Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:31

Süleyman Sani Axundov. Nə üçün


Axşamçağı, 1905-ci il yanvarın 8-də, Vasilyevski cəzirəsi küçələrindən birində uçuşan, sovrulan qarlarla əlləşərək, şiddətli dondurucu ruzgarlarla boğuşaraq, işçi
bir qadın mənzilinə qayıdırdı. Bu qadının çöhrəsində bir məyusluq görünürdü, onu gözləyən ac uşağına bir parça da olsa çörək tapmamışdı, kiçik qızcığazının yanına əliboş gedirdi.

Qadın gəlib mənzilinə çatdı. Donmuş əli ilə qapını döydü. Balaca Lena çox çətinliklə qapının cəftəsini açıb anasını içəri buraxdı.

- Anacığım, yemək gətirdinmi? - deyə uşaq soruşdu.
- Toxda, balacığım, qoy donmuş əzamı bir isidim, - deyə Vera üst paltarını çıxarıb bir mitil əsgi yorğana büründü, lakin qapı və pəncərə arasından soxulan
ruzgar rütubətli, soyuq və balaca otağı elə soyutmuşdu ki, Vera yorğanın altında da
titrəyirdi. Kürkünə bürunüb bucaqda mürgüləyən 80 yaşlı Mixail baba nəvəsinin
gəldiyini duydu. Bir qədər sükutdan sonra baba soruşdu:

- Vera, yığıncağınızda nə qərara gəldiniz?
Vera titrək səslə cavab verdi:
- On üç min tətil edən "Putilov" işçisi, başqa zavod və fabrik işçilərilə bahəm
belə qət etdilər ki, sabah arvad-uşaqlar ilə birlikdə çar babaya müraciət etsinlər,
ona dərdlərini söyləsinlər və imdad istəsinlər.
Bunu eşitdikdə Lena sevincək soruşdu:

- Anacığım, məni də aparacaqsanmı? Bax mən daha səndən yemək istəmirəm,
sabah çar babam bizə hər şey verəcəkdir. Anacığım, qorxma, mən
yorulmayacağam, aclıqdan da şikayət etməyəcəyəm.
Mixail baba istehza ilə dedi:
- Çar babadan imdad gözləmək, zülm yuvasına müraciət etmək, nə qədər
sadəlilik. Romanov xanədanına altı oğul, beş nəvə qurban vermişəm, belə xidmət
əvəzində bu uzun ömrümdə bir qarın çörəyə möhtac olmuşam. Qızım, qorxuram,
sabah çar babanız çörək əvəzinə sizləri qurğuşuna qurban etsin.
- Nə deyirsən, baba? Elə iş olarmı? Biz fabrik-zavod sahiblərindən mümkün
olmayan bir şey tələb etmirik. Gündə 12 saat zəhmətə, işçi qadınların gündəlik
məvacibini 70 qəpiyə və erkəklərinkinin bir manat qədər artırılmasını rica edirik,
bu böyük bir tələbmi? Bir də sabah biz silahsız, əllərimizdə kilsə bayraqları,
döşlərimizdə xaç, uşaqlarımız ilə bərabər Qapon papanın rəhbərliyilə gedəcəyik, nə üçün bizləri
qurğuşuna qurban etsin?
Mixail baba dodaqları altında mırıldanaraq, kürkünü başına çəkdi və bir azdan
sonra yuxuya getdi. Lakin balaca Lena aclığını unudub çar baba barəsində anasına
dürlü-dürlü suallar verirdi. Vera uşağını rahat etmək üçün çar babanın cahcəlalından,
ədalətindən, rəiyyət üçün atalıq etməyindən söyləyirdi. Bu dadlı
laylardan balaca Lena xumarlanıb şirin yuxuya getdi.

* * *

9 yanvarda Peterburq küçələri işçilər və onların arvad-uşaqları ilə dolu idi.
Hamısı müəyyən yerlərdə toplaşmağa tələsirdi. Getdikcə camaat artırdı. Polis
məmurları xalq ilə mehriban rəftar edirdilər. Bu isə işçilərə ümid verirdi ki,
hökumət onların qətnaməsini yerinə yetirməyə mane olmayacaqdır.
Vasilyevski cəzirədə qırx mindən artıq xalq toplanmışdı. Bunların sırasında
Vera və kiçik Lena da vardı. Natiqlər kürsü üzərinə qalxaraq camaatı saray
meydanına getməyə dəvət edirdilər. Bu təklifi qəbul edərək xalq saray meydanına
tərəf axmağa başladı.

Aradan bir o qədər zaman keçməmişdi ki, şəhərin bir çox yerindən, polislər
tərəfindən işçilərin gülləyə tutulmaq xəbəri gəlib çıxdı. Lakin heç kəs buna
inanmayıb yenə də yeriş edirdi. Bu halda müsəlləh atlı kazaklar və jandarmlar
camaatın qarşısını alaraq atəş açdılar. İşçilər geriyə dönmək istədikdə, onlar
arxadan da gülləyə tutuldu. Bunu gördükdə adamlar bir-birini basaraq yan küçələrə
qaçmağa üz qoydu, lakin sitəmkər çarın qaniçici qurşunu hər tərəfi almışdı. Məsum
uşaqların naləsi, məzlum anaların fəryadı göylərə səda salmışdı. Lakin daş qəlbli,
qaniçən kazaklar, buna baxmayaraq, zavallı işçiləri bacardıqca qılıncdan
keçirirdilər.

Kiçik Lena anasını itirmişdi. Ayaq altında qalmasından qorxaraq özünü bir
dərvaza bucağına soxmuşdu. Zavallı uşağın qorxudan qanı elə qaçmışdı ki, üzünün
rəngi ayaqları altındakı qardan seçilmirdi. Aclıq, zəiflik bir tərəfdən, yorğunluq və
qorxu digər tərəfdən zavallı uşağı taqətdən salmışdı. Daha ayaq üstə durmayıb yerə
sərildi.
Bir saatdan artıq idi ki, Lena bihus qalmısdı. Bu vaxt nağıl etdiyimiz küçədə
qovğa bitmişdi. Atma, qırma başqa küçələrə keçmişdi.

Kiçik Lena bihuşluqdan ayıldı, gözlərini açdı, lakin bir müddət harada olduğunu,
qar üstə sərilmiş meyitlər, onların aralarında sızıldayan, nalə edən yaralıların kim
olduğunu və nə üçün belə hala düşdüklərini anlamadı. Bu halda onun qulağına belə
bir səda gəldi:
- Lena, Lena, qızım, ac balam, haradasan? Səni də zalım kazaklar qanına
boyadımı?
- Ah, anamın səsi, məni çağırır. Lena var qüvvəsini yığıb ayağa qalxdı, qara
bata-bata meyitlər arasında anasını aramağa başladı. Bu vaxt yenə də anasının
naləsi qulağına gəldi. Lena anasını gördü. Ayaqları dolaşa-dolaşa özünü onun
qucağına atdı. Vera ağır yaralanmışdı.
- Anacığım, səni kim belə yaraladı?
- Zalım çarın qaniçici soldatı.
- Mən daha çar babanı sevmirəm, o zalım adam imiş, ana, qalx evimizə gedək.
- Qızım, mən qayıtmaz bir evə gedirəm, səni babana kim aparsın?
- Mən sənsiz getmərəm, anacığım, qoy yaranı bağlayım, sonra evimizə gedək...
- bunu deyib zavallı uşaq titrək əllərilə basının yaylığını açmağa səy etdi. Bu vaxt
at üstə əlində nizə bir kazak keçirdi. Kazak bunları gördü. Atını onlara tərəf
çevirdi.
- Çar babaınzı ziyarət etdinizmi? - deyə qəhqəhə çəkdi.
Vera buna səbir etməyib çara nifrət etməyə başladı, zalım kazak nizəni onun
sinəsi üstə tutaraq:
- Sus, üsyançı qadın, bu saat səni də bu yerə sərilmiş köpəklərin sırasına
qataram.
Bunu gördükdə Lena, ufacıq döşün gərərək:
- Qoymaram, - deyə bağırdı.
Qəddar kazak:
- Al, - deyə nizəni zavallı uşağın sinəsindən vurdu və çaparaq getdi.
Lena anasının qucağına yıxıldı. Sinəsindən al qan fışqıraraq ağ qarı qırmızı
rənglə boyadı.
- Ay zalım, bunun günahı nə idi ki, belə qanına boyadın.
Bu, zavallı ananın son naləsi oldu. Övladını qucaqlayıb öpərək gözlərini
yumdu.
Lenanın solğun dodaqları "nə üçün, nə üçün" deyərək həmişəlik qapandı.
XS
SM
MD
LG