Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:55

Süleyman Sani Axundov. "Yoluxma xəstəlik"


İlk bahar... Mayın gözəl günlərindən biri idi. Ağaclar yaşıl paltara bürünüb səhralar çiçəklərlə bəzənmişdi. Batumdan Tiflisə sürətlə hərəkət edən dəmiryol qatarı miniklərlə dolu idi. Bunların çoxu, səfərin bu gözəl mənzərəsindən istifadə edə bilməyirdi; çünki Qara dənizin çılğın qəhqəhə ilə hayqıran fırtınalarından çox əziyyət çəkmişdilər. Onun üçün də indi kimisi uzanıb yatmış, kimisi də mürgüləyirdi.
Bu əziyyəti gənc Cəlil də çəkmişdi. Lakin öz yorğunluğuna baxmayaraq, kupe pəncərəsini qaldırıb baharın saf havasını dərindən tənəffüs edirdi.

Hər anda mənzərəsini dəyişən təbiət onda başqa hiss və təsir buraxırdı.
Bu gənc yeddi il idi ki, Parijdə tibb fakültəsini ikmal üçün sevgili vətənindən
ayrı düşmüşdü. Bu aralıq Oktyabr inqilabı zühur edərək, daha sonra Azərbaycanı
da şuralaşdırmışdı. Vətəndən əlaqəsi kəsilmiş Cəlil, Parij mətbuatında dərc edilən
provaqasiya xəbərləri mütaliə edərkən mütəəssir olardı. Cəlil hər nə qədər bu
xəbərlərə inanmayırdı, lakin yenə qəlbində böyük bir iztirab hiss edirdi. O idi ki,
Batuma çatdıqda yorğunluğuna baxmayaraq, şəhəri gəzməyə başlamışdı ki, belkə
bir tanışa rast gəlsin... Ancaq kimsəyə rast gəlməmişdi.

* * *

Qatar Tiflis stansiyasına çatdıqda miniklər vaqonlardan əcələ ilə enərək özlərini
bufetlərə soxmağa başladılar. Cəlil də kupedən enərək yerə düşdü... Lakin yenə də
yemək yemədən əvvəl tanış aramaq fikrində idi. Ancaq qarınca kimi qaynaşan
insanlar sırasında heç bir tanış tapmadı. Qəzet, məcmufə alıb bufetə girdi və yemək
yeməyə məşğul oldu. Qatar hərəkət edərkən, Cəlil yenə vaqona atıldı... Bir qədər
Tiflisin mənzərələrinə tamaşa etdikdən sonra kupesinə gəldi. İçəri daxil olduqda
pəncərə səmtində qısa boylu, zəifəndamlı, batıqordlu, çalsaçlı bir şəxsi oturmuş
gördü. Bunun siması Cəlilə tanış gəldi. Bu şəxs də diqqətli bir nəzərlə ona baxırdı.
Cəlil bunun qarşısında oturaraq soruşdu:
- Siz müəllim Mirzə Xəlilmisiniz?
- Bəli.
- Məni tanıyırmısınız?
- Yəqin əski tələbələrimdən birisiniz... Lakin adınızı unutmuşam.
- Bəli, mən sizin əski tələbənizəm, adım Cəlildir.
- Doğru, doğru, indi tanıdım.
- Siz Parijdəmi təhsil edirsiniz?
- Bəli, təhsilimi bitirmiş, indi vətənə qayıdıram.
- Çox gözəl... Artıq şadam, - deyə Mirzə Xəlil əlini uzatdı. Cəlil yerindən
qalxaraq iki əlilə onun əlini sıxdı.
- Möhtərəm müəllimim, sizi sağ və salamat görməyimə mən də artıq şadam.
Kupedə bunlardan başqa iki minik daha vardı. Lakin onlar üst yatacaq yerlərini
qaldırıb uzanmışdılar. Bunların söhbətlərinə mane olan bir şey yox idi.
Cəlil qohum-əqrəbasının, dost-aşnalarının sağ və salamat olmağını bildikdən
sonra söhbəti Azərbaycanın siyasi və ictimai vəziyyətindən açmışdı. Mirzə Xəlilin
verdiyi məlumata təəccüb edərək deyirdi:
- Bizə çatan xəbərlər büsbütün bunun əksini anladırdı. Möhtərəm müəllimim!
Mən hənuz Parijdə tibb fakültəsində təhsil alarkən, qət etmişdim ki, təhsilimi
bitirdikdən sonra vətən evdət edəm. Bakıda qalmayıb Azərbaycanın ən uzaq və
mədəniyyətcə geridə qalmış qəzasında oturaraq əhalisinə tibb yardımı edəm. İndi,
söhbətimizdən sonar bu fikrimdə daha möhkəm qalmağı sizə söz verirəm.
Mirzə Xəlil dedi:
- Fikriniz çox gözəldir, çünki Azərbaycanda təhsillərini bitirmiş gənc
təbiblərimiz qəzalara getməkdən çəkinirlər, hamısı Bakıda qalmaq istəyir.
- Mirzə, keçmişdə Azərbaycanda isitmə xəstəliyi çox artıq dərəcədə idi, indi nə
haldadır?
- İndi azalmaqdadır. Şura hökuməti səhiyyə işlərinə artıq diqqət verir. Lakin
Azərbaycanda yeni bir "yoluxma xəstəlik" peyda olmuş. Bu əcib, fəqət çox gözəl
"xəstəlik" bütün Azərbaycanı bürüyür... erkək, qadın, çocuq, qoca - hamısı bu
"mərəz"ə mübtəla olurlar.
Cəlil təəccüblə soruşdu:
- Möhtərəm müəllimim, o yoluxucu xəstəliyə bir "gözəl" kəlməsi də əlavə
etdiniz... Buna mən təəccüb edirəm.
Mirzə Xəlil gülümsəyib dedi:
- Bəli, bu "xəstəliyə" mübtəla olan şəxslər çox gözəlləşirlər, ruhları yüksəlir,
zehinləri itiləşir...
Cəlil təəccüblə dedi:
- Bu mərəzin bəzi nişanələri verəm xəstəliyinə bənzəyir. Lakin, ümumiyyətlə
indiyə kimi görünməmiş bir mərəz... Şura hökuməti bu xəstəliyin qabağını almaq
üçün nə təşəbbüsdə bulunur?
- Onun daha da artmasına səy edir. Cəlil bu sözləri eşitdikdə gülərək dedi:
- Möhtərəm mirzə, zarafat etdiyinizi indicə anladım.
- Xeyr, zarafat etməyirəm, lakin gecə keçmiş, söhbətimizi bitirək... Sonra
Bakıda görüşüb bərabərlikdə bu "mərəz" haqqında danışarıq, indi isə rahat olaq.
Bir azdan sonra Mirzə Xəlil və Cəlil kupenin açıq pəncərəsindən içəri tökülən
qucaq-qucaq ölgün ay işıqları altında uyuyurlardı.

* * *

Doktor Cəlil Bakıda idi. Neçə illərdən bəri uzaq düşdüyü Bakını gəzər, dolanar
və bu günkü yeniliklərə ciddən sevinərdi. Bir gün Mirzə Xəlil ilə görüşürkən
gülmüş və demişdi:
- Möhtərəm mirzə, vaqonda dediyiniz və həm də mübhəm saxladığınız gözəl
"mərəz"i özüm axtarıb tapdım. Hal-hazırda onun mikrobunu təhlil edirəm ki, asan
bir üsul ilə daha şiddətli inkişaf etdirərək Azərbaycanın on qaranlıq guşələrinə nəşr
edəm, hətta bu gözəl "mərəz"in adını da öyrəndim. İstərsəniz söyləyim.
Mirzə gülərək:
- Hansı "mərəz"dir?
- O, maarif çiçəyidir ki, qocadan tutmuş çocuqlara qədər yayılmış və
yayılmaqdadır.
- İndi mən də bunu peyvənd edəcəyimə söz verir və ciddi çalışacağam.
XS
SM
MD
LG