Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:41

THAAD nədir və ABŞ onu İsraildə niyə quraşdırır?


THAAD Sakit okeanın qərbində sınaqlar zamanı
THAAD Sakit okeanın qərbində sınaqlar zamanı

Birləşmiş Ştatlar əsas müttəfiqi olan İsraildə qabaqcıl raket əleyhinə sistem və onu idarə etmək üçün 100-ə yaxın hərbçi yerləşdirəcək.

Pentaqon oktyabrın 13-də bildirib ki, "Yüksək hündürlükdə raketdən müdafiə sistemi" kimi tanınan THAAD (Terminal High Altitude Area Defense) İsrailin onsuz da güclü olan hava hücumundan müdafiəsini möhkəmləndirəcək.

THAAD nədir?

THAAD ABŞ-nin arsenalında olan ən təkmilləşdirilmiş və güclü raketdən müdafiə sistemidir. Hazırda İsrail ABŞ ilə birgə inkişaf etdirdiyi bir neçə havadan müdafiə sistemindən yararlanır. Bunlar arasında "Iron Dome" (Dəmir Günbəz), "David's Sling" və "Arrow" var. Bunların əsas hədəfi PUA, idarə olunan və olunmayan raketləri müxtəlif hündürlükdə və məsafədə zərərsizləşdirməkdir.

THAAD-ın təkmilləşdirilmiş radar sistemi var ki, o, uzaq məsafədə olan idarəolunan raketlərin olduğu yeri müəyyənləşdirir. Sistemin zərərsizləşdirici elementləri uzaq məsafəyə uça bilir.

"Bu daha ali idarəolunan raketlərə qarşı bir sistemdir", – Britaniyada yerləşən müdafiə üzrə ekspert Hosseyn Aryan söyləyib. "İsrailin raketdən müdafiə sistemləri ilə müqayisədə onun diapazonu nəzərəçarpacaq dərəcədə genişdir", – o əlavə edib.

ABŞ THAAD-ı İsrailə niyə göndərir?

ABŞ məlum qərarını oktyabr 1-də İran İsrailə 180-ə yaxın ballistik raket zərbəsi endirəndən sonra verib. Bir sıra ekspertlər deyirlər ki, bu hücum İsrailin raketdən müdafiə sistemində zəif yerləri üzə çıxarıb.

Aryanın sözlərinə görə, İranın hücumu rəsmi Vaşınqtonu şövq edib ki, İsrailin raketdən müdafiə imkanlarını Tehranın başqa mümkün hücumuna qarşı möhkəmləndirsin.

İranın genişmiqyaslı raket zərbəsi əsas düşmən ölkə saydığı İsrailə qarşı ən böyük birbaşa hücum idi. O, İsrailin Livana hərbi müdaxiləsi və bu yaxınlarda İranın bölgədəki əsas müttəfiqlərinin öldürülməsinə cavab idi.

İsrail İranın hücumunun vurduğu zərərin əhəmiyyətini azaltmağa çalışıb. Lakin peyk görüntüləri 30-a yaxın raketin İsrailin cənubundakı Nevatim hərbi hava bazasının daxili və ətrafında yerə dəydiyini nümayiş etdirib. Görüntülər tikililərə zərər dəydiyini və bazadakı uçuş-eniş zolağında kraterlərin əmələ gəldiyini göstərir.

Nevatim bazasında ABŞ istehsalı olan F-35 təyyarələri yerləşdirilib.

İsrailin "Dəmir Günbəz" raket əleyhinə sistemi İran raketlərini vurur.
İsrailin "Dəmir Günbəz" raket əleyhinə sistemi İran raketlərini vurur.

Ekspertlər deyirlər ki, İranın atdığı raketlər bazada olan təyyarələrin bir neçəsinin yaxınlığında yenə çırpılıb.

Bu arada bir raket Tel-Əvivdə İsrail kəşfiyyat xidməti – "Mossad"ın qərargah binasının yaxınlığında dərin krater yaradıb.

İsrail İranın raket hücumuna sərt cavab veriləcəyini vəd edib.

Bu arada Livanın cənubunun böyük hissəsinə nəzarət edən "Hizbullah"ın oktyabrın 13-də həyata keçirdiyi PUA hücumu hərbi bazaların birində dörd israilli hərbçinin ölümünə səbəb olub.

Londondakı Kral Kollecinin elmi işçisi Şaşank Coşinin sözlərinə görə, Vaşinqton THAAD-ı İsrailin İranın son raket hücumuna cavabının böyük və əhəmiyyətli olacağını gözlədiyi üçün yerləşdirir. "Bu, öz növbəsində, böyük ehtimal, İranın digər zərbəsinə səbəb olacaq", - o söyləyib.

Həm də "The Economist" nəşrinin müdafiə bölümünün redaktoru olan Coşi deyir ki, İsrailin İranın silah qurğularına zərbə endirməkdən tutmuş, ölkə rəhbərliyi və nüvə obyektlərini hədəfə almağa qədər bir neçə seçimi var.

"Seçimin nə olacağından asılı olmayaraq, çox güman ki, İran rəhbərliyinın ona güc tətbiqi ilə cavab verəcək", – o söyləyib.

XS
SM
MD
LG