Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:42

Süleyman Sani Axundov "Nurəddin" ("Qorxulu nağıllar" silsiləsindən)


Axşam çağı idi. Hacı Səmədin külfəti çay süfrəsində hazırdı. Məmməd yazısını qurtarıb diqqətlə öz-özünə oxuyurdu və qələtlərini də düzəldirdi. Fatma isə əlləri ilə başını tutub dərin fikrə getmişdi. Hacı Səməd üzünü qızına tərəf tutub soruşdu.

- Qızım, nə fikrə getmisən?
Fatma cavab verdi:
- Ata, müəllimimizin əmrinə görə, gərək sabaha bir elə nağıl düzəldim ki,
ondan belə məna çıxsın: "Yaxşılıq elə, əvəzini görərsən". İndi qulaq as, söyləyim,
gör yaxşıdırmı?

- Çox gözəl, qızım, söylə görüm.
Fatma söylədi; atası da bəyənib tərif etdi. Məmməd dedi:
- Ata, mənə də müəllimimiz atalar sözündən olan "Yaxşılığa yaxşılıq hər
kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir" sözünə münasib bir hekayə
düzəldib yazmağı əmr etmişdir. Hərgah izin versən, oxuyaram.
- Oxu, oğlum, görüm nə tövr yazmısan.
Məmməd oxudu. Hacı Səməd bunu da bəyəndi. Fatma soruşdu:
- Ata, hansınınızınkı yaxşıdır?
- Qızım, qoy birisini də mən söyləyim, sonra baxaq görək kiminki əladır, - deyə
Hacı Səməd cavab verdi.
- Söylə, ata, söylə, - dedilər.

Hacı Səməd başladı:
- Övladlarım, Qafqazda Hacı Nəsir adlı bir tacir sakin idi. Bu tacirin Həlimə
adlı bir cavan arvadı vardı. Həlimə camalda gözəl olduğu kimi, xasiyyətdə ondan
da gözəldi. Bu arvadın dünyada övladsızlıqdan başqa bir qəm-qüssəsi yox idi.
Axırda bunların bir oğlu oldu. Hacı Nəsir o gün oğlunun təvəllüdünü şadlıq edib,
şəhərin fəqir-füqərasına pul və xörək payladı. Oğlanın adını Nurəddin qoydular.
Ata və ana, gecə və gündüz Nurəddinin başına dolanırdılar.
Hacı Nəsir hər il yarmarkaya mal xiridinə gedərdi və qayıdanda arvadı və oğlu
üçün hər cür sovqat gətirərdi. Bir dəfə Hacı Nəsir oğlu üçün kibrit qutusu irilikdə bir "Gülüstan" kitabı gətirmişdi. Həlimə bu qəribə şeyi haradan aldığını soruşduqda Hacı Nəsir cavab verdi:
- Bir gün yarmarkada, bazardan mənzilimə qayıdarkən, bir nəfəri körpü üstündə
başım aşağı sallayıb ağlayan gördüm. Mən dayanıb bunun səbəbini soruşdum.
Kişi dedi:
- Mən əhl-əyal sahibi bir kasıb adamam. Əslim iranlıdır. Əldə xırdavat
satmaqla üç yüz manat pul düzəldib buraya gəldim ki, mal alıb aparam. Bir saat
bundan qabaq pulumun hamısını cibimdən çıxartmışlar.

Bu kişinin halına ürəyim yandı. Cibimdən üç yüz manat çıxarıb dedim:
- Al, kişi, bu sənin üç yüz manatın, get mal al, kəsbindən qalma.
Qazanıb, sonra pulumu qaytararsan. İndi isə balaca Nurəddinimə dua et.
Kişi əlimdən öpüb adımı və mənzilimi soruşdu və sevinə-sevinə çıxıb getdi.
Axşam mənzilimdə çay içdiyim zaman həmin kişi içəri daxil olub:
- Hacı, sovqat üçün bundan əziz bir şeyim yoxdur, - deyə "Gülüstan" kitabını
mənə uzatdı. - Qoy mən Rəhim tərəfdən sevgili övladınız Nurəddinə Sədinin bu
"Gülüstan" kitabı yadigar olsun. Sonra dubarə razılıq edib getdi.
Həlimə kitabı ipək parçaya tikib Nurəddinin boynundan asdı və dedi:
- Oğlum böyüyəndə bu kitabı oxuyar.
Nurəddin böyüyüb səkkiz yaşına çatdı. Hacı Nəsir oğlunu məktəbə qoydu.
Nurəddin oxumaqda birinci şagird idi.
Yoldaşları ilə çox mehriban rəftar edərdi. Ona görə də hamı onu sevər, xatirini
istəyərdi.

Çox çəkmədi ki, Hacı Nəsirin ticarət işləri tənəzzülə başlayıb, yavaş-yavaş varyoxu
əlindən çıxmağa başladı. Vəfalı Həlimə ərinə ürək verib, çox qəm-qüssə
çəkməyə qoymazdı.
Bir dəfə Həlimə hamamdan çıxanda özünü soyuğa verib yorğan-döşəyə yıxıldı.
Hacı Nəsir istəkli arvadının üstünə müalicə üçün bir neçə məşhur həkim gətirdisə
de, sətələcəm azarından sağalda bilmədi. Həlimə doqquzuncu gecə, "Nurəddin"
deyə-deyə vəfat etdi.

Həlimə oğlunu hər gecə soyundurub əzizləyə-əzizləyə yatırardı. O da anasının
boynunu qucaqlayıb: - Ana, gecən xeyrə qalsın, - deyə onu öpərdi və şirin yuxuya
gedərdi. O idi ki, həmin gecə qulluqçu onu rahat edəndə anası yadına düşüb
təzədən ağlamağa başladı. Gecə yarıdan keçdi. Lakin Nurəddin yata bilmədi.
Ağlamağını kəsib xəyala getmişdi.
- Ah, birdən anam dirilə... Bəlkə, anam heç ölməmişdir, bilmirlər?.. O günü
müəllimimiz söylədi ki, bir elə yuxu var ki, ölümə oxşayır, bir neçə gün, hətta neçə
ay azarlı ölü kimi qalıb axırda yenə dirilir. Çox ittifaqlar düşür ki, elə azarlını
ölmüş zənn edib dəfn edirlər.
Ah, bəlkə anam da elə yuxuya getmişdir?.. Onu ölmüş bilib basdıracaqlar, -
yox, yox, qoymaram. Səhər tezdən atama deyəcəyəm ki, hələ anamı
basdırmasınlar, bəlkə ölməmişdir.
Belə fikir və xəyalatda ikən Nurəddin sübh vaxtı yuxuya getdi və günortaya
kimi yatdı. Nurəddin yuxudan oyanınca Həliməni dəfn etdilər.
Hacı Nəsirin başı yas yerinə gələn adamlara qarışdığından oğlundan bixəbər
idi. Nurəddin gözlərini açdı. O biri otaqda molla həzin bir səslə quran oxuyurdu.
Mollanın xoş avazı yuxudan yeni ayılmış Nurəddinə layla kimi təsir edib, onu bir
müddət yuxu ilə ayıqlıq halətində saxladı. Sonra "Bu quran nə üçün və kim üçün
oxunur" fikri Nurəddinin başına düşdü. Bu isə anasının ölməyini yadına saldı.
Birdən gecəki fikri Nurəddinin başına ildırım kimi şığıyıb onu yerindən dik
qaldırdı. Bu halda qulluqçu Bahar içəri daxil oldu. Nurəddin soruşdu:
- Bahar, de görüm, anamı basdırdılarmı?
Bahar gözlərinin yaşını silərək:
- Bəli, basdırdılar. Kaş onun əvəzinə mın ölıydim, mıni basdıraydılar, - deyə
cavab verdi.
Anasının dirilməsindən zavallı Nurəddinin ümidi daha kəsildi, lakin onu ölüm
yuxusunda ikən dəfn etmək şəkki hələ ürəyində idi. O idi ki, axşam başsağlığına
gələn adamlar ona dedi, atası da onu şəkdən çıxarıb sakit etdi.
Anasının vəfatından sonra Nurəddində böyük təğyir görünürdü. Həmişə deyibdanışan,
gülərüzlü və mehriban bir uşaq olduğu halda, indi qəmgin və məyus olub
məktəb yoldaşlarından kənar dururdu.

Həmfikri, həmsirri ancaq kitabları olmuşdu. Əvvəl vaxtlar yoldaşları onun bu
halətini anasının vəfat etməyinə görə təbii bilib, bu xəyalda idilər ki, sonralar yenə
həmişəki halına düşəcəkdir. Lakin bir ay keçdi, iki ay keçdi, bir il keçdi. Nurəddin
əvvəlki halına düşmədi. Ancaq biliyi ilə müəllimlərini heyrətə gətirirdi. Çox vaxt
onlara elə sual verirdi ki, cavabında aciz qalırdılar.
Hacı Nəsirin əli aşağı düşdüyünə görə Nurəddin dəxi əvvəlki kimi məkətəbə öz
faytonlarında getmirdi. Bu təğyirdən Nurəddin bir o qədər qəm çəkmirdi, çünki
təbiətində təkəbbürlük, təşəxxüslük əsla qoyulmamışdı. Hacı Nəsir nə qədər
oğlunun elm və ədəb kəsbində göstərdiyi səy və qeyrətdən fərəhlənirdisə, bir o
qədər də onun pərişanlığından qəmgin olardı və bilməzdi ki, nə yolla onu şad etsin.
Axırda Hacı Nəsir evlənmək fikrinə düşdü. "Bir kasıb kişinin qızını alıb evimə
gətirməliyəm ki, Nurəddinə analıq edib onu qəm-qüssədən azad etsin", deyə Hacı
Nəsir fikir etdi. Bir ittifaq bu xahişi tezliklə əmələ gətirməyə səbəb oldu.
Hacı Nəsir bir qeyri şəhərdə sakin olan şəriki ilə hesab çəkməyə getmişdi. Bu
şəhərin iyirmi verstliyində olan kənddə Hacı Nəsirin İmamverdi adlı tanışı vardı.
Neçə müddətdi ki, ondan bir xəbər-ətər yox idi.
- Bu uzun yolu gəlmişkən qoy bu dostuma da bir baş çəkim, - deyə Hacı Nəsir
yola rəvan oldu. Kəndə çatdıqda ondan-bundan xəbər tutub axırda İmamverdini
tapdı.
İmamverdi altmış yaşında bir qoca kişi idi. Kənddə özünə görə yaxşı evi-mülki
vardı. Amma indi onların hamısı satılıb borclarına verilmişdi. İmamverdi Hacı
Nəsiri bir köhnə daxmaya dəvət edərkən dedi:
- Hacı Nəsir, son görən dövlət əlimdən çıxdı. İndi mənə qalan, ancaq bu uçuq
daxmadır. Övladdan da bir qızdan başqa, bir kəsim qalmamışdır.
- Hərgah mənim işlərim əvvəlki kimi düzgün olsaydı, sənə əl tutardım.
- Bilirəm, bilirəm, - deyə İmamverdi cavab verdi. Sonra üzünü qızına sarı tutub
dedi:
- Gülpəri, tez ol nahar tədarük et, Hacı Nəsir yol gəlib, acdır. Gülpəri xörək
hazırlamağa, İmamverdi və Hacı Nəsir söhbət etməyə məşğul oldular.

Gülpəri qısaboylu, doluəndamlı, qarabuğdayı, bədxasiyyət, iyirmi üç yaşında
bir qız idi. Gülpərinin bədxasiyyəti onun indiyə kimi qız qalmasına səbəb olmuşdu.
Kənddə heç kəs ona yaxınlaşıb elçi düşməyirdi. İmamverdi ilə Hacı Nəsirin uzun
söhbətinin nəticəsi bu oldu ki, qəza, Hacı Nəsiri dolaşdırıb İmamverdi ilə qohum
etdi.
İki gündən sonra Hacı Nəsir Gülpərini evinə arvad gətirdi və Nurəddini öpərək
dedi:
- Oğlum, bu sənin təzə anandır. İrəli gəl, gedib əlindən öp. Evimizə xoş
gəlmisən de!
Bu xəbərin təsirindən Nurəddinin rəngi-ruhu qaçıb bədəni titrəməyə başladı. O
saat sevgili anasının surəti gözlərinin önündə durdu. Uca bir səslə:
- Ah, ata, nə tez anamı yaddan çıxartdın! - deyə Nurəddin ağladı və birinci dəfə
olaraq atasının sözündən çıxıb, onun əmrini yerinə yetirmədi.
Oğlunun sözləri Hacı Nəsirin ürəyinə ox kimi sancılıb gözlərini yaşartdı.
Gülpəri bu əhvalatdan qəzəbnak olub:
- Təzə gəlini beləmi qəbul edərlər? Sən məni buraya yasamı gətirmisən? - deyə
qışqırdı.
- Gülpəri, acığın tutmasın, doğru deyirsən, gərək sənin pişvazına çıxılaydı,
şadlıq olunaydı. Ancaq onu da qohum-əqraba edər, halbuki mənim heç kəsim
yoxdur. Bu gündən bu ev-eşiyin xanımı sənsən, ancaq səndən təvəqqe edirəm ki,
bu oğluma həqiqi analıq edib ürəkdən sevəsən. Nurəddin ədəbli, tərbiyəli uşaqdır.
İndi anası yadına düşüb ağlayır. Sonra həmişə sənin itaətində olacaqdır. Gəl gedək
otaqlarını, şeylərini sənə göstərim. - Bunu deyib Hacı Nəsir Gülpərini o biri otağa
apardı.

Gülpəri Hacı Nəsirin evinə qədəm qoyduğu saatdan zavallı Nurəddinin
müsibəti başlandı. Gülpəri öz pis xasiyyətini tezliklə büruzə verdi. Səhərdən
axşama kimi əllərini bir işə vurmayıb, nökər və qulluqçuların üstünə qışqırıbsöyməyi
özünə peşə etmişdi. Ələlxüsus, yazıq Nurəddinin günü qara olmuşdu. Onu
tez-tez söyərdi və heç zad üstündə döyərdi. Lakin qeyrətli uşaq əsla səsini
çıxarmazdı. Hətta atasına şikayət etməyib özünü onun yanında şad saxlardı ki, atası
qəm etməsin.
Get-gedə Gülpərinin zülmü artırdı. On ildən ziyadə Hacı Nəsirə xidmət edən
nökər bu tövr rəftara daha davam edə bilməyib qulluqdan çıxdı. Nurəddin olmasaydı, Bahar da çoxdan çıxıb gedərdi. Lakin vəfalı qulluqçu mərhum xanımının yaxşılığını unutmayıb, Gülpərinin hər zülmünə davam edirdi;
təki əli balaca Nurəddindən üzülməsin.

Hacı Nəsir bu işləri görüb ikinci dəfə evlənməyə çox peşman idi. Gülpərinin
üzünü az görmək üçün səhər sübhdən bazara gedib, bir də axşam evə qayıdardı. Bir tərəfdən ticarət işlərinin getdikcə dolaşıb zərər gətirməsi, digər tərəfdən də evinin binizamlığı Hacı Nəsiri azara salıb mum kimi eridirdi.
Nurəddin də Gülpərinin bu hərəkətindən vaxtının çoxunu məktəbdə keçirərdi.
- Tələsmə, bu gün-sabah o köpəkləmiş atan ölüb gedər, ixtiyarı düşər mənim
əlimə, onda səni bircə saat da məktəbində qoymaram, - deyə Gülpəri qışqırardı.
Bir ilə yaxın idi ki, Gülpərinin zülmü davam edirdi. Bir gün Nurəddin evə gec
gəldikdə Gülpəri hirslənib onu döyməyə başladı. Bu halda qəflətən Hacı Nəsir
qapıdan içəri girdi və Nurəddini Gülpərinin əlindən alıb qeyzlənmiş dedi:
- Ay nəməkbəhəram, mən səni kimi bir kasıb qızını dilənçilikdən qurtarıb
özümə arvad etdim ki, sən də o yaxşılığın əvəzində bu uşağa analıq edib qayğısını
çəkəsən, yoxsa onun üçün cəllad olasan? And içirəm Həlimənin o pak olan ruhuna,
bundan sonra səni bu evdə bir gün saxlamaram. Get şeylərini hazırla. Bu saat
təlaqini verib səni boşayacağam. - Bunu deyib, Hacı Nəsir cəld bazara tərəf getdi.
Bu ittifaqdan yarım saat keçməmişdi ki, Hacı Nəsirin dükanda ürəyi partlayıb
vəfat etməsi xəbəri gəldi. Bir azdan sonra meyidini evə gətirdilər. Batində bu
bəlaya şad olan Gülpərinin zahirdə başına döyub, üzünü cırıb, özünü meyidin
üstünə salması Nurəddinə atasının ölümündən yaman təsir etdi. Ona görə əvvəl
istədi ki, Gülpərinin bu riyai-əməlini açıb adamlara söyləsin. Amma atasının
həmişə ona verdiyi: - "Külfətin sirrini açıb özgələrə söyləmək qəbihdir" -nəsihəti
yadına düşüb bu fikirdən daşındı və bir bucağa çəkilib mat və məbhut dayandı.
Nurəddin özünü saxlayıb qəsdən ağlamırdı ki, Gülpəriyə oxşamasın. Lakin
batindən bixəbər adamlar onun belə lal durmasını vəfasızlığa və Gülpərinin elə
yalandan üzünü cırmasını vəfalılığa həml etdilər. Atasının dəfni və təziyəsi
Nurəddinə yuxu kimi gəlirdi.

* * *

Hacı Nəsirin üçü çıxan kimi Gülpəri Nurəddinin üzündən öpə-öpə əlinə pul
verib dedi:
- Oğlum, daha dərsindən qalma, dur məktəbə get, dərslərini qurtarandan sonra
da yoldaşlarını götürüb gəzməyə get ki, kefin açılsın.
Bu gün atanın borcluları gələcəklər. Mənim başım onlara qarışacaqdır.
Daha dayanma, oğlum, get.
Bu əmrə Nurəddinin özü də şad oldu və dərhal heybəsini götürüb cəld getdi.
Yol uzunu Nurəddin Gülpəri barədə fikir edirdi.
- Atam öləndən bəri Gülpəri mənimlə çox mehriban dolanır, hərgah əvvəldən
belə olsaydı, heç atamın da bağrı çatlayıb ölməzdi.
Görəsən Gülpərinin mənimlə belə rəftar etməsinə səbəb nə oldu? Bu hal onda
mənə rəhmi gəldiyindənmi, yoxsa, atası İmamverdinin qorxusundanmı əmələ
gəldi? İmamverdi yaxşı kişidir. O məni çox istəyir. Ah, görəsən, Gülpərinin bu halı
çoxmu çəkəcəkdir? Qorxuram İmamverdi baba gedəndən sonra yenə məni
döyməyə başlaya. Onda kimim var ki, mənə kömək etsin. Hərgah Bahar kömək
edərsə, o saat onu da qovar; çünki indi hamı ixtiyar onun əlindədir.
Bu fikir və xəyalatda ikən Nurəddin gəlib məktəbə çatdı. Gülpərinin belə
dəyişməsinə səbəb, Nurəddinin zənn etdiklərinin heç biri deyildi. Gülpəri yaxşı
bilirdi ki, özünün övladsız olmasına görə Hacı Nəsirin cəmi mal və dövləti tək
Nurəddinə qalacaqdır və o da uşaq olduğundan hər ixtiyar qəyyum əlinə
keçecəkdir. İndi hiyləgər qadın bu qəyyumluğu axtarırdı və məramına da çatdı.
Gülpəri ərindən çox pul gözləyirdi, lakin Hacı Nəsirin var-yoxunu hesaba çəkib
borclarını verəndən sonra məlum oldu ki, bir qədər nəqd pul bir ev atasından və on
iki min manatlıq cəvahirat və ev şeyi də anasından Nurəddinə irs qalıb. Ona da
Gülpərini qəyyum təyin etdilər.
Nurəddin evlərinə qayıtdıqda Bahar onu əhvalatdan xəbərdar etdi. Nurəddin
Gülpərinin dəyişməsini indi başa düşdü. Bahar dedi:
- Qorxma, nə qədər ki, sən sağsan Gülpəri bir qəpiyə də əl vura bilməz və səni
incidə bilməz, çünki onda onu qəyyumluqdan çıxardarlar.
Bu sözlərdən Nurəddin çox şad oldu. Baharın dediyi də düz oldu. Güləpri
Nurəddinə daha əziyyət verməyib onunla mehriban dolanmağa başladı.

Bahar, doğrudur, Nurəddini Gülpəri tərəfindən arxayın etdi, amma özü onun bu
dəyişilməsinə əsla inanmırdı. Gülpərinin ürəyində bir gizli fikir bəsləməsinə şəkki
yox idi. Ona görə gözləyirdi ki, Nurəddinə o tərəfdən bir zərər yetişməsin. Gülpəri
də bunu duyub, Baharı bir yolla rədd etmək fikrində idi. Ancaq aşkar qovmaqdan
çəkinirdi, çünki Bahar körpə vaxtından Hacı Nəsirin evində böyümüşdü. Hamı
onun xatirini istəyirdi və ona qulluqçu nəzərilə baxmırdı.
İmamverdi ömrünün çoxunu kənddə keçirməyinə görə şəhər dolanacağına adət
etməmişdi. Bu səbəbdən əziyyət çəkirdi. Axırda qızına dedi:
- Gülpəri, indi işlərin qayda ilə gedir, daha mənə ehtiyac yoxdur, şəhərin
havasını götürmürəm, ona görə mən gedirəm. Siz də, inşallah, Nurəddin azad olub
yaya buraxılan kimi yığışıb gəlin. Təki, üç ay yayı o gözəl ab-havada keçirib cana
gələsiniz.
Gülpəri atasının ömrinə razı oldu. İmamverdi Nurəddindən ayrılanda onu
öpərək dedi:
- Oğlum, dərslərini səy et ki, imtahanını yaxşı verəsən. Allah qoysa, gəlib
görərsən ki, bizim kənd nə gözəl yerdir. Sənə tilov qayıracağam, hər gün çayda
balıq tutarsan; orada çimərsən, meşəyə gedib çiyələk, moruq, göbələk yığarsan.
İmamverdi xudahafizləşib yola düşdü.
Nurəddin İmamverdi babanın ayrılığına qəmgin oldusa da, onun verdiyi vədlərə
çox şad idi, çünki anadan olandan öz şəhərlərindən başqa bir yeri görməmişdi.
Çayı, meşəni, ancaq kitabda oxumuşdu. Bu səbəbə görə yay tətilini səbirsiz
gözləyirdi. Gülpəri də bu işə şad idi. Ancaq onun şadlığına başqa səbəblər vardı.
Bir il bundan əvvəl kəndlərində yoldaşlarının təzə çit libasına həsəd aparan
Gülpəri, indi ipək paltarda, üst-başı qızıl və cəvahirat ilə bəzənmiş kəndlərinə
qayıdacaqdı. Qabaqlarda ona yaxın düşməyən elçilər indi qapısından əl
çəkməyəcəklər. Amma bunların hamısından çox onu şad edən şey ürəyində
bəslədiyi gizlin fikir idi. Yəni orada Nurəddinin dövlətini özünə mal etməyə bir
çarə arayıb tapmaqdı.
Axırda Nurəddinin səbirsizliklə gözlədiyi gün gəlib çatdı. Üç gün idi ki,
Gülpəri səfərə yığışırdı. Bu yığışmaq Baharı bərk təşvişə salmışdı, çünki Gülpəri
evin cəmi şeylərini sandıqlara doldurub, özü ilə aparmaq fikrində idi.

- Xanım, üç aydan ötrü bir belə şeyi yük eləyib aparmağın nə mənası var? –
deyə Bahar soruşduqda:
- Yox, Bahar, əziyyət olsa da ümid olub burada qoymaq olmaz, - deyə
Gülpəri cavab verdi.
Bahar ümid edirdi ki, Gülpəri onu da kəndə aparacaqdır. Lakin hər bir şey hazır
olandan sonra Gülpəri ona dedi:
- Bahar, sən şəhərdə qalasısan. Evi səndən başqa heç kəsə ümid olub, qoya
bilmərəm.
Bahar nə qədər yalvardısa da Gülpəri razı olmadı. Nurəddin də təvəqqə etdi,
mümkün olmadı.
- Yox, yox! Evi Bahardan başqa heç kimə tapşıra bilmərəm, - deyə Gülpəri
təvəqqəni rədd etdi. Həccə getmirik ki, üç aydan sonar yenə buradayıq.
- Bahar, xudahafiz, evdən yaxşı muğayat ol!
Bahar Nurəddini qucaqlayıb öpdü.
- Yaxşı yol, allah səni bəladan hifz etsin. Ah, görəsən, bir də səninlə
görüşəcəyəmmi?..
Baharı ağlamaq boğub, daha danışmağa qoymadı.
Koç yola düşdü. Nurəddin Bahardan ayrılmasına görə bir qədər bikef oldu.
Amma sonra görmədiyi yerlerə, vaqondan baxdıqca, qəmi yadından çıxdı.
Vaqon çox sürətlə gedirdi. Nurəddin birdən altıya kimi sanayınca bir tel ağacı
keçirdi. Mənzərələr tez-tez dəyişirdi; gah göy ot və çəmənlərlə bəzənmiş düzəngah,
gah yaşıl təpələr və dağlar, gah qaranlıq meşələr və dərələr və gah da aydın çaylar
və yollar görünürdü.
Nurəddin heyrətdə idi, çünki bunların heç birini görməmişdi. İndiyə kimi tozlu,
tüstülü şəhərdən bir qeyri yerə çıxmamışdı.
Gülpəri bir neçə gün qabaq, kağız vasitəsi ilə yazıb hansı gün çıxmalarını
atasına məlum etmişdi və əlavə fayton gözləməyini rica etmişdi. Lakin səfərin
ikinci günü gəlib oraya çatdıqda, vağzalda nə atasını və nə də bir tanış adam
görmədi. Bu isə Gülpərini bərk təşvişə saldı. Cəld nökəri Cəfəri göndərib iki nəfər
hambal çağırtdı, yanındakı və bağajdakı şeyləri daşıdıb ikinci klas salonuna
yığdırdı.
Gülpəri Cəfəri götürmüşdü ki, onları buraya kimi ötürüb yenə geri qayıtsın.
Vağzalda iki saata kimi gözlədilər, amma heç kəs gəlib çıxmadı. Gülpərinin təşvişi
getdikcə artırdı, çünki yanındakı qiymətli şeylərin tələf olacağından qorxurdu.
Hərçənd, bu şəhərdə tanışlara vardı, amma onlara da ürəyi qızmırdı. Axırda Gülpərinin daha atasının gəlməsindən ümidi kəsilib, nökəri ilə yola düşməyə naçar qaldı.

Gülpəri Cəfəri göndərib iki fayton tutdurdu, faytonun birinə nökəri və şeyləri
qoyub, o birinə də özü Nurəddinlə oturdu və qorxa-qorxa yola düşdü. Şəhərdən
kəndə uzaq deyildi. Hamısı iyirmi verst idi. Lakin Gülpərini qorxuya salan dağlar
arasından və meşələr içindən keçən yollardı ki, onlarda çox vaxtı soyğunçuluq
ittifaq düşərdi. Gülpəri erkən gedib mənzilə çatmaq üçün faytonları qovdururdu və
faytonçulara da iti sürmək evəzində çay pulunu artıq verməyi vədə etmişdi.
Gülpərinin qorxduğu başına gəldi. Belə ki, ağır yüklü fayton əyri-üyrü və enişyoxuş
yollara çatdıqda, bir döngədə aşıb, oxu və çarxı sındı. Bu hadisə zühur edən
vaxt günəş enib dağın dalında gizlənmişdi. Gülpəri artıq iztiraba düşüb söylənirdi.
- Allah, bu nə iş idi mənim başıma gəldi. İndi bu yol içində, bu qorxulu
dağlar arasında necə olacağıq. Görəsən, atamın başına nə iş gəldi ki, bu vaxta kimi
gəlib çıxmadı. Kaş şəhərdə qalıb ondan xəbər gözləyəydim.
Faytonçu:
- Xanım, onlardan keçmişdir. Gəl biz gedib kənddən kömək çağıraq.
Gülpəri buna razı olmadı.
- Yox, heç vaxtı şeylərini burada qoyub getmərəm, ayrı çarə varsa arayıb
tapın.
Faytonçular dedilər:
- Xanım, ayrı çarə yoxdur. Hərgah faytonun oxu sınmamış olsaydı, çarxı bir
tövr sarıyardıq və yavaş-yavaş sürüb, özümüzü kəndə salardıq. İndi isə ümidimiz
bir allaha qalmışdır.
Bu sözlərdən sonra Gülpərinin iztirabı daha da artdı. Axşam oldu. Soyuq
düşdü. Dərələrdən duman qalxmağa başladı. Heç kəs gəlib çıxmadı. Gecə orada
qalmağın qorxusu çoxdu. Gülpəri üzünü faytonçulara tərəf tutub:
- Bu gecə bu yol üstündəmi qalacağıq? - deyə soruşduqda, faytonçular
cavabında aciz qaldılar. Nurəddin bu ittifaq düşəndən bəri fikrə gedib çarə arayırdı.
Nurəddin öz siniflərində ən fərasətli uşaq sayılırdı. Nurəddin üzünü onlara tutub
dedi:
- Mən bir çarə tapdım, qulaq asınız söyləyim. Sınan faytonun dörd atı var.
Şeyləri bu atlara yükləyib biz gedərik, fayton sahibi burada qalar. Sonra kənddən
buna kömək göndərərik.

Bu təklif cümlənin xoşuna gəldi. Ələlxüsııs Gülpəri şad idi ki, beləcə asan yolla
Nurəddin onları çətinlikdən qurtardı. Vaxtı itirməyib atları yüklədilər və yola rəvan
oldular. Səfərin qorxulu yeri qabaqda idi. Meşənin içilə səkkiz verst yol gedirdi.
Köç meşəyə çatdıqda qaranlıq lap çökmüşdü. Cəfər yüklü atlarla qabaqda və
fayton dalda gedirdi. Gülpəri bərk qorxurdu. Nurəddin qorxaq uşaq deyilsə də,
meşənin vahiməsi onu da basmışdı. Elə sakitlik idi ki, nə bir zihəyatın səsi çıxırdı,
nə də bir yarpaq tərpənirdi. Odur ki, bir yandan bu sakitliyin özü də insanı
vahiməyə salırdı. Qəflətən bir qorxulu səs meşəni götürdü. Bu səsdən Nurəddin
diksindi, Gülpəri qışqırdı. Faytonçu dedi:
- Qorxma, xanım bayquşdur, ulayır.
- Vay, allah səni yox etsin, gör nə murdar səsi var, - deyə Gülpəri qarğış
elədi,
Meşənin qurtaracağına iki verst qalmış bir atlı-yaraqlı adam Cəfərin qabağını
kəsdi.
- Dayan, tərpənmə, atdan düş, yoxsa odladım!
- Əmiraslan ağa, atına, mənəm.
- Cəfər, sənsən?
- Bəli, ağa, mənəm.
Atlı tüfəngini çiyninə salıb, Cəfərə sarı irəlilədi.
- Cəfər, bu köç kimindir?
- Ağa, Gülpəri xanımındır. Odur özü də daldan faytonla gəlir. Yolda
faytonumuzun biri sındı, ona görə şeyləri atlara yükləmişik. Şəhərdə nə qədər
İmamverdi babanı gozlədiksə də, gəlib çıxmadı, axırda naçar qalıb özümüz yola
düşdük.
- Cəfər, sən yavaş-yavaş sür get, mən də faytonla bərabər gəlirəm, - deyə
Əmiraslan atını qamçıladı. Gülpəri atlını görcək qorxuya düşdü:
- Yaman yerdə qaranlıqladıq.
- Qorxma, xanım yəqin sizin adamlardandır, qabağınıza gəlibdir, - deyə
faytonçu Gülpəriyə ürək verdi.
Əmiraslan faytona yaxınlaşıb ucadan səsləndi:
- İndi necəsən, əmiqızı, sizi tutub var-yoxunuzu əlinizdən alımmı?
Gülpəri bu səsi eşitcək sevinib qışqırdı:
- Əmiraslan, əmioğlu, sənsən?! Nə yaxşı gəldin, bəs atam hanı?
Gərək fayton tutub qabağımıza gələ idi. Bilmirəm kağızı gəlib çatmayıb, ya
başına bir iş gəlib?
Əmiraslan dedi:
- Mənim, sizin gəlməyinizdən xəbərim olmamışdır. Özüm də evdən səhər
çıxmışam. Yəqin əmimin indiyə kimi gəlib çıxmamağına səbəb körpünü sel
aparması olmuşdur. Cəfərdən başınıza gələn hadisəni eşitdim. Əmiqızı, köçdən
belə görünür ki, daha bir də geri qayıtmayacaqsan. Yaxşı da edərsən, adam gərək
verdiyi sözün üstündə dursun.
Gülpəri söhbəti dəyişdirmək üçün dedi:
- Əmioğlu, deyəsən Nurəddini görmürsən?
Əmiraslan Nurəddini indicə gördü və Gülpərinin də işarəsini anladı:
- Nurəddin, sən çox xoş gəlmisən. De görüm məndən qorxdunmu?
- Səndən niyə qorxuram, adam da adamdan qorxarmı? - deyə Nurəddin
cavab verdi.
- Oxuyan uşaq qorxaq olar.
- Xeyr, səhv edirsiniz, oxumayan uşaq qorxaq olar. Oxuyan uşağın elmi
olar, hər şeyin sirrini bilər, ona görə de qorxmaz.
- Yaxşı, indi ki, sən elə qoçaq oğlansan, gəl mənim atımı min, bir az da mən
faytonda dincimi alım, - deyə Əmiraslan Gülpəriyə göz vurdu. Gülpəri
Əmiraslanın işarəsini başa düşdüsə də yenə razı olmayıb dedi:
- Yox, yox, Nurəddini at yıxar.
- At çox dincdir. Adam yıxan deyil, yavaş-yavaş faytonun yanınca sürər.
Ancaq atdan qorxan deyilsə...
- Mən qorxaq deyiləm, - dedim!
Axırda Gülpəri razı oldu. Əmiraslan atdan düşüb Nurəddini mindirdi. Nurəddin
özünü atın üstündə görcək onu tərkimlədi. At sıçrayıb qaçdı. Gülpəri qorxdu.
Amma Nurəddin atda bərk oturmuşdu. Əmiraslan dedi:
- Maşallah, qoçaq uşaqdır.
Sonra faytona minib Gülpərilə gizlin söhbətə başladı.
Əmiraslan, İmamverdinin kiçik qardaşı Tanrıqulunun oğlu idi. Bundan başqa
Tanrıqulunun övladı olmamışdı. Ona görə valideyni Əmiraslanı əzizləyib, ərköyün
böyütmüşdü. Balaca Əmiraslan üçün "yox" kəlməsi yox idi. Her xahişi ata-anası
tərəfindən fövri əmələ gəlirdi. Əmiraslan özgə uşaqda bir şey görsəydi, o saat
gerək ona da alına idi, yoxsa sakit olmazdı. Belə tərbiyənin nəticəsi tezliklə ortaya
çıxdı. Əmiraslan doqquz yaşına çatdıqda atası ona heybə və çərəkə aldı. Təzəcə
paltar geydirib hədiyyə ilə onu mollanın yanına oxumağa apardı. Üç gündən sonra Əmiraslan çərəkəsini cırıb məktəbdən qaçdı. Ata-anası nə qədər yalvardısa da, bir şey çıxmadı. Atası çox təkid edəndə Əmiraslan dedi:
- Dədə, mən məktəbə getməyəcəyəm. Orada molla adamın ayağını
falaqqaya salıb döyür. İstəyirsən məni şkolaya qoy gedim.
Tanrıqulu rusca oxumağın ziddinə gedənlərdən idi. Bu fikri onun başına salan
və onu şkolaya düşmən edən kənd mollası axund Molla İman idi. O, həmişə
deyərdi:
- Tanrıqulu, məbadə oğlunu şkolaya qoyasan. Orada müsəlman uşaqları
təmiz urus edirlər. Başlarına tük qoydurub şapka qoyurlar.
Oxutduqları da Sədi, Hafiz əvəzinə başdan-ayağa tülkü, çaqqaldır.
Tanrıqulu axundun birinci dərəcə müridlərindən hesab olunurdu. Odur ki,
oğlunun şkolaya girmək xahişi onu çaşdırdı. Nə axundun əmrindən çıxa bilirdi, nə
də oğlunun oxuyub ədəbli, elmli olmasından əl çəkə bilirdi. Axırda məsləhət üçün
Əli bəyin yanına getdi. Əli bəy elmli və qoca bir kişi idi. Tanrıqulu həmişə onun
hörmətini saxlardı və hər məsləhəti olsaydı gedib onunla həll edərdi. Tanrıqulu Əli
bəygilə gələndə orada Əli bəydən başqa bir şəxs də gördü. Buna Tanrıqulu əvvəlcə
bu adamın yanında fikrini açıb Əli bəyə demək istəmədi. Amma elə ki, Əli bəy: -
"Bu mənim yaxın dostum Mirzə Həsəndir, tanış olun" - dedi, fikrini dəyişdirib
əhvalatı ona nağıl etdi. Əli bəy uşağı şkolaya qoymağı məsləhət görüb dedi:
- A kişi, heç kəsin sözünə qulaq asma. İstəyirsənsə oğlun adam olsun,
şkolaya qoy. O ki qaldı axund Molla İman, onun fikri başdan-ayağa yanlış və
xatadır. Burada heç bir uşağı rus etməmişlər. Əgər etmişlərsə, budur, onların
müəllimi söyləsin.
Mirzə Həsən gülümsünüb dedi:
- Əgər islamlıq başa tük qoyub, şapka geymək ilə pis olursa, belionda
Molla İmanın dediyi düzdür. Ancaq onun bu sözü hansı kitabdan götürdüyünə mən
də məəttəl qalmışam. Bu fikir Molla İmanın öz başından çıxma bir şeydir. -
Qardaşım, oğlunu tezliklə göndər gəlsin.
Peşman olmazsan.
Tanrıqulu bir iki adamın məsləhətinə görə oğlunu şkolaya qoydu.
Əmiraslan şkolada çox davam etmədi. Nadinc, söyüşkən, bu doqquz yaşında
uşaq, cəmi müəllimləri təngə gətirmişdi. Heç bir gün olmazdı ki, Əmiraslan bir
uşaqla savaşıb, döyüşməsin. Bunun bəd əxlaqını düzəltməkdə müəllimlər aciz
qalmışdılar. Buna da bais ata-anası idi, çünki üç saat məktəbdə keçirdiyi vaxtdan başqa, günün yerdə qalanını Əmiraslan hər bir əmr və nehydən azad idi. Hər nə könlü istəyirdi onu edərdi. Axırda yoldaslarının birini bıçaqlayıb yaralamağının üstündə Əmiraslanı məktəbdən xaric etdilər. Tanrıqulu Əmiraslanı bir-iki il ora-bura atdısa da bir şey çıxmadı.

Əmiraslan, əmisi qızı Gülpəridən iki yaş böyük idi. Qardaşlar bu iki tifili birbirinə
körpə vaxtlarından ad etmişdiler. Amma İmamverdi Əmiraslanın oxumayıb
belə bitərbiyə qalmasından artıq narazı idi və bu barədə də qardaşını müqəssir
edirdi.
- Belə tərbiyə olmaz. Uşaq gerək izin olmayan şeyi tutmasın.
Böyük-kiçik anlasın. Bunun axın peşmançılıqdır, - deyə İmamverdi, qardaşını
məzəmmət edərdi.
Əmiraslan on altı yaşına çatanda ata-anası dalbadal vəfat etdi və nənəsi Püstə
qarıdan başqa evlərində bir kəs qalmadı. Atası öləndə Əmiraslana yaxşı mal-dövlət
və pul qoymuşdu. Bir-iki ilin ərzində yaramaz oğul bunların hamısını kefə, qumara
qoyub tələf etdi. İmamverdi nə qədər çalışdısa da qardaşı oğlunu pis yoldan
qaytara bilmədi və axırda onunla bilmərrə əlaqəsini kəsib evinə qoymadı. Nə qədər
əlində dövlət var idi, Əmiraslan Gülpəriyə yaxın düşmürdü. Amma elə ki, varyoxunun
hamısı eyşi-işrətə qoyulub puç oldu, Gülpərini almaq fikrinə düşdü. Lakin
İmamverdi:
- Ne qədər mən sağam, bu iş baş tutmaz, - deyə onun təklifini rədd etdi.
Gülpərinin könlü əmisi oğlunda idi. Ona görə də qosulub qaçmaq istəyirdi.
Lakin Əmiraslan bu əmrə razı deyildi, çünki onun fikri Gülpərini almaq deyil,
əmisinin dövlətini ələ almaq idi. Bu isə İmamverdinin razılığı ilə mümkün olardı.
Axırda, Əmiraslan Gülpəridən əl çəkib bir dövlətli dul arvad aldı. Əmiraslan
arvadın gətirdiyi dövləti tezliklə qumara və kefə qoyub özünü də boşadı. Pis yola
öyrənmiş Əmiraslan üçün pul lazım idi. Ona görə yavaş-yavaş oğurluğa və yol
kəsməyə şüru etdi. Bu yolda neçə dəfə həbsə düşüb çıxdı. O ətrafda bir yolkəsmə,
bir oğurluq olmazdı ki, Əmiraslanın orada əli olmamış olaydı. İndi faytonda
əyləşib Gülpərilə söhbət edən Əmiraslan belə hərifdi.
Əmiqızı və əmioğlu sözü bu yerdə qoydular ki, Əmiraslan Gülpəri üçün
əmisinə elçi düşsün. Hərgah İmamverdi bu dəfə də razı olmasa, Gülpəri atasından
izinsiz Əmiraslana getsin.

* * *

Nurəddin Cəfərə çatdıqda atın başını çəkdi. Lakin qızışmış köhlən at qüvvətsiz
uşağa qulaq asmadı və qaraltıdan ürküb daha da bərk qaçmağa başladı. Nurəddin
gördü ki, atı öz gücü ilə saxlaya bilməyəcəkdir. Yüyəni buraxıb iki əli ilə yəhərin
qaşından möhkəm yapışdı ki, atdan yıxılmasın. Cəfər Nurəddini bu halda gördükdə
istədi atın qabağını kəssin, ancaq bacarmadı. Cəfər qabaqda Əmiraslana nökər idi.
Ona görə onun atının xasiyyətini yaxşı bilirdi. Bu atın adı Ceyranbasan idi və özü
də bir dinc at idi. Amma qızışıb qaçanda heç bir at dalından çata bilməzdi.
Döngənin birində qəflətən bir fayton yolu kəsdi. Ceyranbasan yoldan meşəyə sapıb
Nurəddini üstündən yerə atdı. Bu yerə dəyməyin zərbindən zavallı uşağın ürəyi
getdi. Bunu görcək faytonçu faytonu saxladı. Onun içindən İmamverdi baba çıxıb
Nurəddinə tərəf yönəldi. Yaxınlaşanda gördü ki, bir uşaq hərəkətsiz, yerə sərilibdir.
İmamverdi əyilib uşağa baxanda təəccüblə qışqırdı:
- Sübhanallah, bu ki Nurəddindir. Bu, at ilə nə üçün gəlsin? İmamverdi cəld
uşağın başını dizi üstə alıb sinəsini açdı.
- Oğlum, Nurəddin, mənəm, İmamverdi baba.
Nurəddin zəif səslə ufuldadı və sonra özünə gəlib İmamverdi babanı tanıdı.
İmamverdi Nurəddinin bədəninin o yan-bu yanına baxdı ki, görsün yaradanağrıdan
nəyi var. Əlini sağ dizinə vuranda Nurəddin qışqırdı.
- Baba, ora dəymə, ağrıyır, qıçım sınıbdır.
- Yox, oğlum, qorxma, sınmamışdır, yəqin çıxıbdır, - bunu deyərək
İmamverdi Nurəddini üsulluca qucağına aldı və faytona qoydu. Bu halda köç gəlib
bunlara çatdı. İmamverdi baba elə ki, Əmiraslan və Gülpəridən əhvalatı bildi və
onlan bir faytonda oturmuş gördü, qəzəblənmiş qışqırdı:
- Sizin ağlınız harada idi? Bir tikə uşağı köhlən ata mindirib, gecə vaxtı
meşəyə buraxmaq olarmı?
Əmiraslan təqsiri boynuna alıb əmisindən üzr istədi. Sonra faytondan düşüb
atının dalınca getdi. Gülpəri çalışırdı ki, atasının acığını yatırtsın.
- Ata, acığın tutmasın, bunlar hamısı qəza işidir. Fayton yolda sındı.
Sən gəlib çıxmadın...

- Mən nə edim, günortadan bəri çayın o tərəfində körpünün qayrılmasını
gözləyirdim. Səhər sel gəlib aparmışdı, - deyə İmamverdi cavab verdi.
- Ata, o da qəzadan deyilmi? Amma şükür allaha ki, axırı xeyirdir.
Nurəddinin qıçını kənddə sınıqçı Qara Hüseynə saldırarsan, çıxar gedər.
Köç meşədən çıxdı. Bu vaxt ay da çıxmışdı. Nurəddini, İmamverdi baba
faytonun içində balışları düzüb, rahat etmişdi. Axşamdan iki saat keçmiş köç gəlib
kəndə çatdı.
Köç gəlib Güllücə kəndinə çatanda bu kəndin əhalisi yatmışdı. Kənd əhli gün
batanda yatıb, gün çıxanda da yuxudan durar. İmamverdi baba Güllücəni
Nurəddinə tərif etməkdə səhv etmirmiş. Gözəl hava, saf su, dağ, bağ, meşə insana
başqa bir ləzzət verir. Bu kənd dağın döşündə salınıb, gün çıxan tərəfində yaxşı
meyvə bağları və meşə, cənub tərəfində gözəl zəmilər və şimal tərefındə gözəl
çəmənlər var idi. Dağdan soyuq bulaqlar üzüaşağı kəndə sarı axırdı. Güllücənin
dadlı meyvələri ətrafda məşhurdu. Bu kəndin hər evinin qabağında bağdan əlavə,
gözəl bağça da vardı. Bu bağçalarda ev sahibləri ətirli güllər və çiçəklər əkmişdilər.
Kənardan baxanda dağ döşündə salınmış bu kənd, bir gülüstan şəklində görünürdü.
Buna görə də Güllücə adına sahib olmuşdu.

İmamverdi babanın evi kəndin üst tərəfində bir hündür yerdə idi. Buradan çox
gözəl mənzərələr açlırdı. İmamverdi babanın həyətində iki tikilisi vardı. Biri köhnə
daxma idi, o biri də iki otaq və mətbəxli, qabağı eyvanlı təzəcə ev idi. Evin qabağı
gözəl bir bağça idi. Bu bağça yaxşı meyvə ağacları, ətirli gül və çiçəklərlə dolu idi.
Bağçanın ortasında, bir soyuq bulaq torpaqdan çıxıb çarhovuza tökülürdü. Bu su
ilə İmamverdi baba bağçasını və bostanını sulayırdı. İmamverdi baba bu tezə evin
bir otağında Gülpəri və o birində Nurəddin üçün mənzil tədarük etmişdi.
İmamverdi baba bilirdi ki, çıxığı yerinə tez salmaq lazımdır. Hərgah tez
salınmasa, yerinə ət gələr və sonra onu düzəltmək çətin olar. Buna görə külfət bir
balaca rahat olan kimi, gecə olmasına baxmayıb, bağbanı Mehdi kişini göndərdi ki,
sınıqçı Qara Hüseyni yatmış da olsa, durquzub gətirsin.

Bir azdan sonra Qara Hüseyn gəldi. Bu işi İmamverdi yaşında, qırx ildən artıq
sınıqçılıq edən və ətrafda məşhur olmuş bir zat idi.

davamı
XS
SM
MD
LG