Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:52

Türkiyəyə Obama da təpindi…


ABŞ prezidenti Türkiyəni özünün Suriya ilə sərhədinin 100 kilometrlik sahəsini bağlamağa çağırıb

ABŞ prezidenti Barack Obama Türkiyəni özünün Suriya ilə sərhədinin 100 kilometrlik sahəsini bağlamağa çağırıb. İki ölkə arasındakı sərhəddə bu sahə hazırda özünü İslam Dövləti adlandıran təşkilatın hər iki tərəfə sərbəst keçə bidliyi ərazidir.

ABŞ mediası yazır ki, Türkiyə ilə Suriya arasındakı 885 kilometrlik sərhədin bütünlüklə bağlanması İŞİD-ə öldürücü zərbə olardı.

Mətbuat yazır ki, İŞİD-in cihadçı ordusunun sıralarını minlərlə əcnəbi ilə doldurulmasında məhz bu sərhədin nəzarətsizliyi həlledici rol oynayıb.

ABŞ Türkiyənin “bəhanələrini” eşitmək istəmir

ABŞ mətbuatının yazdığına görə, Vaşinqton Ankaraya bildirib ki, “bundan sonra onun sərhədin açıq qalan qısa bir hissəsini bağlamaqda aciz olduğuna dair bəhanələrini eşitmək istəmir”.

“Oyun qaydaları dəyişir. Həvəsdir bəsdir! Sərhəd bağlanmalıdır” – deyib Obama administrasiyasının yüksək vəzifəlisi The Wall Street Journal qəzetinə.

Qəzet bildirir ki, bu, inidyədək ABŞ-dan Türkiyəyə verilmiş ən sərt mesajdır.

“Bu, beynəlxalq təhlükədir, bu təhlükə Suriyadan gəlir və Türkiyənin ərazisindən keçərək gəlir” – deyib həmin rəsmi.

Vaşinqton: Oyun qaydaları dəyişir. Həvəsdir bəsdir! Sərhəd bağlanmalıdır. Bu, beynəlxalq təhlükədir, bu təhlükə Suriyadan gəlir və Türkiyənin ərazisindən keçərək gəlir

ABŞ sərhədin bu hissəsinin etibarlı qapadılması üçün lazım olan qoşunun sayını da hesablayıb. Fərat çayı üzərindəki Cərablus şəhərindən Türkiyənin qərbindəki Kilis məntəqəsinədək olan xəttə 30 min əsgəri qüvvə yerləşdirilməlidir.

Amerika mətbuatı yazır ki, hazırda sərhədin Suriya tərəfindəki Tel əl-Əbyad keçid məntəqəsi qısaca YPG kimi tanınan kürd Xalq Müdafiə Birliklərinin nəzarətindədir. Bu məntəqə İŞİD-in özünə paytaxt etdiyi Raqqa şəhərindən 60 kilometrlik məsafədə yerləşir. Türkiyə sərhədin bu hissəsini onu YPG tutmazdan əvvəl açıq qoymuşdu və bundan İŞİD faydalanırdı. İndi türklər də sərhədin özlərinə aid hissəsinə nəzarət edirlər.

Media xəbərlərinə görə, Türkiyə hakimiyyəti əslən Türkiyədən olan və İŞİD-lə döyüşlərdə həlak olmuş kürdlərin cənazələrini belə öz ərazisinə buraxmır.

Mətbuat yazır ki, ABŞ hövsələdən çıxanadək də, Türkiyənin sərhədin bu hissəsini açıq qoyması beynəlxalq tənqidlə üzləşirdi. Bu tənqidlərdə Türkiyənin Nüsra Cəbhəsi və Əhrar əş-Şəm kimi ekstremist islamçı qruplaşmalarla əlbirlıiyi iddia edilirdi.

Bombadan ağır zərbə

Xəbərlərdə deyilir ki, sərhədin bu hissəsində Suriyaya nəinki minlərlə İŞİD səfərbəri keçib, hətta İŞİD-in nəzarətində olan ərazilərdən neft və neft məhsulları Türkiyə bazarlarına buradan çıxarılıb. Hesab edilir ki, İŞİD indiyədək özünü bu pullarla maliyyələşdirir.

Ötən həftə Türkiyə məhkəməsi ölkənin iki tanınmış jurnalistini Ankaranın Suriya qiyamçılarına silah göndərməsini faş etdiklərinə görə həbs edib.

Bu jurnalistləri məhkəməyə şəxsən vermiş prezident Erdoğan israr edirdi ki, silahlar Assad rejiminə qarşı döyüşən türkman etnik azlığının döyüşçüləri üçün nəzərdə tutulmuşdu.

Kürd YPG qüvvələri Türkiyə ilə sərhəddə
Kürd YPG qüvvələri Türkiyə ilə sərhəddə

Təhlilçilər deyirlər ki, Rusiyanın Türkiyəni birbaşa İŞİD-lə müttəfiqlikdə ittiham etməsi ABŞ-ın üzərinə də müəyyən təzyiqlərə səbəb olurdu.

Ankara və Moskva arasında münasibətlər Türkiyə qırıcısı Rusiyanın bombardmançı təyyarəsini Suriya səthədi üzərində vurduqdan sonra son həddə çatıb.

NATO Türkiyəni dəstəkləsə də, Ankaraya Moskva ilə yaranmış qarşıdurmanı ikilikdə çözməyi məsləhət görmüşdü.

ABŞ mətbuatı yazır ki, Türkiyənin sərhədi bağlaması, əslində İŞİD-ə ABŞ, Rusiya, Fransa və gələcəkdə Britaniya bombardmanlarından daha ağır zərbə vura bilər.

Daha bir kürd muxtariyyəti

Kürdlərin YPG qruplaşmaları Suriya sərhədinin bu hissəsini İŞİD-in üzünə bağlayıblar və təşkilatın Kobanidəki başqa bir sərhəd keçid məntəqəsini ələ keçirmək cəhdini dəf ediblər.

Vaşinqton hesab edir ki, Türkiyənin “mötədil” adlandırdığı müxalifətin sıralarına ABŞ-ın “terrorçu” hesab etdiyi qüvvələr də daxildir

Bundan sonra Türkiyə YPG qüvvələrinin daha çox irəliləməsinin qarşısını hərbi qüvvə ilə alacağını bildirib. Ankara sərhədin cənubunda, Suriya ərazisində mühafizə olunan zona yaradılmasını təklif edirdi və guya buradakı “mötədil Suriya müxalifəti” İŞİD-i vurub çıxarmalıydı.

ABŞ bu təklifi rədd edib. Vaşinqton hesab edir ki, Türkiyənin “mötədil” adlandırdığı müxalifətin sıralarına ABŞ-ın “terrorçu” hesab etdiyi qüvvələr də daxildir.

Qərb təhlilçiləri bidlirirlər ki, ABŞ özünün hava zərbələri ilə kürdlərin sərhədin cənub hissəsindəki iki anklavı birləşdirməsinə dəstək verir.

Onlar bunu Türkiyənin cənub sərhədində de facto daha bir kürd muxtariyyətinin yaradılması hesab edirlər.

Rusiyanın siyasi şərhçiləri də rəsmi Moskvanı kürdlərə geniş dəstək verməyə çağrıb.

XS
SM
MD
LG