Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:50

50 ailə məşəqqət içində yaşayır


Illüstrasiya
Illüstrasiya

►Ağsuda azı 50 ailənin işıq, qaz, su, yol problemi var. Sakinlər əlaqədar qurumlara müraciətlərin nəticəsiz qaldığını deyirlər

“Toz-torpaq böyüklü-uşaqlı hamımızın ciyərlərinə hopub. Sağlam adam tapmazsan. Susuzluq, yolsuzluq, qışda soyuq, qaranlıq, yayda mələşən ilanlar, qurd-quş... Neçə ildir ki, bu əziyyətlərə qatlaşırıq”.

Ağsu şəhərində yeni salınmış məhəllədə yaşayan 50 ailə əziyyət içindədir. Məhəllənin sakinləri kommunal problemlərdən və yolsuzluqdan gileylənirlər. Məhəllə sakini Elmira Səlimova AzadlıqRadiosunun “Qaynar xətt”inə danışır:

“ƏLLƏRİNƏ NƏ KEÇDİ”

“Odun baha olduğundan ala bilmirik. Məcburuq uşaqları göndərək, zibilliklərdən əllərinə keçəni yığıb gətirsinlər, yandıraq, isinək, çayımızı, yeməyimizi hazırlayaq. Plastik “butılka”lar, sellofan, karton... Əllərinə nə keçdi, yığıb gətirirlər”.

Məhəllədə su da yoxdur. Məhəllə sakini Şükür Quliyev deyir, suyu kənardan alırlar:

“Suyu ordan-burdan maşınla gətirib satırlar. Hamı bilir ki, burdakılar suya həsrətdilər. Ayda azı 40-50 manatlıq su alırıq. Çatdıra bilmirik. Yayda su sarıdan vəziyyətimiz daha dözülməz olur. Necə deyim, qış gələndə başımız bir dərdə girir, yay gələndə alayı dərdə. Heç birini arzulamırıq”.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“SOLYARKA” İŞIĞI

Şükür Quliyevin sözlərinə görə, məhəllədəki azı 15 evdə yerli-dibli elektrik enerjisi yoxdur. “Solyarka” işığında oturan ailələrdən biri də onun ailəsidir:

“İcra hakimiyyətinə və rayonun işıq idarəsinə dəfələrlə müraciət etmişəm ki, evdə 2 yaşında və 5 aylıq körpələrim var, evə işıq çəkilsin. Uşaqlar “solyarka” tüstüsü udmaqdan ciyərləri sıradan çıxıb”.

Sakinlərin başlıca problemlərindən biri də yolsuzluqdur.

XƏBƏRDARDIRLAR

Ağsu rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, problemlərdən xəbərdardılar. Vəsait olduqca, həllinə çalışacaqlar.

“Nümayəndələrimiz bələdiyyə işçiləri ilə birlikdə dəfələrlə həmin məhəllədə olublar. Çətin vəziyyətdə yaşayırlar. Biz də düşünürük, imkanlar arayırıq ki, heç olmasa, problemlərin yarısının həllinə nail olaq”, - icra hakimiyyətinin əməkdaşı bildirib.

Buna da bax: Bayram yarmarkası... Çoxu narazıdır...

Bayram yarmarkası... Çoxu narazıdır...
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00

XS
SM
MD
LG