Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:38

Süleyman Sani Axundov. İki yol


Faciə bir pərdədə

İŞTİRAK EDƏNLƏR

M i r K a z ı m a ğ a - şəhərin axundu, 65 yaşında.
T ü k ə z b a n - onun arvadı, 40 yaşında.
M ə m m ə d - onun oğlu, 22 yaşında,
G ü l s ü m - onun qızı, 17 yaşında.
M o l l a F ə t t a h - məhəllə mollası, Tükəzbanın qardaşı, 60 yaşında.
Q o n ç a - onun qızı, Məmmədin nişanlısı, 18 yaşında.

Səhnə Mir Kazım ağanın otağını göstərir. Otaq Şərq səliqəsilə bəzənmiş, pəncərələr qalın pərdələr ilə örtülmüş, Divan üstə şal mütəkkələr. İki böyük divar aynası. Gülsüm aynanın önündə durub özüna bəzək verir. Tezə paltarına baxır. Oru-burasını düzəldir. Bu vaxt anası daxil olur.

G ü l s ü m. Ana, donum gen tikilmiş, daraltmaq lazımdır.
T ü k ə z b a n. Qızım, gen olmağın zərəri yoxdur, təki dar olmasın. Həmişə
belə zəif olmayacaqsan ki, ətə-qana gəlib dolacaqsan.
G ü l s ü m. Ay ana, nə deyirsən? Libas mənə tikilmiş, ya mən libasa? Mən
haçana kimi gözləyim ki, ətə-qana gəlim, libas bədənimə görə olsun? Bəlkə, heç
kökəlməyəcəyəm.
T ü k ə z b a n. Nə üçün kökəlməyəcəksən? Allaha şükür yemək-içməyimiz
boldur. Ağanın müridləri evimizi heç bir zaddan kəm-kəsir qoymur. Hər bir
yeyəcəyimizi yığıb verirlər. Burada heç bir ehtiyacımız yoxdur. Qəssab Səfər də
hər gün ət payımızı göndərir. Atanın da nəziri yüz-yüz gəlir.
G ü l s ü m. Ana can, dediklərin hamısı doğrudur, amma mən yenə də hala
gəlmirəm. Bilirsənmi buna səbəb kimdir?
T ü k ə z b a n. Kim olacaq? Sən özün, sənin tərsliyin. Nə qədər yalvarıram ki,
qızım ye, iç, hala gəl. Həkim də buyurmuşdur ki, çoxlu süd və bal, yumurta yesin.
Amma sən bunların heç birinə əməl etmirsən.
G ü l s ü m. Xeyr, ana, mənim belə zəif düşməyimə səbəb bunlar deyil, siz
atam-anamsınız! Quşu qəfəsə salan kimi, məni də bu otağa salıb dustaq etmişsiniz. Sən axund Mir Kazım ağanın qızı Seyyidə xanımsan deyə, mənə hər bir şeyi nəhy etmisiniz. Bu dörd divarın içi mənim dünyamdır! (Ağlayır.)
T ü k ə z b a n. Gülsüm, yenə sənə nə olmuş? Yoxsa bu gecə pis yuxu
görmüsən?
G ü l s ü m. Bəli, görmüşəm,
T ü k ə z b a n. Xeyir ola, qızim, söylə görüm.
G ü l s ü m. Ana, yuxumda gördüm ki, qardaşım Məmmədin toyudur.
T ü k ə z b a n. Doğru görmüsən, qızım, ağan sabahkən mənə dedi ki, Tükəzban
bu həftə Məmmədin gəlinini gətirməli, çünki məhərrəm ayı yaxınlaşır. Mənim
özüm də tələsirəm ki, Qonçanı tez gətirək, həm mənə kömək etsin, həm də sənə
yoldaş olsun. Daha, nə gördün, qızım?
G ü l s ü m. Gördüm ki, evimizdə böyük şadlıqdır. Həmin bu otağımız qonaq
ilə doludur. Bir yanda mənim, bir yanda Məmmədin cavan yoldaşları oturmuşlar.
Bir dəstə oxuyan, çalan da hazırdır. Çalğıçılar çalırlar. Bir oğlan o cərgədən, bir qız
bu cərgədən qalxıb oynayırlar. Onlar otururlar, başaqaları rəqs edir. Sonra oxuyan
başladı. Ah, heç olmasa yuxumda isə də evimizdə bir şadlıq, bir toy gördüm.
T ü k ə z b a n. Kəs səsini, bihəya! Mir Kazım ağanın evində toy, balaban?
Qızlar oğlanlar ilə oynamaq?
G ü l s ü m. Ay ana, mən nə edim? Yuxudur, görürəm. Mənim əlimdə deyil ki,
görməyim. Bəs sən heç belə yuxu görmürsən?
T ü k ə z b a n. Mən qələt edərəm, başımı daşdan-daşa döyərəm, elə yuxu
görmərəm. Görünür ki, sən elə şeylərdən fikir edirsən, yuxuna da girir. Ağan sənə
dua öyrətmiş. Nə üçün yatanda oxumursan ki, şeytan da yuxuna girib sənə elə şey
göstərməsin?
G ü l s ü m. Ana, yatanda dua da oxuyuram, bismillah da deyirəm, amma yenə
də belə yuxular görürəm. Mən nə edim? İxtiyar məndə deyil ki.
T ü k ə z b a n. Yaxşı, bəs dayın qızı Qonça nə üçün görmür? Çünki beş vaxt
namazın heç birini keçirmir, amma sən tənbəli, mən hər səhər güclə durquzuram
ki, sübh namazını qılasan.
G ü l s ü m. Ana can, elə bilirsən ki, Qonça belə yuxular görmür? Vallah mənə
elələrini nağıl edir ki, desəm, qulaqlarını tutub qaçarsan?
T ü k ə z b a n. Kəs səsini, bihəya! Onu da sən xarab etmisən. Bu işlərin
hamısına səbəb bu qonşumuzun külfətidir. Özlərinə taytuş tapıblar! Suruş!
G ü l s ü m (gulərək). Ay arvad, Suruş deyil, Siranuş.
T ü k ə z b a n. Eh, mən nə bilim, adı yadımda qalırmı ki. Vallah, atan bilsə ki,
erməni evinə gedirsən, aləmi bir-birinə vurar, səni də öldürər (cıxır.)
G ü l s ü m (tək). Öldürsə, birdəfəlik qurtarardım. Kaş ki, Mir Kazım ağanın
qızı olunca, bir çoban qızı olaydım dağlarda, çəmənlərdə, təbiət üzərində
yaşayaydım, çiçəklər dərəydim, şırıldayan bulaqlara baxaydım, sərin sularından
içəydim!.. (Ağlayır.)
Məmməd daxil olur. Əmmamə və əbasını çıxarır.
M ə m m ə d. Bacım, ağlayırsan?
G ü l s ü m. Necə ağlamayım, qardaşım? Mənim qəlbim, ruhum, vücudum
hamısı xəstə, mərəzimdən xilas olmaq üçün bilirsənmi mənə nə təklif edirlər?
M ə m m ə d. Bilirəm, bacım, çoxlu süd iç, bol yumurta ye deyirlər.
G ü l s ü m. Bəli, lakin mənim müalicəm budurmu?
M ə m m ə d. Xeyr, bacım, bu mərəzin müalicəsi başqa şeydir. Bu mərəzə
mübtəla olan tək bir sən deyilsən, bütün islam qadınlarıdır. Bu xəstəlik iki nurdan
məhrum qalmadan naşı baş vermiş; biri ruhu yüksəldən elm nurudur, digəri
günəşdir ki, ziyası ilə dünyanı tənvir edir, heyvanata, nəbatata həyat bəxş edir.
Onsuz bu gözəl dünya dəhşətli bir zülmət olurdu. Bu lətif, rəngin çiçəklər, güllər
sənin kimi saralıb-solub məhv olurdu. Bacım, sən qonça gülü o nurdan məhrum
etmişlər. Sənə bu dəmlə, o gözəl təbiət üzərində yaşamaq lazımdır, sənə gəzmək,
gülmək, yemək, içmək, danışmaq lazımdır. Qəlbini əsla sıxmayıb hər zaman şad
saxlamalısan.
G ü l s ü m. Doğru, fəqət bu mənə müyəssər deyildir, çünki mən müsəlman
qızıyam. Müsəlman qadını üçün bu nemətlər yaranmamışdır. O, başqaları üçün
yaranmışdır. Bunları bizə nəhy etmişlər. Ax, Məmməd! Nə üçün mən binəva
qızcığazı oxutdun? Nə üçün mənə mənliyimi anlatdın? Nə hacət ki, söyləyirsən
dünya gözəldir, genişdir, intihasızdır. Mənim dünyam, qardaşım, bax nə geniş, nə
yüksək bir aləmdir. (Əli ilə otağını gostərir.) Bu səqf mənim ulduzlu səmamdır. Bu
xalılar ilə döşənmiş yer mənim çiçəkli çəmənlərim, yaşıl ormanlarımdır. Bu
divarlar da mənzərəli dağlarım, yüksək qayalarımdır. Qardaşım, burada dünyaya
gəldim, buradan da tezliklə məni aparıb qəbrə qoyacaqsınız.
M ə m m ə d. Sus, sus, bacım! Odlu qəlbimə yenidən atəş atma. Qadınlarımızın
belə təbiətə müğayir, hürr yaranmış növi-bəşərə yaraşmaz halı, məni çoxdan
düşündürür. Çarə arayırdım ki, nə yol ilə onlara kömək edim. İndi tapmışam.
Bacım, and içirəm, qadınlarımızın bu yolda tökülən qanlı göz yaslarına, and
içirəm, sənin kimi hələ qonça gül ikən saralıb solan gül çöhrələrinə, and içirəm
sənin kimi belə zindanlarda, cəhalət zənciri altında sızlayan məsumələrə, sizləri bu
əsarətdən xilas etmək yolunda cavan ömrümü qurban edim.
G ü l s ü m. Qardaşım, bir tək sən nə eləyə biləcəksən? Rüsvayi-cahan olub
tələf olacaqsan.
M ə m m ə d. Tələf olsam da, bir cığır açaram, ta ki məndən sonra gələn
cavanlar da o yol ilə gedib axırı sizləri xilas edərlər. Ey cəhalət, ey yeddi başlı div!
Hazır ol, Məmməd gəlir.
Molla Fəttah və Mir Kazımağa daxil olurlar.
M i r K a z ı m a ğ a. Bacına yeddi başlı divdən nağıl deyincə, əhkamdiniyyəni
öyrətsən, daha əfzal olmazmı?
M ə m m ə d. Ata, elə mən də bacıma ondan söyləyirəm, lakin əfsus!
Axundlarımız o əhkamı ya özləri anlamırlar, ya da anlayıb da qəsdən camaata
başqa surətdə yetirirlər.
M i r K a z ı m a ğ a (Gulsumə). Sən bu danışığa nə qulaq asırsan? Otağına get!
Gülsüm çıxır.
M o l l a F ə t t a h (istehza ilə). Bacıoğlu, görürəm sən yaxşı anlamısan! De
görüm, dinimizdə sənin kimi başını açıb tərk ədəblik edəne, yaxud başqaları kimi
saçlarını uzadıb özlərini xaricilərə oxşadanlara nə nəzərlə baxılır?
M ə m m ə d. Mən o barədə şəriətdə bir şey görməmişəm, olsa da dinə yox,
bəlkə, adətə, səhhətə dəxli vardır.
M o l l a F ə t t a h. Bacıoğlu, görürəm, şəriəti axund Molla Calaldan yaxşı
təhsil etmisən. Mir Kazım ağaya dedim ki, qoy Məmmədi özüm oxudum. Dedi, -
yox, bacın oğludur, səndən xof etməz. İndi buyur, gör Calalın babı fikri Məmmədə
nə xoş gəlir.
M i r K a z ı m a ğ a. Fəttah, səhv edirsən, Məmmədin əqidəsi elə deyil. O sən
qoca dayısını mübahisəyə çəkir, fəqət onu başqa bir zamana qoyunuz. İndi mətləb üstə gələk. Oğlum, dayın ilə belə qət etmişik ki, cümə axşamı Qonçanı köçərək, çünki məhərrəmül-həram yaxınlaşır. Buna sən nə deyirsən?
M ə m m ə d. Nə deyəcəyəm? İxtiyar sahibisiniz.
M i r K a z ı m a ğ a. Çox əcəb. İndi ikinci məsələyə keçək. Sənə iki yol
seçmişəm ki, din-islama xidmət edəsən; biri, Kərbəlayı-müəllayə gedib təhsilini
bitirəsən, sonra da gəlib camaatımıza vəz edəsən. Digəri, mərsiyəxanlıqdır. Bu
axırıncı müqəddəs vəzifəni yürütməyo indi də hazırsan. Gözəl səsin var. Demək,
övladım iki təriq: vaizlik, rövzəxanlıq, hansına meylin artıq isə onu seç.
M ə m m ə d. Ata, çox dərin düşüncələrdən sonra özümə bir müqəddəs, bir
müstəqim təriq seçmişəm. Sənin məqsədin mən fərzəndini bir sahib-minbər
görmək deyilmi ki, o minbərdən vətəndaşlarımı, dindaşlarımı doğru yola dəvət
edim?
M i r K a z ı m a ğ a. Bəli, nami-mübarəki qoyulmuş sən övladından cəddimiz
bunu tələb edir.
M ə m m ə d. Ata, indi dinlə, gör övladın nə gözəl, nə müqəddəs bir minbər
bəyənmiş?
M o l l a F ə t t a h. Söylə, yoxsa, bayaq məni şübhəyə salmışdın.
M ə m m ə d. Ata, tərif etdiyim minbərdən sizlər kimi quru vəz etmək yox,
həyatı təsvir edən maraqlı vəqələr, dəhşətli, qanlı faciələr söyləyorək, göstərərək,
camaatı doğru yola dəvət edəcəkdir - bu övladın.
M i r K a z ı m a ğ a. Əhsən, əhsən, oğlum.
M ə m m ə d. Zalımların sitəmlərini, məzlumların qanlı göz yaşlarını
göstərərək, qəlbləri lərzənak edəcəkdir - mən övladın.
M o l l a F ə t t a h. Əhsən, afərin bacıoğlu.
M i r K a z ı m a ğ a. O minbəri-müqəddəsin ismi nədir, övladım?
M ə m m ə d. Səhnədir ismi onun, pədərim.
M o l l a F ə t t a h. Səhnə nədir?
M ə m m ə d. Dayım, səhnə ayinəsidir həyati-bəşərin!
M i r K a z ı m a ğ a. O səhnə hansı müqəddəs binadır?
M ə m m ə d. Bəli, doğru, o, müqəddəs binadır, çünki orada yüksəlir həqiqət
bayrağı, orada yanır haqq ocağı. Ora bir ədalətxanədir ki, hər kəs vicdanən əməlinə
görə ya mükafat, ya da mücazət alır. Ora bir ibrətxanədir ki, hər kəs orada çirkin
əməlini görüb də ibrət alır, istiğfar edir, insafa gəlir.
M o l l a F ə t t a h. Atan səndən sorur ki, o hansı binadır?
M ə m m ə d. O binanın adı teatrdır.
M i r K a z ı m a ğ a və M o l l a F ə t t a h. Nə? Teatr?
M ə m m ə d. Bəli, teatr.
M i r K a z ı m a ğ a. Teatr! Lotular yığıncağı.
M ə m m ə d. Xeyr, ürəfa ocağı.
M o l l a F ə t t a h. Şeytan yuvası!
M ə m m ə d. Xeyr, mələk otağı.
M i r K a z ı m a ğ a. Ora meyxanadır!
M ə m m ə d. Xeyr, ora ibrətxanadır.
M o l l a F ə t t a h. Sən babı olmusan?!
M ə m m ə d. Xeyr, mən haqq yolu tapmış bir insan olmuşam.
M i r K a z ı m a ğ a. Sən dəli olmusan?!
M ə m m ə d. Xeyr, mən aqil olmuşam.
M o l l a F ə t t a h. Bunların hamısına bais o babı Molla Calaldır.
M i r K a z ı m a ğ a. Ağa, doğru deyirsən, odur.
M ə m m ə d . Nahaq yerə Molla Calalı müqəssir edirsiniz. O sizdən geriyə
qalmaz. O da sizin kimi... saç qoyanlara, çəkmə geyənlərə, rusca oxuyanlara kafir
deyənlərdəndir.
M i r K a z ı m a ğ a. Bəs səni bu şeytan yoluna kim və nə vadar edir?
M ə m m ə d. Məgər mənim tutduğum yol şeytan yoludur? Orada nə edəcəyimi
söyləmədimmi?
M o l l a F ə t t a h. Söylədin, orada oyunbazlıq, mütrüblük edəcəksən.
M i r K a z ı m a ğ a. Ah! Ürəyim partlayır! Seyid övladı oyunbazlıq?! Oğul, o
qoyduğum ad sənə haram olsun! Cəddim səni tezliklə əlimdən alsın!
M o l l a F ə t t a h. Mən qızımı belə mürtədə vermərəm. Bu saat Molla Vəlini
çağırıb nigahını pozduracağam.
M ə m m ə d. Bax, şəriəti bu günə salmışsınız, ehkami-diniyyəyə belə əməl
edirsiniz.
M o l l a F ə t t a h. Necə?
M ə m m ə d. Kəriməniz öz ixtiyariləmi mənə gəlmiş?
M o l l a F ə t t a h. Bəli.
M ə m m ə d. Onda çağırınız gəlsin və öz ixtiyarilə də nigahını geri oxutsun.
Şəriətin yolu budur, dayını.
M o l l a F ə t t a h. Sus! Mənə şəriət öyrətmə. Dini-islamda sənin kimi dəliyə
nigah yoxdur. Bu burası. Səni şəkdən çıxarmaq üçün də qızımı bu saat buraya gətirdərəm, görərsən ki, sən divanədən ikrah edib əl çəkəcəkdir. Tükəzban! Tükəzban!

Tükəzban daxil olur.

T ü k ə z b a n. Nə buyurursan, qardaşım?
M o l l a F ə t t a h. Bu saat gedib Qonçanı gətirərsən.
T ü k ə z b a n. A qardaş, belə toy olurmu? Qoy qövm-əqrəbamı yığıb qayda ilə
toy edim. Qonça anadan yetimdir, niyə onu tay-tuş yanında xar edirsən? Niyə
könlünü sındırırsan.
M i r K a z ı m a ğ a. Tükəzban, sənin toyun yasa döndü!
T ü k ə z b a n. Vay! Ay kişi nə deyirsən? Ölənimiz kimdir?
M i r K a z ı m a ğ a. Bu oğlun Məmməd.
T ü k ə z b a n. A kişi, nə deyirsən? Sən allah, mənlə belə zarafat etmə.
M i r K a z ı m a ğ a. Arvad, oğlun dəli olmuş, dəliyə də qız vermək şəriətlə
caiz deyil.
M ə m m ə d. Ana, bunlar deyirlər ki, mən dəli olmuşam. Mən də istəyirəm ki,
Qonça gəlsin, özündən soruşum ki, mən dəliyə yoldas olmaq istəyir, ya yox?
T ü k ə z b a n. Elə bu? Gör məni necə qorxutdular! Oğlum bunlar yalan
deyirlər. Sənin eşqindən dəli-divanə olan Qonçadır.
M o l l a F ə t t a h. Heç vaxtı!
T ü k ə z b a n. A qardaş, nə deyirsən? Bizdən nə pislik gördün ki, daha qızını
vermək istəmirsən? Vallah, verməsən Qonça özünü öldürəcəkdir, ya da Məmmədə
qoşulub qaçacaqdır. Bu saat gedib gətirərəm, görərsən, doğru deyirəm, ya yox.
(Cıxır.)
M i r K a z ı m a ğ a. Bu işlərdə müqəssir mən özüməm. Nə üçün o islam
torpağını buraxıb bu viranəyə gəldim. Nə bilim, dedim ki, bura mənim vətənimdir,
ata-babalarımın xaki-paki buradadır, qoy ölsəm də burada ölüm. Heç bu günlərimi
düşünmədim, övladlarımın fikrinə qalmadım.
M o l l a F ə t t a h. Əlbəttə, səhvətmisən. Gərək gəlməyəydin. İndi mən özüm
də Ərəbistana köçmək fikrindəyəm. Bu işləri ki, mən görürəm, bir az çəkməz
burada müsəlmanlıq nişanəsindən heç bir zad qalmaz.
Tükəzban Gülsüm, Qonça ipək çarşafa bürünərək daxil olurlar.
T ü k ə z b a n. Qardaşım, indi qızından özün soruş, gör Məmmədə getmək
istəyir, ya yox?
M ə m m ə d. Qonçacığım, hansı zalımdan qorxaraq belə çadraya bürünüb
gizlənmisən? Yoxsa, qələm qaşlarında, ahu baxışlarında, şəhla gözlərində bir
qüsurmu görürsən? Yetər, yetər, gözəlim! Səni kimi qonça güllərin açılmaq zamanı
gəlmiş! (Cəld onun başından carşafı cəkib atır.)
M i r K a z ı m a ğ a. Nadürüst, bihəya!
M o l l a F ə t t a h. Qızım, görürsənmi? Bu dini-təriqətdən dönmüş seyid
övladı, əmmaməni atıb, lotu libası geyib teatrda oyunbazlıq etmək fikrindədir. Sən
bu kafirə, bu divanəyə getmək istəyirsənmi?
Q o n ç a. Ağa, Məmməd mənim qəlbimin şahıdır, özünə nə vəzifə seçərsə,
mənə xoşdur. Mən onun vəfalı bir quluyam.
M i r K a z ı m a ğ a və M o l l a F ə t t a h. Va şəriəta, va milləta!
M o l l a F ə t t a h. Sus, bihəya! O sənin qəlbinin sultanı isə mən də sənin
cisminin, həyatının sultanıyam.
T ü k ə z b a n. Qardaş, sənə yalvarıram, bu iki cavanın göz yaşı tökməyinə bais
olma, qızını bədbəxt etmə.
G ü l s ü m. Dayı, mən də yalvarıram, Qonçanı Məmməddən ayırma.
M o l l a F ə t t a h. Çəkilin, siz qadınların məsləhətinə qulaq asıb bu dünyada
biabır, axirətdə də cəhənnəm oduna yanmaq istəmirəm.
M ə m m ə d. Ey mənim seyid atam, ey mənim axund dayım.
M i r K a z ı m a ğ a. Sus, şeytani-məlun, sən dinsiz daha mənim övladım
deyilsən! Çəkil, evimdən çıx! Rədd ol!
M ə m m ə d. İndi mən bağırıram: vay o millətin halına ki, sizin kimi yol
göstərəni var! (Getmək istəyir.)
Q o n ç a. Məmməd, məni bunlara buraxıb haraya gedirsən?!
G ü l s ü m. Qardaşım, məni də özünlə apar, burada qoyma.
M ə m m ə d. Səbir ediniz, ey qonca güllərim, Məmməd sizləri, bu zülmətdən,
bu əziyyətdən, bu əzraillərin pəncəsindən xilas etmək üçün gedir.

Pərdə
XS
SM
MD
LG