Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:57

Əliyev Ermənistan ərazisinə girilməsi barədə deyilənləri əsassız sayır


İlham Əliyev Laçın rayonunda (Arxiv fotosu)
İlham Əliyev Laçın rayonunda (Arxiv fotosu)

Azərbaycan prezidenti sentyabrın 21-də Laçın şəhərinə gedib.

“Ermənistan bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində deyib.

Dövlət başçısı çıxışında ötən həftə Ermənistanla sərhəddə baş verən silahlı toqquşmalara da toxunub. Ermənistan həmin hadisələr vaxtı Azərbaycanı öz suveren ərazisinə girməkdə ittiham edib.

“Əgər Ermənistan bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur,” - deyən Əliyev əlavə edib ki, “əgər sərhəd onların dediyi yerdədidisə sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları, mühəndis işlərini quraydılar”. Prezidentin sözlərinə görə, sərhədlər delimitasiya olunmadan heç kəs sərhədin haradan keçdiyini deyə bilməz. O, Azərbaycanın müzakirələrə hazır olduğunu, delimitasiya komissiyalarının - Azərbaycan-Ermənistan komissiyalarının işinə məsuliyyətlə yanaşdığını vurğulayıb.

Ermənistanda valideynlər oğullarının meyitini özləri tapıb basdırır
Gözlə

No media source currently available

0:00 0:14:55 0:00

Prezident deyib ki, bütün xəritələr toplanıb:

“Bir daha demək istəyirəm ki, bütün xəritələr, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir.”

Prezident İlham Əliyevin vurğulamasına görə, “yenə də görürlər ki, Ermənistan sülh istəmir, revanşist fikirlərlə yaşayır”.

Ermənistandan hələlik, Əliyevin bu dediklərinə münasibət bildirilməyib.

Ermənistan Azərbaycanı yeni hücuma hazırlaşmaqda günahlandırır
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

Ötən həftənin itkiləri

Ötən həftə Azərbaycan və Ermənistan sərhədində vəziyyət yenidən gərginləşib. Hər iki tərəfdən hərbi qullqçunun həlak olduğu açıqlanıb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, bu döyüşlərdə onlar tərəfdən ümümuilkdə 80-ə yaxın hərbi qulluqçu həlak olub.

Ermənistan tərəfi isə 200-dən çox hərbçi itirdiklərini açıqlayıb.

Tərəflər atəşkəsin pozulmasına görə, bir-birlərini günahlandırırlar.

Ermənistan rəsmiləri bəyan ediblər ki, Azərbaycan sialhlı qüvvələri onların ərazisinə daxil olub. Azərbaycan isə Ermənistanı təxribatda günahlandırıb.

Sentyabrın 14-dən tərəflər arasında yenidən atəşkəs əldə edildiyi bildirilib.

Blinken Əliyevi qoşunları çıxarmağa çağırıb

Amma sentyabrın 18-də axşam ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevlə danışarkən onu qoşunları çıxrmağa çağırmışdı.

Dövlət Departamentinin yaydığı məlumata görə, Blinken Ermənistanla Azərbaycan arasında son əməliyyatların dayandırılmasını alqışlayıb.

O, Əliyevi “atəşkəsə əməl etməyə, hərbi qüvvələri çıxarmağa, Ermənistanla Azərbaycan arasında bütün mübahisəli məsələləri sülh danışıqları ilə həll etməyə çağırıb”.

Ermənistanın dedikləri…

Ermənistan baş naziri Nikol Paşinyan isə ötən həftə açıqlamalarında Azərbaycanın Ermənistanın irimiqyaslı provokasiyasına cavab verməsilə bağlı bəyanatlarını təkzib etmişdi.

Onun sözlərinə görə, vəziyyət ilk öncə Qarabağ məsələsi üzrə danışıqlar prosesilə əlaqədardır:

“Onlar Ermənistanla Qarabağ məsələsini müzakirə etmək istəmirlər, çünki mövqeləri belədir ki, Qarabağ məsələsi həll olunub, yaxud Azərbaycanı daxili məsələsidir”.

Paşinyanın dediyinə görə, Ermənistan Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanımaqla bağlı təklifini də qəbuledilən sayır.

Onun sözlərinə görə, Ermənistan nəzəri baxımdan bu şərtlərə razılaşsa belə, Azərbaycanın ərazi iddialarının nə qədər uzağa gedəcəyi aydın deyil:

“Bəzən Nrnadzordan başlayır, Zəngəzur, yaxud Sünik vilayətləri ilə davam edir, Ermənistanın paytaxtı Yerevanla bitirirlər. Qeyd edim ki, bu yalnız müsahibə, yaxud bəyanatlar olsaydı, bu haqda danışmamaq olardı. Ancaq bu, Azərbaycanın davamlı siyasətidir”.

Ötən ilin dekabrından tərəflər arasında sülh danışıqlarında vasitəçiliyi Avropa İttifaqı Şurasının prezidenti edirdi.

Avqustda Brüsseldə keçirilən son görüşdə xarici işlər nazirlərinə sülh sazişi layihəsi üzərində işləməklə bağlı tapşırıqların verildiyi açıqlanmışdı.

Ondan əvvəl də hər iki ölkədə sərhədlərin delimitasiyası ilə bağlı komissiyalar da yaradılmış, onların arasında bir neçə dəfə görüş də keçirilmişdi.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Sözü gedən dəhliz Laçın şəhərindən keçdiyinə görə, 2 il əvvəl rayon Azərbaycana təhvil verilsə də, şəhərə yaxın günlərə qədər Rusiya silahlı qüvvələri nəzərət edib.

Hazırda Laçın şəhərindən yan keçən alternativ yol (Qarabağ və Ermənistan arsında) çəkilir.

Həmin işlər Azərbaycan tərəfdə başa çatıb.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG