmayıb. İbrahimovun sözlərinə görə, bu gün taxıl əkənlərə bir hektara 80 manat əvəzsiz yardım verilir. Bundan başqa, gübrə üçün 50 manat güzəştli yardım edilir.


İqtisadçı Qadir İbrahimli isə kənd təsərrüfatına yüksək qayğı göstərilməsi fikriylə heç cür razılaşmır. O deyir ki, kəndlinin ölkə üçün strateji məhsul hesab edilən taxılçılıqdan yavaş-yavaş imtina etməsi bu sahənin az gəlir gətirməsilə bağlıdı. İqtisadçıya görə, indi kəndlinin bir neçə ciddi problemi var. Bunlardan biri xərclərin çoxluğudursa, digəri də istehsal olunan məhsulun xeyli ucuz olmasıdı.


Qadir İbrahimli deyir ki, əslində bu problemlərin aradan qaldırılması üçün emal sahələrinin sayı çoxaldılmalıdı.


XS
SM
MD
LG