Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:38

Liviyada iki jurnalist həlak olub


Aprelin 20-də Liviyada iki əcnəbi jurnalist öldürülüb. Associated Press məlumat verir ki, öldürülənlərdən biri Britaniyalı jurnalist və kinorejissor Tim Hetheringtondur.

Hetherington Əfqanıstan daxil olmaqla, dünyanın ən qaynar nöqtələrində fotojurnalist kimi çalışıb. Əfqanıstandakı işinə görə 2007-ci ildə World Press Photo mükafatı qazanıb.

Bundan əlavə jurnalistin Əfqanıstan müharibəsi barədə çəkdiyi «Restrepo» sənədli filmi «Oskar» mükafatına namizəd olub.

Tim Hetherington Misurata şəhərində, qiyamçılarla Muammar Gaddafinin tərəfdarlarının döyüşü zamanı həlak olub. AFP-nin məlumatına görə jurnalist minaatan atəşindən həlak olub.

Hadisə zamanı Amerikalı fotojurnalist Chris Hondros da həlak olub. Uzun illərdir «Getty İmages»lə əməkdaşlıq edən 41 yaşlı Chris Hondros Əfqanıstan, Kosovo, İraq və bir neçə başqa hərbi konflikt olan ərazilərdə çalışıb.

Chris Hondros əməliyyat zamanı
Hondros fotojurnalistika sahəsində çoxsaylı mükafatlar sahibidir. O «World Press Photo» mükafatları, həmçinin hərbi fotomüxbirlər üçün ən yüksək mükafatlardan biri hesab edilən Robert Kapa (Robert Capa Gold Medal) qızıl medalının qalibi olub. Onun çəkdiyi fotolar dünyanın nüfuzlu qəzet və jurnallarında çap edilib.

Christ Hondros vətəndaş müharibəsinin başladığı andan Liviyada həlak olmuş üçüncü xarici jurnalistdir.

Martın 12-də Benqazidə «Al- Jazeera» telekanalının operatoru Əli Həsən əl- Cabir həlak olmuşdu.

BMT Təhlükəsizlik Şurasının qərarı ilə martın 19-dan Liviyada dinc sakinlərin Qaddafiyə tabe olan hərbi qüvvələrin hücumlarından qorunması üçün beynəlxalq koalisiya qüvvələri Liviyada hərbi əməliyyatlar aparır.

Aprelin 2-də Liviya hökuməti üsyançıların atəşkəs təklifini rədd edib.
XS
SM
MD
LG