Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:45

Sergey Strekalinə 1 il 6 ay həbs cəzası verildi


Sergey Strekalin
Sergey Strekalin

«Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlili bıçaqlamaqda və başqa cinayətdə ittiham edilən Sergey Srekalin 1 il 6 ay həbs cəzası aldı. Bu barədə qərarı iyulun 15-də Nəsimi Rayon Məhkəməsinin hakimi Şahin Abdullayev verdi. Hökmdə qeyd edilir ki, Sergey Strekalin həm qəsdən bədənə az ağır xəsarət yetirməkdə, həm də narkotik vasitələri satış məqsədi olmadan saxlamaqda təqsirli bilinir. Hər bir maddə üzrə hakim 1 il həbs cəzası müəyyən etdi və cəzaları toplamaq yolu ilə ona l il 6 ay həbs cəzası kəsdi.


Strekalinin cəzası aprelin 2-dən hesablanacaq. O, cəzasını yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.


Məhkəmə zalında olan jurnalist Aqil Xəlil arxasını hakimə tərəf çevirərək hökmü dinləyirdi. Hökm qərar hissəyə çatdıqda isə o, «ədalət zəfər çalmadı» - deyə qışqırmağa başladı.


Hakim isə nəzarətçilərə göstəriş verdi: «Onu zaldan çıxarın».


Hökm bitməmiş məhkəmə zalından çıxarılan Aqil Xəlil dedi ki, onu Sergey Strekalin bıçaqlamayıb və bu şəxsi tanımır. A.Xəlilin sözlərinə görə, o, məhz yazılarına görə, bıçaqlanıb və bunun Sergey Srekalinə heç bir aidiyyatı yoxdur. Jurnalist ehtimal edir ki, Sergey Strekalin başqa cəzalarının yüngülləşdirilməsi məqsədi ilə məhz bu əməli öz üzərinə götürüb:


«Mənim döyülməyimlə bıçaqlanmağım bir məsələdir. Məqsəd sifarişə əsasən məni öldürmək idi. Məhkəmə də sifariş yerinə yetirdi».


Aqil Xəlilin vəkili Elçin Sadıqov isə bu hökmü «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidə verilən cəza ilə müqayisə edərək hər iki işi «siyasi sifariş» adlandırdı. O, yada saldı ki, Qənimət Zahid də bədənə az ağır xəsarət yetirməkdə ittiham edilsə də, ona 4 il cəza verilmişdi. Üstəlik, 1 il 6 ay cəza alan Sergey Srekalin narkotik vasitə saxlamaqda da günahlandırılırdı. Halbuki, sonuncu maddəylə «Azadlıq» qəzetinin başqa bir yazarı Mirzə Sakit düz üç il həbs cəzası almışdı. Elçin Sadıqovun sözlərinə görə, bütün bunlar məhkəmə sisteminin hakimiyyətin əlində siyasi cəza mexanizminə çevrildiyini göstərir:


«Görünür, onlar öz əməliyyatçılarına, sifarişlərini yerinə yetirənlərə daha az cəza vermək yolunu tutublar. Biz hökmdən şikayət verəcəyik».


Hökmdən Sergey Strekalinin vəkili Akif Məlikov da narazı qalmışdı.


Hər halda onun deməsinə görə, qərardan apellyasiya şikayəti vermək niyyətindədilər. Akif Məlikov deyir ki, Sergey Strekalin özünü narkotik vasitələr saxlamaqda yox, yalnız Aqil Xəlili bıçaqlamaqda qismən təqsirli bilir:
«Ona şərti cəza və ya müxtəlif islah işləri vermək olardı. Strekalin birinci dəfədir həbs edilir».


XS
SM
MD
LG