Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:51

Tbilisi Rusiyadan Ermənistana silah daşınmasının yolunu kəsdi


Rusiya Gümrüdəki bazaya silah daşımaq üçün Ermənistan təyyarələrindən istifadə edə bilər
Rusiya Gümrüdəki bazaya silah daşımaq üçün Ermənistan təyyarələrindən istifadə edə bilər
Gürcüstan öz ərazisi ilə Rusiyanın Ermənistandakı hərbi bazasına silah daşınmasına dair razılaşmanı ləğv edib.

Aprelin 19-da Gürcüstan parlamenti bu barədə qanun layihəsini qəbul edib. Layihəni parlamentə prezident Mixeil Saakaşvili təqdim edib.

Bu razılaşma Moskva ilə Tbilisi arasında 2006-cı il martın 31-də imzalanmışdı. Sənədə əsasən, Rusiya Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasına Gürcüstanın quru və hava ərazisi ilə silah daşıya bilərdi.

Gürcüstanın Xarici İşlər nazirinin müavini Nino Kalandadze bildirir ki, bu sənəd beş illiyə imzalanmışdı və artıq onun qüvvədə olma müddəti başa çatıb. O biri yandan 2008-ci ildən bəri faktiki olaraq işləməyib. O deyir ki, bu müqavilədən istifadə olunaraq 2008-ci ilin iyulunda Gürcüstan ərazisi ilə Ermənistana silah aparılıb. Həmin ilin avqustunda isə Rusiya ilə Gürcüstan arasında müharibə baş verdiyindən Moskva istəsə də, Tbilisi öz ərazisi ilə silah daşınmasına imkan verməyib.

Buna baxmayaraq, 2008-ci ildən sonra da Gümrüdə Rusiyanın hərbi bazası fəaliyyət göstərib. Hətta, onun Ermənistan ərazisində qalma müddəti keçən il 2044-cü ilə qədər də uzadılıb. Amma ekspertlərin heç biri 2008-ci ildən bəri Rusiyanın Gmürü bazasına təchizatı hansı yollarla çatdırdığını deyə bilmir.

Rusiyalı hərbi ekspert Aleksandr Qolts hesab edir ki, indi Moskva Ermənistandakı hərbi bazasını təchiz etməkdə çətinlik çəkəcək. Amma bunun üçün alternativ variantlar da var:

«Hazırda Rusiya ordusu əsasən çağırışçılardan ibarətdir. Ona görə həmin bazada da şəxsi heyətin tez-tez dəyişdirilməsi lazımdır. Gürcüstan yolu kəsdikdən sonra bu, çətin olacaq. Amma hava yolu ilə Gürcüstandan yan keçən başqa variantlar da mümkünüdür. Başqa variant da Gümrüyə çox böyük ehtiyatlar toplamaq və şəxsi heyəti müqavilə əsaslı xidmətə keçirməkdir».

Gürcüstanda çap olunan «Arsenali» jurnalının baş redaktoru İrakli Aladaşvili isə düşünür ki, Rusiya Gümrüdəki bazaya silah daşımaq üçün Ermənistan təyyarələrindən istifadə edə bilər:

«Əvvəllər də Ermənistan Gürcüstanın hava məkanı ilə öz ordusu üçün silah aparıb. İndi bu işi Rusiyanın hərbi bazası üçün də edə bilər».
XS
SM
MD
LG