Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:31

ABŞ Helsinki Komissiyası Azərbaycanı repressiyada ittiham edir


Bakı küçələrindən birində karantin yoxlanışı
Bakı küçələrindən birində karantin yoxlanışı

ABŞ Helsinki Komissiyası Azərbaycan hakimiyyətini koronavirus pandemiyasından vətəndaşların və medianın hüquq və azadlıqlarını məhdudlaşdırmaq üçün istifadə etməkdə günahlandırıb.

Komissiyanın mayın 11-də dərc edilmiş bəyanatında deyilir:

"Pandemiya dövründə ictimai sağlamlığın qorunması mülahizələri siyasi repressiyalara haqq qazandırmamalıdır. Azərbaycan hökumətinin həbslər, cərimələr və ehtimal ki işgəncə vasitəsilə öz xalqının ifadə azadlığına, media və informasiyaya çıxışını daha da əngəlləməsinə dair xəbərlər bizi dərindən narahat edir. Hakimiyyət bu qlobal böhrandan Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvlərinin və başqa fəal və müxbirlərin söz azadlığını məhdudlaşdırmaq üçün istifadəni dayandırmalıdır”.

Komissiyanın saytında açıqlanan məlumatda deyilir ki, son həftələrdə Azərbaycan hakimiyyəti əsas müxalifət partiyalarından Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvlərini və bu partiyaya bağlı Azadlıq qəzetinin jurnalistlərini saxlayıb, dindirib, həbs və cərimə edib və bir epizodda ehtimalən işgəncəyə məruz qoyub.

Məlumatda qeyd olunur ki, qlobal pandemiya başlanandan bəri Azərbaycan hökuməti AXCP-nin sədri Əli Kərimlinin telefon və internet rabitəsini kəsərək onu xarici aləmə çıxışdan, habelə media ilə təmasdan məhrum edib.

Bu da deyilir ki, ötən həftə Azərbaycan müxalifət partiyalarının koalisiyası hökuməti AXCP fəalı Niyaməddin Əhmədova həbsdə ikən işgəncə verməkdə günahlandırıb.

ABŞ Helsinki Komissiyasının mətbuat məlumatında bildirilir ki, iddia olunduğuna görə Aqil Hümbətov, Faiq Əmirli və Səadət Cahagir də də daxil AXCP-yə bağlı başqa fəallar və jurnalistlər hökumətin koronavirusa qarşı mübarizə tədbirləri barədə tənqidi çıxış etdikdən sonra karantin qaydalarını pozduqlarına görə saxlanıblar.

Bundan əvvəl Azərbaycan insan haqları fəalları bildirmişdilər ki, Azərbaycanda epidemiya başlanandan bəri 16 müxalifət fəalı, o cümlədən AXCP sədrinin köməkçisi Faiq Əmirli həbs olunublar.

Azərbaycan Xalq Cəbhəsi Partiyasıın sədri Əli Kərimli bildirib ki, hakimiyyət “pandemiya ilə mübarizədə səriştəsizliyinin, işləməməyə məcbur olan əhalini dəstəkləyə bilməməsinin tənqid olunmasını istəmir”.

Bundan əvvəl, aprelin 28-də “Azercell” şirkəti Əli Kərimli və xanımının mobil telefonlarında rabitə və internetin məhdudlaşdırılmasıyla əlaqəsi olmadığını bildirmişdi.

Azərbaycan Daxili İşlər Nazirliyi isə Əli Kərimli və ailəsinin rabitə, internet əlaqələrinin məqsədli şəkildə məhdudlaşdırılması barədə iddiaları təkzib etmişdi.

Azərbaycan hakimiyyəti habelə pandemiyadan insan hüquqlarının məhdudlaşdırılması üçün istifadə etdiyinə dair tənqidləri “əsassız” adlandırır.

XS
SM
MD
LG