Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:41

Harris namizəd olmağa yetərincə nümayəndə dəstəyi yığır


ABŞ vitse-prezidenti Kamala Harris Uilminqtondakı seçki qərargahında çıxış edərkən gülümsəyir.
ABŞ vitse-prezidenti Kamala Harris Uilminqtondakı seçki qərargahında çıxış edərkən gülümsəyir.

ABŞ vitse-prezidenti Kamala Harris Demokratlar Partiyasından 5 noyabr prezident seçkisində namizəd olmaqdan ötrü yetərli sayda nümayəndənin dəstəyini təmin edib. Bu haqda ABŞ-ın bir sıra media orqanları məlumat yayıb. Harrisin seçki kampaniyasının ilk günündə rekord məbləğ - 80 milyon dollarlıq vəsait toplanıb.

AP-nin iyulun 22-də dərc etdiyi qeyri-rəsmi sorğuya görə, Harrisə azı 2 min 579 nümayəndə dəstək verir. Demokratlar Partiyasından namizəd olmaq üçün 1976 nümayəndə səsi lazımdır.

"Donald Trampı məğlub etmək niyyətindəyəm"

Harris X platformasında yazıb ki, namizəd olmağa gərəkən dəstəyi aldığı üçün qürur duyur və tezliklə nominasiyanı rəsmən qəbul etməyi səbirsizliklə gözləyir.

Sorğunun nəticələri partiyanın Harris ətrafında sürətlə cəmləşdiyini göstərir.

İyulun 21-də prezident Co Bayden (Joe Biden) seçki yarışından çəkildiyini açıqlayıb. Onun iyunun 27-də respublikaçılardan rəqibi Donald Trampla (Donald Trump) debatda uğursuz performansından sonra Baydenə seçkidən çəkilmək üçün çağırışlar edilirdi.

"Partiyamızı, xalqımızı birləşdirmək, noyabrda Donald Trampı məğlub etmək niyyətindəyəm", - Harris X-də yazıb.

Bayden seçki yarışından çəkilərkən Harrisə dəstəyini bildirib. Harris prezidentliyə namizədliyi verilən ilk qaradərili qadın ola bilər. Nümayəndələr avqustun 19-22-də Çikaqoda demokratların Milli Qurultayında rəsmi namizədlərini elan edəcəklər.

Baydenin açıqlamasından 24 saat sonra Harrisin seçki kampaniyası azı 81 milyon dollar vəsait toplayıb. Seçki kampaniyası bunun builki seçki yarışmasında bir gün ərzində toplanan rekord məbləğ olduğunu bildirir.

İyulun 22-də Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi, Miçiqan ştatının qubernatoru, Harrisin mümkün rəqibi kimi görülən Qretxen Uitmer, bir sıra digər qubernatorlar da Harrisə dəstək ifadə ediblər.

Nüfuzlu demokratlar tələsmirlər

Ancaq bəzi nüfuzlu demokratlar Harrisi dəstəkləməyə tələsmir, seçici qatqısı ilə rəqabətli proses görmək istədiklərini deyirlər.

Milyarder Maykl Blumberq (Michael Bloomberg) X platformasında yazıb ki, Çikaqoda 4 mindən çox nümayəndənin yığışmasına hələ dörd həftə qalır və seçicilərin rəyini öyrənməyə, özəlliklə tərəddüdlü ştatlarda kimin qalib gəlməyə daha şanslı olmağını müəyyənləşdirməyə yetərincə vaxt var.

Senatda çoxluğun lideri Çak Şumer (Chuck Schumer) də, hələlik, Harrisə dəstək verməyib. Amma ona hansısa rəqib də irəli çıxmayıb.

Demokratlar 81 yaşlı Baydenə seçki yarışından çıxmaq və daha gənc namizədə yol vermək üçün təzyiq göstərirdilər. Onların mövqeyincə, Tramp daha dörd il Ağ evi idarə edərsə, demokratiya daxil olmaqla, çox şey riskə atılır.

Ancaq 72 rəy sorğusunun ortalama göstəricisi Trampın Harrisdən 2.5 faiz, yaxud elə Baydenlə müqayisədə olduğu qədər önə çıxdığını göstərir, - "The Hill" yazır.

Siyasi təhlilçilərin fikrincə, ictimaiyyət Harrisi o qədər də yaxşı tanımır, ölkə boyunca kampaniya apardıqca, mediada daha çox işıqlandırıldıqca, rəy sorğularında da mövqeyi yaxşılaşa bilər.

XS
SM
MD
LG