Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:39

«Azərbaycanda hakimiyyəti itirmək qorxusu həddindən artıq güclüdür»


«Demokratiyanın radikal anlamda tətbiqinə ehtiyac var»
«Demokratiyanın radikal anlamda tətbiqinə ehtiyac var»

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) vitse-prezidenti, Monitorinq Komitəsinin Azərbaycan üzrə sabiq həmməruzəçisi Andreas Qross «Azadlıq» radiosuna eksklüziv müsahibə verib. Müsahibəni təqdim edirik:


- Siz hələ də Azərbaycanla bağlı vəziyyəti izləyirsiniz?


- Əlbəttə, indi əvvəlki, mənim məruzəçi olduğum zamankı qədər izləmirəm. Onda mən çoxlu məktub alır və bütün xəbərləri oxuyurdum. Amma AŞ PA-nın istənilən üzvü məsələlərdən xəbərdar olur. Məsələn, son sessiyada Azərbaycanda demokratik institutların fəaliyyəti ilə bağlı qətnamə çıxarılmışdı. Və deyildiyinə görə, bu, indiyədək Monitorinq Komitəsinin Azərbaycan haqqında çıxardığı ən kəskin qətnamə olub. Mən çox məyusam ki, biz bu gün seçki ərəfəsində dörd il bundan əvvəlki situasiyaya oxşar situasiya ilə üz-üzəyik.


- Sizcə, bunun səbəbi nədir?


- Mən özümü elə göstərə bilmərəm ki, guya, bu sualın cavabını bilirəm. Mənim bəzi ehtimallarım var və onlar müzakirə oluna bilər. Amma mənim əsas təəssüratım budur ki, ölkənin resurslardan – neftdən, hasilatın və neftin qiymətinin artmasından qazandığı vəsait o qədər böyükdür ki, hakimiyyəti itirmək qorxusu həddindən artıq güclüdür. Odur ki, paradoksal olsa da, hakimiyyəti bölüşmək hazırlığı yaranmayıb. Zənginləşdikcə daha açıq olmaq və daha çox bölüşmək əvəzinə, sən ölkənin qazandığı bütün bu varidatı əlində saxlamağa çalışırsan. Bu baxımdan, oliqarx strukturları da açılmayıb, liberallaşmayıb, demokratikləşməyib. Və məndə belə təəssürat yaranıb ki, daha çox qazandıqca, onlar bölüşməməyə daha həris olurlar. Əlbəttə ki, bu, çox kədərlidir. Bu, insanlara çox az ümid verir.


- Belə bir mövqe səslənir ki, Avropa Şurasında üzvlük Azərbaycana islahatlar işində çox yardım etməyib. Hətta qanunlar məzmunca yaxşılaşsa da, onların tətbiqi baş vermir. Sizcə, səbəb nədir? Əgər söhbət sadəcə siyasi iradənin olmamasından getsəydi, onda heç qanunlar da olmazdı axı...


- Bunlar iki müxtəlif suallardır. Birincisi, mən məruzəçi olanda da hər zaman deyirdim ki, qanunları qəbul etmək kiçik bir addımdır. Onun yerinə yetirilməsi isə artıq böyük addımdır. Siz yalnız pəncərələri bəzəyəndə onda elə bu cür edirsiz – qanunları qəbul edirsiniz və onları yerinə yetirmirsiniz. Çünki yerinə yetirərkən siz həmin qanundan adi vətəndaşların yararlanmasına şərait yaradırsınız. Amma diktatura sistemindən demokratik sistemə keçid edəndə siz çox böyük kataklizmlərlə üzləşirsiniz. Avropa Şurasında üzvlük digər ölçü sisteminə keçidin ilkin məsələlərindən biridir. Üzvlük artıq siyasi iradənin ifadəsidir. Amma həm də burda deyilə bilər ki, bəzi adamlar var ki, demokratiya klubunun üzvü olmaq istəyirlər, amma özləri heç bir şey vermək istəmirlər. Çünki nəyisə vermək onların hakimiyyətini sual altına qoymaq demək olardı. Məncə, Avropa Şurasına üzvlük səhv addım deyil. Məncə, Rusiya və digər Qafqaz xalqlarının üzvlüyü də səhv addım olmayıb. Amma mən məyusam ki, Avropa Şurasının resursları, digər ölkələrin parlamentarları sizə qanunları daha yaxşı tətbiq etməkdə yardımçı ola bilməyib. Və məndən bunun səbəbini soruşsanız, deyə bilərəm ki, kifayət qədər adam nəyin baş verdiyini öyrənmək üçün səy göstərmir. Onu da deməliyəm ki, bəzi parlamentarlar hansısa prezidentin onları görüşə dəvət etməsindən, qəşəng otellərdə yaşamaqdan, xalçalardan o qədər məmnun olurlar ki, onlar Parlament Assambleyasının üzvü olmağın anlamını, öz məsuliyyətini yaddan çıxarırlar. Digər tərəfdən, mənim ölkəmin naziri və hətta prezidenti Azərbaycana gedib və neft ixracı ilə bağlı kontrakt imzalamalarından xoşbəxt idilər. Və o, ən azı ictimaiyyət üçün açıq olan çıxışlarında Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı vəziyyətin necə olmasından narahatlığını dilə gətirməmişdi. Mən də məsələni parlamentdə qaldırdım və yazılı bir sorğu ilə müraciət etdim ki, necə olur ki, onlar totalitar ölkəyə gedib totalitar hökumətlə görüşürlər və totalitarizmlə bağlı sual vermirlər və yalnız İsveçrə və digər ölkələrin enerji və digər maraqları haqqında düşünürlər.


- Bəzi ekspertlər deyirlər ki, problem həm də islahat təşəbbüslərinin vətəndaşlardan gəlməməsi və onların islahatlarla bağlı müzakirələrdən kənarda qalmasındadır. Azərbaycan Avropa Şurasının üzvü olandan bəri islahatlarla bağlı hökumət də, elə müxalifət də bütün müzakirələri Avropa ekspertləri ilə aparır, vətəndaşlarla deyil.


- Mən bu fikirlərlə qismən razıyam. Amma mən Azərbaycana 28 səfər etmişəm və onların hər birində rəsmilərlə danışdığım qədər elə əhali ilə də danışmışam. Avropa ekspertləri də öz ölkələrində etdikləri səhvi təkrarlayırlar. Onlar öz ölkələrində də vətəndaşlarla çox az ünsiyyətdə olurlar. Keçid ölkələrində isə vətəndaşlarla ünsiyyət xüsusilə vacibdir. Amma elə Avropa Birliyinin də bu gün problemi budur. Avropa institutları ilə Avropadakı vətəndaşlar arasında da böyük uçurum yaranıb. Diskussiya dar çərçivədə aparılır. Ona görə də mən hesab edirəm ki, demokratiyanın radikal anlamda tətbiqinə ehtiyac var. Vətəndaşlarla daha çox ünsiyyətə, birbaşa və media vasitəsilə təmaslara ehtiyac var. Bunun üçün kifayət qədər səy göstərilməyib. Burdan da, Bakının özündə də. Bakıda həddən artıq çox özünü elita sayan insan var ki, onlar da vətəndaşları vecə almırlar.


- Sizi Monitorinq Komitəsinin həmməruzəçisi qismində əvəz edən Yevgeniya Jivkova bu təyinatdan dərhal sonra Azərbaycana enerji məsələlərini müzakirə etmək üçün səfər edən Bolqarıstan hökumət nümayəndə heyətinin tərkibində gəlməsi ilə çoxlarını təəccübləndirdi. Sizcə, hökumətlərarası münasibətlər Avropa Şurası Parlament Assambleyasındakı məsələlərə nə qədər təsir göstərir?


- Mənim bolqarıstanlı həmkarımın gördüyü bu iş Avropa Şurasının fəlsəfəsinə ziddir. Bu, Bolqarıstanın, Bolqarıstan parlamentinin, Bolqarıstan Sosialist Partiyasının və güman ki, onun özünün siyasi mədəniyyətinin göstəricisidir. O, Monitorinq Komitəsinin nümayəndəsi olan şəxsin yerini və rolunu anlamayıb və bu, çox ciddi səhv idi. Mən ümid edirəm ki, o, artıq müəyyən qədər düzəlib və bunları öyrənib. Onun təyin olunduğu zaman mənə də müəyyən söhbətlər çatdı. Bu, məni də məyus etdi. Mən məhz buna görə deyirəm ki, həddən artıq çox sayda həmkarım Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, yaxud Moldova kimi ölkələrdə işləyərkən vəzifələrinin nədən ibarət olduğunu anlamırlar.


- Sizcə, seçki qanunvericiliyi və indiki vəziyyət Azərbaycana azad və ədalətli seçki keçirmək imkanı verirmi?


- Məncə, indiki qaydalarla siz indiyə qədərki seçkilərdən daha yaxşı seçki keçirə bilərsiniz. Amma qaydalar bir şeydir, oliqarxların, bugünkü vəziyyətdən yararlanan insanların iradəsi başqa şeydir. Əhali hazır ola bilər, qanunlar da əsas maneə olmaya bilər. Amma mən əmin deyiləm ki, burada elitanın siyasi iradəsi mövcuddur. Məni ən çox narahat edən də budur.


- Azərbaycan daxilində elektron medianın tamamilə nəzarət altında olduğu bildirilir. Bu baxımdan bəzi ekspertlər Avropa Şurası kimi qurumların dəstəyi ilə bir beynəlxalq dəstəyi olan yayım təşkilatının yaradılmasına ehtiyac olduğunu deyirlər. Sizcə bu, mümkündürmü və problemin çözülməsinə nə qədər kömək edər?


- Aydındır ki, BBC, sizin radio kimi yayımlar yardımçı ola bilər. Əlbəttə ki, heç nədənsə bu yaxşıdır. Amma bu, beynəlxalq yayımlar daxildə müstəqil medianın yerini verə bilməz. Bu baxımdan jurnalistlərə qarşı təzyiqlər, xüsusilə də tənqid yazan mediayla hökumətin necə rəftar etməsi çox narahatlıq doğurur. Siz bunu AŞ PA-nın qətnaməsində də görə bilərsiniz. Və orda deyilir ki, seçkinin azad və ədalətli keçməsi yalnız seçki günündə baş verənlərdən asılı olmayacaq, həm də seçkidən bir neçə ay əvvəl bir prosesin başlanmasından asılı olacaq. Və buraya söz azadlığı, təşkilatlanma, toplaşmaq, namizəd irəli sürmə, kampaniya aparmaq imkanları, tənqidi medianın mövcudluğu olduqca vacibdir. Bu gün bunlar yoxdur və bu, mənim üçün olduqca böyük sualdır.


- Sadəcə sizin Azərbaycanda indiki durumdan nə qədər xəbərdar olduğunuzu bilmək üçün soruşmaq istəyirəm: medianın indiki durumu ilə bağlı hansı hallardan xəbəriniz var?


- Mən bütün xəbərləri alıram. İndi həbsdə olan jurnalistlərin çoxunu şəxsən tanıyıram və hesab edirəm ki, onlar ən cəsurlardandırlar. Mən çox təəssüf edirəm ki, indi onlar həbsdədir, mən də onları ziyarət edə bilmirəm.


- Niyə ziyarət etmirsiz?


- Çünki daha məruzəçi deyiləm və oraya getmirəm.


XS
SM
MD
LG