Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:34

Gəncədə ruhanilər məhkəmə qarşısında


Gəncənin Nizami rayon Məhkəməsində iki ruhaninin və bir dindarın məhkəməsi başlayıb. Ruhanilər Azər Cəbiyevin cinayət işi hakim Abdulla İskəndərov, Fəxri İlyasovun cinayət işi üzrə materiallar isə hakim Gündüz Şirinovun icraatındadır. Hər iki ruhani xuliqanlıqda təqsirləndirilir. Onlara qarşı cinayət işi üzrə istintaqı Gəncə şəhər Polis İdarəsinin İstintaq Şöbəsi aparıb.

İttihama görə, Azər Cəbiyev polis işçiləri tərəfindən tutularaq gətirildiyi Nizami rayon polis şöbəsi rəisinin iş otağındakı, Fəxri İlyasov da həmin şöbədəki polis bölmələrindən birinin rəisinin iş otağındakı avadanlıqları sındırıblar, polis işçilərinə xəsarət yetiriblər, şöbədəki iş ahəngini pozublar.

RUHANİLƏR ÖZLƏRİNİ TƏQSİRSİZ BİLİR


Ruhanilərin heç biri özünü təqsirli bilməyib. Məsələn, Azər Cəbiyev ibtidai istintaqa verdiyi ifadəsində göstərib ki, 2001-ci ildə İranın Qum şəhərində Mustafa adına Beynəlxalq Universitetə daxil olub. Orada 10 il oxuduqdan sonra 2010-cu ildə təhsilini başa vuraraq Gəncəyə qayıdıb. Bu il yanvarın 16-da ruhani dostu Fəxri İlyasovla birlikdə Gürcüstana gəzməyə gedərkən «Qırmızı körpü» gömrük postunda saxlanılıb. Onlara Daxili İşlər Nazirliyi tərəfindən axtarıldıqları bildirilib və polislərin əhatəsində Gəncəyə qaytarılıblar. Azər Cəbiyev ifadəsində göstərib ki, Nizami rayon polis şöbəsinin rəisi Ağahüseyn Məmmədovun otağına gətiriləndə rəis ondan «sən nə vaxt ağıllanacaqsan?» deyə soruşub. Sonra rəis otaqdakı kompüter monitorunu, klaviaturanı, telefon aparatını yerə çırpıb, oturacaq stulunu bir neçə dəfə yerə çırparaq sındırıb. Daha sonra dəhlizə çıxaraq «gəlin görün Azər buranı necə dağıdıb» deyərək dəhlizdəki polis işçilərini otağına çağırıb. Azər Cəbiyevin ifadəsində belə göstərilir.

POLİS RƏİSİNİN KOMPÜTERİNİ KİM SINDIRIB?

Polis rəisi Ağahüseyn Məmmədov iş üzrə zərərçəkmiş qismində dindirilib. O, ifadəsində göstərib ki, Azər Cəbiyevlə bir neçə dəfə profilaktik söhbətlər aparıb və onun ölkədən çıxmasına qadağa qoyulub. Yanvarın 16-da Azər Cəbiyev Gürcüstana keçmək istəyərkən saxlanılaraq polis şöbəsinə gətirilib. Azər Cəbiyev onun iş otağına daxil olarkən «məndən nə istəyirsiz?» deyərək otaqdakı əşyaları sındırıb töküb. Polis rəisi ifadəsində belə göstərib.

Gəncə məscidi
Digər ruhani Fəxri İlyasova da eyni ittiham irəli sürülüb. Fəxri İlyasovla bağlı ifadə vermiş polis işçiləri onun eyni qaydada polis bölməsindəki əşyaları sındırdığını göstəriblər. Fəxri İlyasovsa ifadəsi ilə ittihamları təkzib edib.

DİNİ TƏBLİĞAT, YOXSA XULİQANLIQ?


Polis işçilərinin istintaqa verdikləri ifadələrə görə, hər iki ruhani uzun müddətdir ki, əhali arasında dini mövzularda söhbətlər apararaq dini simvolikanı əks etdirən fotoşəkilləri, plakatları qanunsuz olaraq küçələrə yapışdırıblar. Onlarla profilaktik söhbətlər aparılması üçün sonuncu dəfə polisə gətirilərkən polis işçilərinə «kafirlər», «qeyrətsizlər» deyərək otaqdakı əşyaları dağıdıblar.

Azər Cəbiyevin anası Ofelya Rzayeva AzadlıqRadiosuna deyib ki, oğlu İranda ruhani təhsili alıb qayıtdıqdan sonra onu dəfələrlə polis şöbəsinə çağıraraq adamların yığışdığı yerlərdə dini mövzularda danışmamasını tələb ediblər.

«İRANDA OXUMAQ LAZIM DEYİLDİSƏ, QOYMAYAYDILAR GETSİN»

Ofelya Rzayeva: «Mənim oğlum İranda oxuyub gələndən qoymurlar o uşaq nəfəsini çəksin. Ramil Usubova qədər məktub yazdım ki, mənim uşağım İranda oxuyub deyə, bu uşaq ailəsinin yanına qayıtmamalıydı? İranda oxumaq lazım deyildisə, onda mənim oğlumu ilk günündən qoymayaydılar getsin. Gördülər uşağın bircə günahı da yoxdur, başladılar üstünə şərlər atmağa. Bir əsas tapıb qoya bilmədilər uşağımın üstünə, axırda da dedilər ki, polisi döyüb. Belə şey olar?»

«HƏR İKİSİ SIRF DİNİ FƏALİYYƏTİNƏ GÖRƏ HƏBS OLUNUB»

Hər iki ruhaninin vəkili Elçin Namazov deyir ki, ruhanilər dini fəaliyyətə görə həbs olunub. Vəkil polis şöbəsində əşyaları sındırma ittihamını qondarma hesab edir:

«Əslində hər ikisi sırf dini fəaliyyətlərinə görə saxlanılıb. Gəncədən İranın Qum şəhərində təhsil almış cəmi üç nəfər var. Onlardan ikisi həmin bu tutulanlardır. Üçüncü ruhani isə bunlar tutularkən Gəncəni tərk edib Bakıya gəlmişdi, bir müddət burda qaldı, ara sakitləşəndən sonra Gəncəyə qayıtdı. Yoxsa onu da bunlarla birlikdə tutacaqdılar».

Elçin Namazov
O ki qaldı ruhanilərin konkret hansı dini fəaliyyətlə məşğul olmalarına, vəkil deyir ki: «Onlar Məhərrəmlik günlərində Gəncədəki binaların divarlarına dini şüarları əks etdirən şəkillər yapışdırıblar. Məscidlərdə, adamların çox olduğu başqa yerlərdə hicaba qoyulan qadağaya etiraz ediblər».

Qeyd etdiyimiz kimi, Gəncə şəhər Məhkəməsində daha bir dini fəa İlqar Musayevin də məhkəməsi keçirilir. Həmin iş də hakim Abdulla İskəndərovun icraatındadır. İlqar Musayev də məscidlərdə və adamların toplaşdığı müxtəlif yerlərdə hicaba qadağaya etiraz etdiyinə görə dəfələrlə polis çağırılıb, dini fəaliyyəti ilə bağlı onunla profilaktik söhbətlər aparılıb. Sonuncu dəfə profilaktik söhbət üçün polis şöbəsinə dəvət olunanda isə oradan xuliqanlıq maddəsi ilə birbaşa istintaq təcridxanasına aparılıb. İttihama görə, o da polis şöbəsindəki avadanlıqları sındırıb.

Gəncədə eyni maddəylə təqsirləndirilən Elşən adlı (soyadını dəqiqləşdirə bilmədik-müəl.) daha bir dindarın da məhkəmə qarşısına çıxarılacağı gözlənilir.

Ötən ilin sonlarında orta məktəblərdə baş örtüyünə qadağa qoyulandan sonra dindarlar bir neçə dəfə buna etiraz aksiyası keçiriblər. Bu ilin yanvarında hicab qadağasına sərt etiraz bildirən Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov və partiyanın bir neçə üzvü, o cümlədən İslam Partiyasının bəzi rayon təşkilatlarının sədrləri həbs olunublar.
XS
SM
MD
LG