Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:34

İctimai fəal kuryer hüquqlarını müdafiə etdiyinə görə şərlənib həbs olunduğunu deyir


Afiəddin Məmmədov
Afiəddin Məmmədov

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri, 7 aydan çoxdur həbsdə olan Afiyəddin Məmmədov işçi hüquqlarını qoruduğu üçün şərlənib həbsə atıldığını söyləyir. O bu barədə aprelin 30-da - öz məhkəməsində ifadə verərkən danışıb.

İctimai fəalın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O, küçədə gedərkən Səfər Hüseynov adlı şəxslə mübahisə edib, onu bıçaqlamaqda ittiham edilir. Ancaq A.Məmmədov deyir ki, bu, yalandır, kimsəyə xəsarət yetirməyib. Onun sözlərinə görə, S.Hüseynov da onu həbs etməkdən ötrü öncədən qurulmuş planın icraçısıdır.

“Sentyabrın 20-də toya getməyə hazırlaşırdım. Blokdan çıxarkən, bir kişi mənə tərəf gəldi, yanında bir qadın da vardı. Üstümə hücum çəkib, yaxamdan yapışdı. Əlində bıçaq vardı, onu almağa çalışanda, əlim də kəsildi. Sifətimdən vurdu, burnumdan qan açıldı. Yerə yıxıldım, kürəyimdə indi də izləri qalıb. Təxminən 3 dəqiqə sonra polislər gəldi”, - A.Məmmədov hadisə günü baş verənləri danışıb.

İctimai fəalın fikrincə, polislər öncədən gəlib hadisə yerində gözləyiblər. Sonra onu saxlayıb, Xətai rayonundakı 34-cü polis bölməsinə aparıblar. Bölmədə əllərini arxadan qandallayıb, bıçağı zorla əlinə veriblər. Məqsəd də bıçağın üstündə əl izlərinin qalması olub.

“İzləndiyimi hiss eləyirdim”

Kuryer çalışan şəxslərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılmasıyla bağlı avqustun 1-dəki etiraz aksiyasını yada salan A.Məmmədov elə həmin gün onu tutulub, 30 sutka inzibati həbs cəzası aldığını deyir:

“Mən inzibati həbsdə olduğum müddətdə İşçi Masasının digər üzvlərini şərləyib həbs elədilər. Avqustun 4-də Elvin Mustafayevi, 11-də Ayxan İsrafilovu narkotiklə şərlədilər. Mən 30 sutkalıq həbsdən çıxanda da izləndiyimi hiss eləyirdim. Evimizin ətrafında həmişə müxtəlif adamlar dayanırdılar”.

O xatırladıb ki, Almaniyadan qayıdandan az sonra Azərbaycanda həbs edilən ictimai fəal Samir Aşurov da eyni qaydada şərlənərək həbs olunmuşdu:

“Mənə hücum eləyən özünü vurmaq istəyəndə anladım ki, Samir Aşurovun başına gətirilənlər təkrarlanır”.

A.Məmmədovun bıçaqla vurduğu iddia edilən S.Hüseynov zərərçəkmiş qismində tanınsa da, indiyədək keçirilən məhkəmə iclaslarının heç birinə qatılmayıb. A.Məmmədovun özü və vəkili də zərərçəkmişin məhkəməyə gəlib ifadə verməsini istəyir.

Xatırlatma

Cinayət işinin materiallarında iddia edilir ki, A.Məmmədov ötən il sentyabrın 20-də Xətai rayonu, Məhəmməd Hadi küçəsində gedərkən, Səfər Hüseynov adlı şəxslə toqquşub, aralarında mübahisə yaranıb. O zaman A. Məmmədov cibindən bıçaq çıxarıb və S.Hüseynovu yaralayıb.

A. Məmmədova Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyətilə qəsdən bədənə ağır xəsarət yetirmə) və 221.3-cü (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələriylə ittiham verilib. Bu maddələrdə 11 ilədək həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG