Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:53

Adil İsmayılov izahat yazmaqdan imtina edib


Adil İsmayılov
Adil İsmayılov

"AdİsAd" hüquq firmasının rəhbəri, vəkil Adil İsmayılov üzvü olduğu Vəkillər Kollegiyası və onun rəhbərliyi haqda sosial şəbəkələrdə yazdıqlarına görə martın 13-də kollegiyanın İntizam Komissiyasına izahat verməyə çağrılıb.

O getsə də, izahat yazmaqdan imtina edib. Bu barədə AzadlıqRadiosu-na A.İsmayılov özü danışıb.

Adil İsmayılovdan 22 saylı vəkil bürosunun rəhbəri Tahir Əlirzayev və vəkil Elmar Kərimov şikayət edib.

Onlar Adil İsmayılovun sosial şəbəkələrdəki paylaşmalarında Vəkillər Kollegiyasının rəhbərliyini təhqir etdiyini iddia ediblər.

Onlar həmçinin Adil İsmayılovun bəzi vəkillər haqqında "mağmın", "kölə" ifadələri işlətməsini özlərinin də şərəf və ləyaqətlərinin alçaldılması kimi qiymətləndiriblər və onun haqqında tədbir görülməsini istəyiblər.

Adil İsmayılov deyir ki, onun haqqında intizam icraatı başlanması barədə Vəkillər Kollegiyası Rəyasət Heyəti qərarının, şikayətlərin surətlərini istəsə də, verilməyib. Bu səbəbdən o da izahat yazmaqdan imtina edib. Amma o Rəyasət Heyətinin sədri Anar Bağırova müraciət edib:

"Bir aya yaxındır ki, mən sosial şəbəkədə Vəkillər Kollegiyasının maliyyə mənbələri, daxil olan və xərclənən vəsaitlər barədə suallarla kollegiya rəhbərliyinə müraciət etsəm də, suallarıma cavab ala bilmirəm. Mənə rəsmi sorğu ilə müraciət etmək tövsiyə olunmuşdu. Onu da elədim. Ancaq yenə cavab verməyiblər. Anar Bağırova bugünkü müraciətimdə də yazdım ki, sorğuma cavab veriləndən, barəmdə intizam icraatı başlanması haqda Rəyasət Heyətinin qərarlarının, bir də şikayətlərin surətləri mənə təqdim olunandan sonra izahat verəcəyəm".

Vəkillər Kollegiyasının rəhbərliyi ilə bu qurumun üzvü olan vəkil Adil İsmayılov arasında qarşılıqlı ittihamlar bir aya yaxındır ki, davam edir.

Adil İsmayılov rəhbərliyi maliyyə məsələləri ilə bağlı şəffaf olmamaqda qınayır, toplanan vəsaitlərin hara xərcləndiyinin açıqlanmasını tələb edir. Qarşı tərəf isə onu rəhbərliyə böhtan atmaqda, əsası olmayan şayiələr yaymaqda ittiham edir.

XS
SM
MD
LG