Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:31

Süleyman Sani Axundov. Şahsənəm və Gülpəri


Bir pərdəli, uc şəkilli pyes

İŞTİRAK EDƏNLƏR
P i n ə ç i Q a f a r.
Ş a h s ə n ə m - onun arvadı.
M i r z ə F ə r ə c-küçə məktub yazanı.
G ü l p ə r i -onun arvadı.
A x u n d M o l l a Q a s ı m.


BİRİNCİ ŞƏKİL

Pinəci Qafarın otağı. Yoxsul, zəhmətkeş otağı mənzərəsi. Pinəçi Qafar başmaq yamayarkən oxuyur, Şahsənəm də tikiş tikir.

Pinəçi mənəm, işləməsəm, mədarım keçməz mənim.
Bu qışı burda qaşlamasam, mədarım keçməz mənim.

Ş a h s ə n ə m. Qafar, bircə o oxumağı kəs, mənə qulaq as.
Q a f a r. Buyur, kəsdim, nə deyirsən?
Ş a h s ə n ə m. Onu deyirəm ki, mən kimdən əskigəm?
Q a f a r. Arvad, nə demək istəyirsən? Başa düşmürəm.
Ş a h s ə n ə m. Çox yaxşı başa düşürsən. Ancaq özünü anlamazlığa qoymusan.
Q a f a r. A nadürüst balası, sən nə dedin ki, mən də başa düşəm.
Ş a h s ə n ə m. Deyirəm ki, kimdən əskigəm?
Q a f a r. Allahu əkbər, a Tıntın Həsənin qızı, Teleqraf Güllünün balası. Axı sən
nə deyirsən ki, mən başa düşüm.
Ş a h s ə n ə m. Bəli, mən deyirəm ki, kimin arvadından əskigəm?
Q a f a r. Əstəğfürullah. Lənət şeytana. A mürtədin qızı, elə tutuquşu kimi
təkrar edirsən ki, mən kimdən əskigəm, mən kimdən əskigəm. Bunu keç, bunu
eşitdim, sözünün dalını söylə.
Ş a h s ə n ə m. Belə sözümün dalı da budur, qabağı da. Mən kimdən əskigəm?
Q a f a r. Lənət sənə, kor şeytan. Arvad, aydınca de görüm, məndən nə
istəyirsən? Səni başa düşə bilmirəm.
Ş a h s ə n ə m. Qafar, görürəm, əllərin qabar olan kimi, beynin də
qabarlayıbdır. Başına söz girmir.
Q a f a r. Axır sən mənə nə deyirsən ki, mənim də beynimə girməsin.
Ş a h s ə n ə m. Belə mən onu deyirəm ki, mən kimdən əskigəm. Məşədi İbadın
arvadı Keçəl Püstədənmi? Kərbəlayı Qulamın arvadı Cızdalan Nabatdanmı? Yoxsa
dəllək Kərbəlayı Cəfərin arvadı ağzıəyri Fatmadanmı? Di cavab ver.
Q a f a r. Hə, beləcə, indi başa düşdüm. Sən mənnən paltar davası eləyirsən,
eləmi?
Ş a h s ə n ə m. O da var. Amma indiki davam başqa şeydir.
Q a f a r. Onda başla gəlsin.
Ş a h s ə n ə m. Yaxşı, a Qafar, niyə məni "Şah İsmayıl", "Eşq və intiqam",
"Hacı Qara" ya aparmırsan?
Q a f a r. Ay rəhmətliyin qızı, barı ziyarətin birini de, mən də görüm başıma nə
çarə qılıram. Bu kasadlıq vaxtda mən səni üç ziyarətə necə aparım, arvad, Şah
İsmayılın qəbri uzaq ölkədədir. O ki qaldı "Eşq və intiqam", "Hacı Qara"
ziyarətgahlarına, onların nə adlarını eşitmişəm, nə də müqəddəs qəbir-şəriflərini
görmüşəm.
Ş a h s ə n ə m. Yaxşı, a Qafar, bəs bilmirsən, onda hər axşam sən də, dostun
Mirzə Fərəc də evdən çıxıb bir də gecə yarısı gəlirsiniz. De görüm, haradan
gəlirsiniz?
Q a f a r. Arvad, sənə min dəfə demişəm, minbir dəfə də deyirəm: biz hər gecə
Məşədi Əlibalanın çayçı dükanına yığışırıq. Orada dərviş baba şirin-şirin
hekayələr, maraqlı nağıllar söyləyir, biz də qulaq asırıq. Sonra da qəsidə oxuyur.
Dinləyib axirət üçün savab qazanırıq. İndi gecələr haradan gəldiyimizi bildinmi?
Ş a h s ə n ə m. Bu şirin dil ilə məni aldada bilməzsən. O günü mən də, Gülpəri
də hamamda idik. Tratirdən (teatr.) söhbət açıldı. Məşədi İbadın arvadı Püstə
əllərini belinə qoyub bizə fors atırdı. Loğa-loğa danışıb deyirdi ki, ay yazıqlar,
allah sizi piti bişirməyə, cəhrə əyirməyə yaradıbdır. Siz evdə qalıb gecə-gündüz
işləyirsiniz, ərləriniz də tratirlarda kef çəkirlər. "Şah İsmayıl" oyununa getdim,
Mirzə Fərəc ilə Usta Qafarı orada gördüm. "Eşq və intiqam", "Hacı Qara"
oyunlarına getdim, yenə də onları orada gördüm.
Q a f a r. O Püstə arvad xırp yalan deyir. Buna birinci və axırıncı sübut odur ki,
yalan dediyinə görə qurban olduğum imam Cəfər Sadıq onun ağzını əyibdir. Bu
imam özü düz danışan adam olduğuna görə, yalan deyəni sevmir. O arvad görəsən,
kimi görübsə bizə oxşadıbdır.
Ş a h s ə n ə m. A Qafar, yəni sən bilmirsən ki, mən haraya getmək istəyirəm?
Q a f a r. Ziyarətə.
Ş a h s ə n ə m. Hə, o ziyarəti də tratirdə göstərirlər?
Q a f a r. Nə mənə? Səni teatra aparım? Oyunbazxanaya? O möhtərəm axundmollalarımızın
təqlidini çıxaran yerə?
Ş a h s ə n ə m. Hə, nə var? Nə üçün gözlərini bərəldirsən. Belə tratira getmək
istəyirəm.
Q a f a r. Arvad, görürəm ağlın çaşıbdır. Bu axşam vaxtı bizi günaha batırma.
Dur, ağzını suya çək. Dur, lüleyin eşikdə doludur. Arvad nədir, teatra getdi nədir?
Arvadlar gərək evdə otursun, pitisini bişirsin, cəhrəsini əyirsin, vəssalam.
Ş a h s ə n ə m. Qafar, mən özgə şey bilmirəm. Bu saat durub məni "Eşq və
intiqam" tratrina apararsan.
Q a f a r. Arvad, görürəm, sən dəli olmusan. Mən necə səni eşqbazlıq teatrına
aparım. Orada bacı qardaşa aşiq olur. Axırda da hər ikisi ölür... Onu görən gündən
bəri az qalmışam on yeddi rükət namaz əvəzinə, yüz on yeddi rükət qılam.
Ş a h s ə n ə m. Bax, Qafar, adamın boynuna beləcə qoyarlar ha. Bəs sən
deyirdin ki, oraya getmirəm. Dur bu saat dinməz-söyləməz məni tratiraya apar.
Q a f a r. Arvad, yaxşısı budur ki, sənin qol-qabırğanı sındırmamış buradan
gedim.
Geyinib gedir.
Ş a h s ə n ə m. Cəhənnəmə get, gora get. İndi mən də tratira gedəndə görüm
sən nə deyəcəksən.
Gülpəri daxil olur.
G ü l p ə r i. Salaməleyküm, ay Şahsənəm bacı. Şahsənəm. Əleyküməssəlam,
ay Gülpəri. Arvad, çarşafını yerə qoy, otur, Qafardan söyləyəcəyəm.
G ü l p ə r i. Bəs özü hanı? Teatra getdi?
Ş a h s ə n ə m. Ay arvad, onu haradan bildin?
G ü l p ə r i. Dünən Qafar bizdəydi. Mirzə Fərəc ilə söz qoydular ki, bu gecə
teatra getsinlər. Mənim kişim soruşdu ki, Qafar, hansı teatra gedək, o da dedi:
bulvarın yanındakı... Şoqəribin adı yadımdan çıxdı. Hə, satır-alır.
Ş a h s ə n ə m. Ay qız, elə deyil. Mənim yaxşı yadımdadır ki, onda bir it sözü
də var. Hə, yadıma düşdü. Satır ağ it. (Satiragit).
G ü l p ə r i. Hə deyəsən, sən düz deyirsən. Dur ora gedək.
Ş a h s ə n ə m. Qafargil bizi görsələr necə olsun?
G ü l p ə r i. Çarşafa bürünərik, tanıya bilməzlər. Deyirlər o teatra çox arvaduşaq
gəlir, onların içində bizi haradan tanıya bilərlər.
Ş a h s ə n ə m. İndi ki, belə oldu, qoy tanısınlar. Bəs başqa arvadlar nə üçün
gedirlər?
G ü l p ə r i. Doğru deyirsən. O günü Nabat deyirdi ki, ərim ilə oraya
getmişdim. Orada cinlər yerin içindən çıxıb şeytan ilə danışırlar.
Ş a h s ə n ə m. Ay arvad, nə əcəb qorxmamış?
G ü l p ə r i. Necə qorxmamış, bərk qorxubdur. Hətta istəyibdir durub qaçsın,
əri əlindən tutub saxlayıbdır. Deyibdir ki, qorxma, onlar cin deyil, adamlardır,
onların oyunlarını çıxardırlar.
Ş a h s ə n ə m. Daha durma, vaxt keçir, gedək. Yoxsa oyunu başlarlar.
G ü l p ə r i. Gedək.

Gedirlər.

Pərdə


İKİNCİ ŞƏKİL

Əhvalat Satiragit teatrının zalında vaqe olur. Teatrın səhnəsi pərdə ilə qapalı.
Sıralar teatra gələnlər ilə doludur. Mirzə Fərəc dal sırada oturmuş. Qafar birinci
sırada baxa-baxa Mirzə Fərəci axtarır.

Q a f a r. Adə, görəsən, mənim yoldaşım harada oturubdur. (Birdən gozu
arvadına sataşır.) Arvad, sənsən?
Ş a h s ə n ə m. Bəli, mənəm.
Q a f a r. Burada nə qayırırsan?
Ş a h s ə n ə m. Tratira gəlmişəm.
Q a f a r. Çox qələt etmisən, səfeh qızı, səfeh. Əl-ayağın qırılmamış qalx,
qabağıma düş.
Ş a h s ə n ə m. Ölsəndə getməyəcəyəm. Bəs bir belə arvad burada nə qayırırlar.
Q a f a r. Canına dərd qayırırlar, Düş qabağıma.
G ü l p ə r i. A Qafar, Şahsənəm doğru deyir. Bəs bu qədər arvadların ərləri
yoxdur. Yoxsa elə qeyrətli bir tək siz çıxmısınız.
Q a f a r. Allahu əkbər, bu papaqdır, yoxsa sizin başınızdakı yaylıq. (Papağını
yerə vurur.) Ədə, bura bax, müsəlman arvadı, teatr? Bəs bizim namusumuz,
qeyrətimiz harada qaldı?
M i r z ə F ə r ə c. Adə, Qafar, Qafar buradayam.
Q a f a r. A kişi, buraya gəl.
M i r z ə F ə r ə c. Adə, yerimiz burdadır. Sənin bilitin də məndədir.
Q a f a r. Adə, bilit cəhənnəmə, arvadlar buradadır.
M i r z ə F ə r ə c. Adə, hansı arvadlar?
Q a f a r. Şahsənəm ilə Gülpəri.
M i r z ə F ə r ə c. Gülpəri də?
Q a f a r. Hə, hə, tez ol gəl.
M i r z ə F ə r ə c (onlara tərəf gələrkən). Ey dad-bidad Ərdəbil. Gülpəri,
nadürüst qızı nadürüst. Hərgah sabah açılar, səni paraxoda qoyub birbaş Ərdəbilə
göndərməsəm, mənim atama, babama, yeddi qat əcdadımın ərvahinə lənət olsun.
Qalx, köpəyin qızı köpək.
G ü l p ə r i. Ölsən də getməyəcəyəm. Bəs bir belə arvadların ərləri yoxdur.
Yoxsa kişi təkcə siz çıxmısınız?
M i r z ə F ə r ə c. Bəli, müsəlman ancaq bizik. Arvad nədir, teatr nədir?
Arvadların əllərindən tutub dartırlar, sıradan qırağa çıxardırlar. Onlar da dartınıb
əllərindən çıxırlar. Zalda qaçırlar. Qafar ilə Mirzə Fərəc onları qovurlar.

Pərdə


ÜÇÜNCÜ ŞƏKİL

Pinəçi Qafarın evi

M i r z ə F ə r ə c. Qafar, sən bunlardan muğayat ol, məndə gedib axund Molla
Qasım ağanı çağırım, gəlib bu binamusların talağını versin.
Q a f a r. Yaxşı get. (Mirzə Fərəc cıxır.) Bax, bura da teatr deyil. And olsun
atamın ərvahinə, bir balaca o yan-bu yan eləsəniz, elə bir sillə çəkərəm ki,
yerinizdə qalarsınız.
Ş a h s ə n ə m. Allah vurub səni, hünərindir əlini qaldır.
G ü l p e r i. Yaxşı, siz bizi boşayarsınız, biz də o siz bəyənmədiyiniz kişilərə
ərə gedərik. Onlar da tez-tez bizi teatra apararlar.
Q a f a r. Allahü-əkbər, lənət sənə kor şeytan. İndi durub ikisini də boğub
öldürəcəyəm, ha.
Ş a h s ə n ə m. Allah vurub səni. Durub səni o qədər döyərik ki, arvad boşamaq
da yadından çıxar.
Q a f a r. Arvadın hünəri nədir ki, kişiyə əl atsın.
Ş a h s ə n ə m. Bax, hünəri belədir.
Durub onunla tutaşır. Gülpəri də köməyə gəlir. Qafarın ayağından çəkir, Qafar yıxılır,
onu yumruqlayırlar. Bu halda Mirzə Fərəc və onun dalınca Molla Qasım daxil olurlar.
Q a f a r. Ədə, Mirzə Fərəc, qoyma, arvadlar heyimi kəsdilər.
Arvadlar Qafarı buraxıb Mirzə Fərəcin üstə düşürlər, yumruqlayırlar. Molla aralaşdırır,
ona da bir-iki yumruq dəyir.
M o l l a Q a s ı m. Ay bacılar, bir toxtayın. (Arvadlar dayanırlar.) Bəs mollaya
belə ehtiram edərlər?
Ş a h s ə n ə m. Bir molla ki, gecə yarısı bu iki səfehin sözünə baxıb biz
biçarələrin talağını verməyə gələ, elə axundun ehtiramını saxlamazlar.
Q a f a r. Arvad, bəsdir, bizi biabır etdin.
M o l l a Q a s ı m. Usta Qafar, bir arvad ki, biz ruhanilərə, biz şəriət ərlərinə
biehtiramlıq elədi, onu boşa getsin. Şəriət də belə buyurub.
Q a f a r. Düz buyurursan, ağa.
Ş a h s ə n ə m. Kül sənin başına a belə ər! A qanmaz kişi, görmürsən bu molla
nə deyir. Mən sənin arvadınam, yoxsa bu şorgöz mollanın?
M o l l a Q a s ı m. Usta Qafar, bu sözdən sonra bu arvadın nigahı pozuldu.
İndi canın azaddır.
Ş a h s ə n ə m. Belə kül molla başına.
M o l l a Q a s ı m. İndi bu arvaddan sual-cavab edin. A bacı, sən bilirsən ki,
biz ruhanilər müsəlman arvadlarına teatra getməyi haram buyurmuşuq?
G ü l p ə r i. Bilmirəm.
M o l l a Q a s ı m. Bilmirsən, indi bil.
G ü l p ə r i. Bəs kişilərə necə?
M o l l a Q a s ı m. Onlara da nəhy etmişik.
G ü l p ə r i. Bəs niyə gedirlər?
M o l l a Q a s ı m. Gərək getməsinlər, günah da etməsinlər. Lakin arvad ilə
kişidə fərq vardır. Şeytan həzrət Adəmi aldada bilmədi. Amma Həvvanı aldatdı.
Behiştdən hər ikisini çıxartdı. Kişini, o oyun çıxardanlar yoldan çıxara bilməzlər.
Arvad isə naqisüləql olar. Tez aldadarlar.
G ü l p ə r i. Ay molla, bilirəm, sən bizim nigahımızı geri oxumağa gəlmisən.
Sən heç zəhmət çəkmə. Mən kəbinimi halal edib canımı azad edirəm. Elə rəhmətlik
atam məni, gözləri yaslı bu qoca kaftara vermişdi.
M i r z ə F ə r ə c. Nəmənə? Qoca kaftar? İndi ki, bele oldu daha səni
boşamıram.
G ü l p ə r i. Ölsən də boşanacağam!..
M i r z ə F ə r ə c. Mən də boşamayacağam.
Q a f a r. İndi ki, iş bu məqama çatdı, Şahsənəm, mən də səni boşamalı
olmadım.
Ş a h s ə n ə m. Ölsən də boşanacağam!
M o l l a Q a s ı m. Bir mənə də qulaq asın. Görürəm siz arvad boşayan
deyilsiniz. Mənim zəhmət haqqımı veriniz, çıxım gedim.
Q a f a r. Nəmən? Sən nə qayırdın ki, zəhməthaqqı da istəyirsən?
M i r z ə F ə r ə c. Rəhmətliyin oğlu, bu gecə yarısı gəlib arvadlarımızı
əlimizdən almaq istədiyin bəs deyil, bir də zəhmət haqqı istəyir.
Q a f a r. Biz arvadlarımızı boşamaq istəmirik.
M o l l a Q a s ı m. Cəhənnəmə boşayınız. Mənim zəhmət haqqıma nə
deyirsiniz?
M i r z ə F ə r ə c. Uzun müşərrəf eləmə, dur rədd ol!
Q a f a r. Bas bayıra!
M o l l a Q a s ı m. Allah sizin bərəkətinizi kəssin. Bu gecə vaxtı məni avara
etdiniz.
M i r z ə F ə r ə c. Sənə deyirəm, uzun müşərrəf etmə! Dur rədd ol!
Molla söylənə-söylənə gedir.
Ş a h s ə n ə m. Ay qız Gülpəri, dur biz də bunların acığına dəniz kənarına
gəzməyə gedək.
G ü l p ə r i. Dur gedək.
Qapıya tərəf gedirlər, Qafar ilə Mirzə Fərəc qabaqlarını kəsirlər.
M i r z ə F ə r ə c və Q a f a r. Hara gedirsiniz?
G ü l p ə r i və Ş a h s ə n ə m. Bulvara, gəzməyə.
Vuruşurlar.
M i r z ə F ə r ə c və Q a f a r. Biz də gedirik.

Onlara qoşulub gedirlər.

Pərdə
XS
SM
MD
LG