Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:52

96 konqresmen Bayden administrasiyasını Bakıya sanksiyalara çağırır


Prezident İlham Əliyev ABŞ Prezidentinin xüsusi nümayəndəsini, Dövlət katibinin köməkçisini və Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib
Prezident İlham Əliyev ABŞ Prezidentinin xüsusi nümayəndəsini, Dövlət katibinin köməkçisini və Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib

ABŞ Senatının və Nümayəndələr Palatasının 96 üzvündən ibarət ikipartiyalı qrupu Qarabağlı bağlı Dövlət katibi Entoni Blinken (Antony Blinken) və Maliyyə naziri Canet Yellenə (Janet Yellen) məktub ünvanlayıblar.

Məktubda Qarabağa "hərbi hücumlar və qəddar blokada" ilə əlaqədar olaraq Azərbaycan hökumətindəki şəxslərə Qlobal Maqnitski Aktı çərçivəsində sanksiyalar tətbiq etmək çağırışı yer alıb.

Məktubda Azərbaycanın ötən ilin dekabrından Laçın dəhlizini bağlamaqla 120 min ermənini hərəkət azadlığı, ərzaq və dərmana çıxışdan məhrum etdiyi qeyd olunur. Ancaq rəsmi Bakı Laçın dəhlizinin humanitar məqsədlər üçün açıq olduğunu deyirdi.

Azərbaycan Xarici İşlər Nazirliyi bu məktuba rəsmi cavab verməyib.

ABŞ monitorinq missiyasının vacibliyini vurğulayır

ABŞ Dövlət Departamenti beynəlxalq monitorinq missiyası ilə bağlı tərəfdaşları və müttəfiqləri ilə işləyəcək. Dövlət Departamentinin sözçüsü Metyu Miller (Matthew Miller) jurnalistlərə deyib ki, Birləşmiş Ştatlar missiya yaradılması yönündə çalışacaq.

Ermənistan hökuməti sentyabrın 24-dən bəri azı 53 min erməninin Qarabağı tərk etdiyini yazır.

Yerevan ötən həftəsonu BMT-dən xahiş edib ki, bölgədə insan haqları və təhlükəsizlik durumunu dəyərləndirmək üçün monitorinq missiyası göndərsin.

Ermənistan və Türkiyənin xarici işlər nazirləri sentyabrın 27-də telefonla regiondakı vəziyyəti müzakirə ediblər. Rusiya və Azərbaycanın xarici işlər nazirləri də telefon söhbətində erməni əhalinin hüquqları və təhlükəsizliyinin təminatı və humanitar yardımı götür-qoy ediblər.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin başçısı (USAID) Samanta Pauerin (Samantha Power) Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə gəlincə, Pauer görüşdə humanitar vəziyyəti, Azərbaycanla Ermənistan arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı sayqı əsasında "davamlı və şərəfli" sülhün perspektivlərini müzakirə etməli idi.

ABŞ nümayəndə heyəti Azərbaycana Ermənistandan gəlib. Pauer səfərdə Vaşinqtonun Yerevanla həmrəyliyini bildirib. O, həmçinin Ermənistana 11.5 milyon dollar humanitar yardım paketi elan edib, ancaq onu da deyib ki, yaralılar, ərzaq və digər gərəkənlərlə bağlı məlumatlar fonunda beynəlxalq ictimaiyyətin Qarabağa çıxış əldə etməsi vacibdir.

İlham Əliyev ABŞ rəsmilərini qəbul edib

Prezident İlham Əliyev sentyabrın 27-də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kim və Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.

Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatına görə, görüşdə Qarabağ bölgəsində "antiterror tədbirləri" nəticəsində yaranmış hazırkı vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Əliyev qeyd edib ki, Azərbaycanın nümayəndələri ilə Qarabağın erməni sakinlərinin təmsilçiləri arasında reinteqrasiya istiqamətində dialoq aparılır.

O əlavə edib ki, rəsmi Bakı ölkədə akkreditə olunmuş BMT-nin Rezident Əlaqələndirici Ofisinin yaxın zamanda Qarabağ bölgəsinə səfərinin təşkilinə hazırdır.

Son hadisələr...

Sentyabrın 19-da rəsmi Bakı Qarabağda "lokal antiterror tədbirləri" başladaraq erməni silahlı qüvvələrinin regiondan çıxarılmasını tələb edib.

Yerevan isə Qarabağda onların hərbi qüvvələrinin olmadığını, regionda "irimiqyaslı təcavüz"ün baş verdiyini bəyan etmişdi.

Sentyabrın 20-də hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunduğu açıqlandı.

Azərbaycanın açıqlamasına əsasən, Rusiyanın vasitəçiliyi ilə tərəflər arasında bölgədə qeyri-qanuni silahlı dəstələrin buraxılacağı razılaşdırılıb.

Bundan sonra Yevlax və Xocalıda Azərbaycanın mərkəzi hakimiyyətinin təmsilçiləri ilə Qarabağın erməni sakinlərinin nümayəndələrinin görüşdüyü, əsasən, humanitar məsələlərin müzakirə edildiyi bildirilib.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər hələ ki sülh müqaviləsi imzalaya bilməyiblər.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG