Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:42

ABŞ Türkiyə, Özbəkistan və Ermənistan şirkətlərinə də sanksiyalar qoyub


ABŞ ticarət nazirinin birinci müavini Adevale Adeyemo aprelin 12-də Yerevanda olub
ABŞ ticarət nazirinin birinci müavini Adevale Adeyemo aprelin 12-də Yerevanda olub

ABŞ Ticarət Nazirliyi 28 təşkilata qarşı ixrac məhdudiyyətləri qoyulması barədə qərar qəbul edib.

Bunların arasında Rusiya, Çin və Türkiyənin, habelə Özbəkistanın 2 və Ermənistanın 1 şirkəti var.

ABŞ administrasiyası bildirir ki, bu qurumlar “Birləşmiş Ştatların milli təhlükəsizliyinə və xarici siyasət maraqlarına zidd fəaliyyətlə” məşğul olurlar.

Şirkətlərin adları qara siyahıya “ixrac nəzarətindən yan keçməklə Amerika mallarını alaraq Rusiyanın hərbi və ya müdafiə sənayesinə ötürdüklərinə” görə salınıb.

Sözü gedən məhdudiyyətlərə görə bundan sonra təchizatçılar “əvvəlcədən alınmış xüsusi lisenziya” olmadan ABŞ mallarını Ticarət Nazirliyinin sanksiyaları altında olan hüquqi şəxslərə göndərə bilməyəcəklər.

"İmtina prezumpsiyası"

Bundan başqa sözü gedən lisenziyalar verilərkən “imtina prezumpsiyası prinsipi” tətbiq olunacaq.

Bu o deməkdir ki, malların son təyinat məntəqəsinin Rusiya ola biləcəyinə dair şübhələrin olduğu hallarda xarici şirkətlərə icazə lisenziyaları verilməyəcək.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, aprelin 12-də Yerevanda Ermənistan baş nazirinin müavini Mher Qriqoryanla görüşündə ABŞ ticarət nazirinin birinci müavini Adevale Adeyemo bu kimi məsələləri müzakirə edib.

Adeyemo görüş zamanı “Birləşmiş Ştatların sanksiyalarından yan keçilməsinin qarşısının alınmasının və Rusiyaya ixrac nəzarətinin gücləndirilməsinin zərurətindən” danışıb.

Türkiyənin dörd şirkəti

Birləşmiş Ştatların sanksiya siyahısına Türkiyənin dörd şirkəti daxil edilib.

Reuters agentliyi yazır ki, bu “ABŞ-ın ixrac nəzarətini pozduğuna və Rusiya hərbiyyəsinə köməyə görə” Vaşinqtonun Türkiyə barəsində atdığı ən böyük sanksiya addımıdır.

ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir ki, söhbət ikili istifadə imkanlı mallar satan elektronika və texnologiya ticarəti şirkətlərindən gedir.

ABŞ rəsmilərindən biri Reuters agentliyinə deyib ki, sanksiyaların Türkiyənin dənizçilik və ticarət sektorlarında hədəflədiyi fərd və qurumlar lap əvvəldən “Rusiyaya bağlı və ya onun mülkiyyətində” olub.

Reuters yazır ki, Türkiyənin Xarici İşlər Nazirliyi bu son sanksiyalara hələ ki, reaksiya verməyib.

20 milyon dollarlıq mal

NATO üzvü olan Türkiyə eyni zamanda Moskva ilə yaxşı münasibətlərini qoruyub saxlamağa və Ukrayna müharibəsində neytral mövqe tutmağa çalışır.

Ankara Moskvaya qarşı sanksiyalara qoşulmasa da bildirib ki, Türkiyə ərazisindən Rusiya hərbiyyəsi tərəfindən istifadə oluna biləcək malların ixracı üçün istifadə olunmasına yol verməyəcək.

Ötən ay Türkiyə Qərb tərəfindən sanksiyalanmış malların Rusiyaya tranzitini dayandırıb.

ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir ki, Türkiyədəki Azu International şirkəti xaricdə istehsal olunmuş kompüter çiplərinin Rusiyaya göndərilməsi ilə məşğul olur.

Reuters ötən dekabrda yazırdı ki, bu şirkət Rusiyaya ümumi dəyəri azı 20 milyon dollar olan komponent ixrac edib.

ABŞ hökumətinin cəhdlərinə baxmayaraq Rusiya hərbi və ya ikili təyinatlı malları hələ də Mərkəzi Asiya və Birləşmiş Ərəb Əmirlikləri vasitəsilə ala bilir.

XS
SM
MD
LG