Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:44

Ailəsi əfqan miqrantın Türkiyədə öldürülərək yandırıldığını deyir


Vəzir Məhəmməd Nurtani noyabrın 9-da Zonquldak vilayətindəki iş yerindən evə qayıtmayıb
Vəzir Məhəmməd Nurtani noyabrın 9-da Zonquldak vilayətindəki iş yerindən evə qayıtmayıb

Əfqan işçi miqrantın ailəsi onun Türkiyədəki iş sahibini onu öldürməkdə və cinayətin üstünü ört-basdır etmək üçün meyitini yandırmaqda ittiham edir.

Noyabrın 15-də Radio Azadi redaksiyasına danışan Qəmər Gül deyib ki, onun əri Vəzir Məhəmməd Nurtani noyabrın 9-da Zonquldak vilayətindəki iş yerindən evə qayıtmayıb.

Qadın deyib ki, ərinin itməsi barədə polisə noyabrın 10-da məlumat verib.

Ertəsi gün günorta saatlarında ona ərinin meyitinin tapılması barədə məlumat verilib.

Qəmər Gül ərinin meyitini tanıdığını bildirib.

50 yaşlı Nurtani Zonquldakdakı kömür mədənində işləyirdi. O 5 nəfərlik ailəsinin yeganə çörəkpulu qazananı idi.

Hadisə

Türkiyə mediası xəbər verir ki, polis bu ölüm hadisəsi ilə bağlı qanunsuz kömür mədninin sahibi də daxil 6 nəfəri həbs edib.

Xəbərdə deyilir ki, şübhəlilər onun qətlə yetirilməsini etiraf ediblər.

Onlar iş vaxtı huşunu itirmiş Nurtanini xəstəxanaya aparmayıblar. Güman edildiyinə görə onlar hakimiyyət orqanlarının qanunsuz mədəni aşkar etməsindən qorxaraq əfqan miqrantı öldürüblər.

Polis hələ ki, bu hadisə barədə heç bir şərh verməyib.

Mərhumun arvadı bu barədə deyib:

"Mən onlardan soruşmaq istəyirəm ki, niyə ərimi xəstəxanaya aparmayıblar. Onun meyitini niyə yandırıblar? Qollarını, ayaqlarını niyə qırıblar, niyə başını əziblər?"

İranda iki onillik yaşayandan sonra Nurtani ailəsi bu ilin əvvəllərində Türkiyəyə köçüb.

Ailə Tehranın əfqan mühacirləri təqibindən yaxa qurtarmağa çalışırdı.

Əfqanların təqib və deportasiyası

Azadi xəbər verir ki, Nurtani Türkiyədə öldürüldüyü düşünülən yeganə əfqan deyil.

İndiyədək İrandan Türkiyəyə keçən onlarca əfqanın güllələndiyinə dair xəbərlər yayılıb.

Türkiyə də İran və Pakistan kimi çox sayda əfqanın Əfqanıstana deportasiyasına başlayıb.

Təkcə son həftələrdə Türkiyədən 4 minədək əfqan deportasiya olunub.

Son bir ay ərzində İran və Pakistandan 400 minədək əfqan deportasiya edilib.

Türkiyədə hazırda qeydiyyatdan keçmiş 3.2 milyon Suriya qaçqını var.

Taliban 2021-ci ildə Əfqanıstanda hakimiyyətə gələndən bəri milyonlarla əfqan vətənini tərk edib.

XS
SM
MD
LG